22 iyun 2021 17:31
1943

Vətəndaşın sağlamlığının qorunması dövlət üçün prioritetdir - Ayaz Hüseynov

Karantin rejimində yumşalmalar ölkəmizdə COVID-19 virusuna qarşı düzgün mübarizə strategiyası həyata keçirildiyini göstərir

“İyunun 16-da İslam Əməkdaşlıq təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda 2-ci zirvə toplantısı keçirilmişdir. Zirvə toplantısında cənab Prezident İlham Əliyev çıxış edərək vacib məqamlara toxunmuşdur. Bunlardan biri də Azərbaycanda COVID-19 virusuna qarşı aparılan mübarizə ilə bağlı olmuşdur.”

Bu sözləri “Hemofiliyalı Xəstələr” İctimai Birliyinin sədri Ayaz Hüseynov “İki sahil”ə açıqlamasında deyib.

A.Hüseynov bildirib ki, Azərbaycan COVID-19 virusu ilə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon ABŞ dolları ianə vermişdir: “Ən əsası da cənab Prezident virusa qarşı peyvəndlənmənin dünyada qeyri-rassional bölünməsi haqqında öz fikrini bildirərək mövcud vəziyyəti qınadı. Əfsuslar olsun ki, mövcud peyvənd dozalarının alınmasının 82 faizi varlı, 0,3 faizi isə az gəlirli ölkələrin payına düşür. Bu isə həmin dövlətlərdə yaşayan insanların həyatını risk altında saxlayır.”

İctimai Birliyin sədri qeyd edib ki, ölkəmizə cənab Prezidentin təşəbbüsü ilə inşa olunan ən böyük xəstəxanalarından biri olan "Yeni Klinika" fəaliyyətə başlamışdır: “Bundan başqa modul tipli xəstəxanalar fəaliyyət göstərir. Yeni xəstəxanalar müasir standartlara cavab verən infrastruktura malikdir və ən müasir  avadanlıqla təchiz edilmişdir. Pandemiya başa çatana qədər bu xəstəxanalarda yalnız koronavirus xəstələri müalicə alacaqlar. Bu xəstəxanalar koronavirusa qarşı mübarizədə mühüm rol oynayır. Koronavirusla mübarizədə tələbat tam şəkildə təmin edilir. Bu gün koronavirus xəstələri bölgələrimiz də daxil olmaqla bir neçə xəstəxanada yerləşdirilir. Həkimlərin peşəkarlığı, xüsusilə həkimlərin gənc nəslinin bilik və bacarıqları, yüksək  dərəcədə artmışdır. Bunun üçün dövlət tərəfindən  həkimlərin təlimi, onların peşəkarlığının artırılması sahəsində böyük işlər görülür.”

Həmsöhbətimiz bildirib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə təmas yaratmış və təcrübə mübadiləsi üçün xarici mütəxəssisləri ölkəmizə dəvət etmiş birinci ölkələrdəndir: “Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşları vəziyyətlə tanış olmuş və Azərbaycanda görülən işlərə yüksək qiymət vermişlər.”

İB sədri qeyd edib ki, hazırda dünyada baş verən vaksin dozalarının qeyri-bərabər paylanması fonunda ölkəmizin kifayət qədər vaksin əldə etməsi dövlətimizin böyük uğurudur: “Bu uğurun arxasında cənab Prezidentin beynəlxalq aləmdə yüksək nüfuza malik olması və həyata keçirdiyi uğurlu siyasət dayanır.”

Bir çox ölkələrdə vaksinasiya yalnız 50 yaşdan yuxarı şəxslərə şamil edildiyi halda,  Azərbaycanda bu prosesin 18 yaşdan yuxarı şəxslərə aid edilməsi vətəndaşların sağlamlığının dövlət üçün prioritet olduğunu təsdiqləyir. A.Hüseynov qeyd  edib ki, hazırda ölkəmizdə 3 milyon dozadan çox vaksin vurulub: “Görülən işlərin nəticəsində yoluxma sayında azalma müşahidə edirik ki, bu da karantin rejimində yumşalmalarla nəticələnir. Bu isə ölkəmizdə COVID-19 virusuna qarşı düzgün mübarizə strategiyası həyata keçirildiyini göstərir"

Həmsöhbətimiz son olaraq gələn aydan etibarən müəyyən şərtlər çərçivəsində toylara icazə verilməsi məsələsinə də toxunaraq bildirdi ki, mütləq şəkildə qaydalara əməl etməliyik: "Əvvəlki həyatımıza qayıtmaq üçün qaydalara əməl etməli, sosial məsafə saxlamalı, qapalı məkanlarda maskadan istifadə etməli, ən əsası vaksinasiya olunmalıyıq".

Röya Rasimqızı, “İki sahil”