24 iyun 2021 10:48
729

Uelsli azarkeş: Kaş Bakıda qalaydım

AVRO-2020-nin 1/8 final mərhələsində Danimarka ilə Amsterdamda qarşılaşacaq Uels yığmasının azarkeşləri ciddi problemlə üzləşib.

“İki sahil” xəbər verir ki,  Bakıdan Moskvaya, oradan isə görüşün baş tutacağı şəhərə yollanan britaniyalı fanatlar Amsterdam Hava Limanından geri qaytarılırlar.

Niderland hökuməti danimarkalılardan fərqli, Avropa Birliyinə daxil olmayan Uels vətəndaşlarının Amsterdama buraxılmasına icazə vermir. Səyahət edənlər də Niderland hökumətini oyun üçün ölkəyə kimin gedə biləcəyi, kimin gedə bilməyəcəyi barədə dəqiq məlumat verməməkdə günahlandırıb.

Uelsin Bakıdakı matçlarını izləyən azarkeşlərdən Ceymi Şipp deyib ki, qərarın bu cür olduğunu öncədən bilsəydi, Azərbaycanda qalardı: “Yoluxma riskinin nisbətən az olduğu bir yerdən gəldiyim üçün içəri girməyə icazə veriləcəyini düşünürdüm. Amma Amsterdamdakı hava limanında təhlükəsizlik pasportuma baxıb, İngiltərə vətəndaşı olduğumu gördülər və sonra məni içəri buraxmayacaqlarını anladım. Kaş Bakıda qalaydım. Çünki komandamız Danimarkanı məğlub etsə, 1/4 finalda yenidən Bakıda matç izləmə şansım olacaqdı”.

Digər uelsli Hyuel Lovqrin digər təşkilatçı ölkələrə Azərbaycanı nümunə göstərib: “Bakıda koronavirusa qarşı yüksək tədbirlər alınıb. Bakıdakı təcrübəmiz fantastik və təhlükəsiz idi. Bundan fərqli, bir neçə minlik insanı niyə Amsterdama buraxa bilmədiklərini başa düşə bilmirəm. Bakıda yalnız oyun biletlərimizi göstərməklə və neqativ olan test cavabı almaqla təyyarədən düşə bilirik. Bu nümunənin başqa ölkələrdə niyə fərqli olduğunu anlamıram”.

Qeyd edək ki, Uels – Danimarka görüşü iyunun 26-da keçiriləcək.