24 iyun 2021 14:01
370

“Urartuluların Cənubi Qafqaz siyasəti”monoqrafiyasının təqdimatı keçirilib.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin böyük laborantı Elmar Baxşəliyevin “Urartuluların Cənubi Qafqaz siyasəti” (Urartuların Güney Kafkasya politikası) monoqrafiyasının təqdimatı keçirilib.

AMEA Naxçıvan bölməsindən "İki sahil"ə verilən məlumat görə, tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli açıb. Yeni nəşr olunmuş əsərdə tədqiq olunan mövzular və əldə olunan elmi nəticələri yığcam şərh edən alim monoqrafiyanın tarix elmi üçün əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində Türkiyə türkcəsində nəfis tərtibatda nəşr olunan kitabın ərsəyə gəlməsində 300-dən artıq elmi mənbədən istifadə edilib.

Daha sonra AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev monoqrafiya haqqında məruzə edib. Alim bildirib ki, əsər Atatürk Universiteti Türkiyat Araşdırmaları İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunub. Ön söz, giriş, üç fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısı və fotoşəkillərdən ibarət albomun yer aldığı monoqrafiya Cənubi Qafqazın tarixi coğrafiyası, eləcə də Urartu dövlətinin yaranması, inkişafı və xarici siyasətində Cənub Qafqaz mövzuları araşdırılmışdır. Müəllif Cənubi Qafqazın təbii coğrafi şəraitini  tədqiq edərək göstərir ki, urartuluların adıçəkilən ərazilərə işğalçılıq siyasəti bölgənin təbii sərvətlərindən istifadə məqsədi daşımışdır. Həmin işğalçı-hərbi səfərlər zamanı Araz vadisinin indiki Ermənistan ərazisindəki torpaqlar Urartu dövlətinin nəzarətinə keçmiş, burada Erebuni, Teyşeibaini və Argiştixinili kimi üç böyük şəhər inşa edilmişdir. Guriania və Kulhaya (indiki Gürcüstan) təşkil edilən səfərlərlə bağlı Urartu kitabələrindəki məlumatlara əsaslanan gənc tədqiqatçı işğalçıların bu şəhərlərdən Cənubi Qafqazın digər bölgələrinə talançı basqınlar etdiyi və yerli əhalinin inadlı müqaviməti ilə qarşılaşdığı qənaətindədir. Əsərdə Cənubi Qafqazın bəzi xalqlarının, o cümlədən etiunilərin xərac ödəməklə öz müstəqilliklərini qoruduqları göstərilir. Bildirilir ki, Naxçıvanın şimalındakı Sisian kitabəsi də etiuni tayfaları ilə müqavilə bağlandığına və bölgənin nəzarət altında olduğuna dəlalət edir.

Aparılan araştırmalar Naxçıvanın urartululara qarşı sərt müqavimət göstərdiyini, Oğlanqalanın Şərur bölgəsini əhatə edən kiçik bir krallığın mərkəzi olduğunu və urartuların heç bir zaman Naxçıvanı işğal etmədiyini təsdiqləyir. Mərkəzi Oğlanqala olan Naxçıvan tayfalarının xarici işğalçılara qarşı mübarizəsində skiflərin və Göyçə gölü ətrafında urartululara qarşı ittifaq yaradan etiuni qəbilə birliyinin mühüm rolu vurğulanır. Gənc tədqiqatçı əsərində türk tayfalarının e.ə. V-III minilliklərdən Yaxın Şərqdə yaşadığına və urartuluların mədəni mirasının türklərə məxsus olduğuna diqqət çəkir.

Tədbirdə Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov çıxış edərək təqdim olunan monoqrafiyanın Azərbaycan tarixşünaslığında çox maraqlı bir mövzuya həsr olunduğunu söyləyib. Monoqrafiyada Urartu kitabələrində adı çəkilən Kuha-Albani, Etiuni, Aza və başqa yer adlarının etimologiyası, yerləşdikləri tarixi ərazilər haqqında ətraflı məlumatların əks olunmasını, bəzi tarixi abidələrin rəngli fotoşəkilləri və qrafik təsvirlərinin verilməsini yüksək qiymətləndirib. Vurğulanıb ki, əsərin ərsəyə gəlməsində çoxsaylı arxeoloji materiallardan istifadə edilməsi tədqiqatçının əsas uğurudur.

Sonda müəllif Elmar Baxşəliyev çıxış edərək gənc tədqiqatçılar üçün yaradılan hərtərəfli şəraitdən söz açıb. Göstərilən diqqət və qayğının  gənclərə böyük stimul verdiyini bildirib, təqdimat iştirakçılarına minnətdarlıq ifadə edib.