13 may 2026 16:30
173

SOCAR, “Uzbekneftegaz” və bp arasında enerji əməkdaşlığı müzakirə olunub - FOTO

SOCAR-ın prezidenti Rövşən Nəcəf rəsmi “X” səhifəsində Özbəkistanda keçirilən görüşlə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda bildirilib ki, Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamakhmudov, bp-nin yeraltı işlər üzrə baş vitse-prezidenti Ariel Flores, eləcə də şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Giovanni Cristofoli ilə səmərəli görüş keçirilib.

Qeyd olunub ki, görüş zamanı SOCAR ilə “Uzbekneftegaz” arasında davam edən əməkdaşlıq, o cümlədən Ustyurt layihəsinin icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, layihənin həyata keçirilməsi Azərbaycan və Özbəkistan prezidentlərinin müəyyənləşdirdiyi strateji baxış və tapşırıqları əks etdirməklə yanaşı, iki ölkə arasında inkişaf edən strateji tərəfdaşlığın ruhunu nümayiş etdirir.

Paylaşımda, həmçinin regional enerji əməkdaşlığının inkişafı baxımından davamlı dialoq və koordinasiyanın əhəmiyyəti diqqətə çatdırılıb.

Rövşən Nəcəf bp-nin bu əməkdaşlıq çərçivəsində iştirakının uzunmüddətli regional tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.