24 iyun 2021 14:03
684

Vüqar Hüseynov: Taxıl sahələrinin yarıdan çoxu biçilib, məhsul bol olacaq

Taxıl sahələrinin yarıdan çoxu biçilib, məhsuldarlıq ötən ilə nisbətən xeyli çox olacaq.

Bu barədə "İki sahil"ə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda respublikada taxıl biçini davam edir: "İyunun 24-nə olan operativ məlumata görə, artıq 578250 hektar sahədə biçin başa çatıb. Sahələrdən 1832176 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,7 sentner təşkil edir. Bugünədək 321086 ha sahədə arpa, 257164 ha sahədə buğda biçini aparılıb. Sahələrdən 993115 ton arpa, 839061 ton buğda yığılıb. Biçin prosesində 1720 kombayn iştirak edir. Bunlardan 977 kombayn fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. Biçin zonasında “Aqroservis” ASC-nin rayon bölmələrində olan 495 kombayn iştirak edir, “Aqroservis” tərəfindən aktv biçin gedən rayonlara digər bölgələrdən 248 kombayn dislokasiya edilib. İndiyədək “Aqroservis” ASC-nin kombaynları ilə 179315 ha, özəl kombaynlar ilə isə 398935 ha sahə biçilib".