24 iyun 2021 17:23
450

Milli Məclisin Sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

Bu gün Milli Məclisin Sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzaini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, S. Qafarova görüşdə ölkəmizin BMT-nin bir çox təsisatları ilə sıx əlaqələr qurduğunu və uğurlu əməkdaşlıq həyata keçirdiyini, paytaxt Bakının BMT-nin bir neçə mühüm tədbirinə ev sahibliyi etdiyini, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi iclasının keçirildiyini qeyd edib.

Milli Məclisin Sədri Qulam İsakzainin Azərbaycan üçün çox əhəmiyyətli və tarixi bir dövrdə ölkəmizdə fəaliyyət göstərdiyini bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Azərbaycanda fəaliyyəti dövründə ona göstərilən dəstəyə və yaradılan şəraitə görə təşəkkürünü ifadə edərək, bu illər ərzində təşkilatla Azərbaycanın müvafiq qurumları arasında məhsuldar əməkdaşlıq həyata keçirildiyini qeyd edib. O, son illərdə BMT-nin müvafiq proqramları çərçivəsində baş tutan tədbirlərdən danışıb.

Milli Məclisin Sədri Qulam İsakzainin Azərbaycandakı uğurlu fəaliyyətini, BMT və Azərbaycan arasındakı əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.