Ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur və onların ailə üzvlərinə qayğı ilə yanaşılır. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün rayon və şəhərlərimizdə onların adlarını daşıyan abidələrin ucaldılması, bulaqların tikilməsi bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.
İyulun 1-də Abşeron rayonunun Masazır qəsəbəsində Vətən müharibəsi şəhidi Həmidzadə Hüseyn Akif oğlunun adını daşıyan bulağın açılış mərasimi olub. Bulaq şəhidin yaşadığı evin qarşısında istifadəyə verilib.
Tədbirdə Abşeron və Cəbrayıl rayonlarının İcra Hakimiyyəti nümayəndələri, Milli Məclisin deputatları, şəhidin doğmaları, müəllimləri, sakinlər iştirak ediblər.
Əvvəlcə tədbirdə Dövlət himnimiz səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev çıxış edərək bildirib ki, şəhid Hüseyn Həmidzadə torpaqlarımızın azadlığı uğrunda son damla qanına kimi vuruşaraq qəhrəmancasına şəhid olub: “Şəhidlər qanları, canları ilə xalqımıza Qələbə sevincini yaşatdılar. Bizlər onlara hər zaman borcluyuq. Şəhidlər hər zaman xalqımızın qəlbində yaşayacaqdır. Azərbaycanda şəhid ailələrinə, eləcə də Qarabağ qazilərinə diqqət, qayğı bütövlükdə sosial siyasətin prioritet istiqamətlərindən biridir. Şəhid ailələrinin, eləcə də Qarabağ qazilərinin sosial təminatının daha da gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən müvafiq Fərman və sərəncamlar imzalanıb, aidiyyəti qurumlara tapşırıqlar verilib və bu istiqamətdə işlər daha da genişləndirilir.”
Milli Məclisin deputatları Əli Məsimli, Ceyhun Məmmədov çıxış edərək Vətən müharibəsində Qələbəmizi şərtləndirən əsas amillərdən danışıblar. Qeyd ediblər ki, döyüşlərdə mənfur düşmənə ağır zərbə vuran, layiqli dərs verən şəhidlərimiz qəhrəmanlıq salnaməsi yazmaqla Vətənin bölünməzliyinə imza atıblar. Onlar bildiriblər ki, minlərlə könüllü gəncimiz silaha sarılaraq müzəffər Ali Baş Komandan İlham Əliyevin döyüş tapşırıqlarını yüksək səviyyədə icra edib, tarixi torpaqlarımız tez bir zamanda yağı düşməndən azad edilib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti, güclü iradəsi və düzgün qərarları sayəsində 30 illik Vətən həsrətinə son qoyulduğunu vurğulayan deputatlar şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Məhərrəm Abdulov söyləyib ki, torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır: “Ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhid adlarının əbədiləşdirilməsi üçün böyük işlər görülür. Belə ki, Abşeron rayonunda küçəyə şəhid Hüseyn Həmidzadənin adı verilib. Artıq Hüseynin ruhu şaddır. Çünki uğrunda canını verdiyi yurd yerlərimiz azaddır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
Daha sonra şəhidin valideynləri Akif və Rəhilə Həmidzadələr çıxış edərək Allahdan bütün şəhidlərə rəhmət diləyiblər. Onlar Hüseynin döyüş yolundan danışaraq qeyd ediblər ki, hər bir şəhid valideyni başını uca tutmalıdır: “Çünki onlar Vətən üçün canından keçən oğullar böyüdüblər. Bu gün dövlətimiz şəhidlərin adlarını yaşadır, onların ailələrinə böyük qayğı göstərir. Vətən sağ olsun. Hüseyn Həmidzadə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bu, çox qürurverici və sevindirici bir hissdir. Buna görə Ali Baş Komandan İlham Əliyevə ailəmiz adından dərin təşəkkürümüzü bildiririk.”
Sonda Hüseyn Həmidzadənin sinif rəhbəri olmuş Xırdalan şəhəri 1 saylı tam orta məktəbin müəllimi Nigar Qurbanova çıxış edərək şəhidlə bağlı xatirələrindən danışıb. Bildirib ki, Hüseyn çox tərbiyəli, vətənpərvər, cəsur bir gənc olub: “Şəhidimizlə hər zaman fəxr edəcəyik. Onun döyüş yolu, göstərdiyi şücaət hər bir Azərbaycan gənci üçün örnəkdir. Hüseynə Allahdan rəhmət, valideynlərinə səbr diləyirəm. Şəhidlərimiz bizim qürur yerimizdir. Məktəbimizdə sinif otaqlarına şəhidlərimizin adları verilib. Onların arasında məktəbimizin məzunları, o cümlədən Hüseyn Həmidzadə də var. Şəhidlərimizin ruhu qarşısında baş əyirik!”
Çıxışlardan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin rəisi polkovnik-leytenant Anar Rəhimov “Vətənə xidmətə görə” ordenini şəhidin atasına təqdim edib.
Sonda bulağın rəmzi açılışını bildirən qırmızı lent kəsilib və ağ örpək götürülüb, önünə tər çiçək dəstələri düzülüb.
Qeyd edək ki, Həmidzadə Hüseyn Akif oğlu 1995-ci il oktyabr ayının 15-də Bakı şəhərində anadan olub. 2013-cü ildə Xırdalan şəhəri 1 saylı tam orta məktəbi bitirib. 2014-2018-ci illərdə Kooperasiya Universitetində ali təhsil alıb. Daha sonra həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi zamanı könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinə yazılaraq, qısa müddət ərzində ön cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad edilməsində qəhrəmanlıq göstərib. 25 oktyabrda Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı ağır yaralanan Hüseyn noyabrın 1-də şəhidlik zirvəsinə ucalıb. Şəki rayonunun Oxut kənd məzarlığında dəfn olunub.
Cavid Əkbərov,
Nurlan Məlikzadə (foto),
“İki sahil”