08 iyul 2021 10:08
678

Vətən sevgisinin ilahi qüdrəti

Vətən müharibəsində  əzəli  yurd yerimiz olan, 30 il düşmən əsarətinə düşən Qarabağın azadlığı  uğrunda canını qurban verən  Mirzəhəsən Şahin oğlu Əlizadənin adı doğulub boya-başa çatdığı Astarada böyük iftixar, qürur hissi ilə çəkilir. Ona görə ki, Mirzəhəsən  övladı olduğu doğma  Azərbaycan  üçün  yaşadı, çox  ləyaqətli,  unudulmaz   bir ömür yolu keçdi. Ürəyində xalqına, Vətəninə odlu məhəbbət yaşatmaqla və son nəfəsdə   doğma torpağının şərəfini qorumaqla 28 yaşında şəhidlik zirvəsinə ucaldı. Xalq öz qəhrəman oğlunu qəlbində yaşatmaqla, dövlət də onu “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medallara layiq gördü.

 Mirzəhəsən müstəqil həyata qədəm qoyanda millət, yurd, Vətən sevgisini  hər şeydən əziz bilir.  Bu sevginin qanadlarında ömrünü yasamdan ötrü müqəddəs əməllərə tapınmaqla dünyanın gözəl işlərinə can atır. Elə Astara  Pedaqoji Kollecinin “Fiziki tərbiyə və İdman müəllimi” şöbəsinə daxil olmağı da xalqına daha çox  fayda vermək idi.

 2009-cu ildə  Mirzəhəsəni  ordu sıralarına çağırırlar.  Vətənsevərliyi, qeyrəti, saflığı ilk gündən  özünü göstərir.   Xidmət etdiyi hərbi hissədə üzərinə düşən  hər bir tapşırığın məsuliyyətini  yaxşı bilir, onu layiqincə yerinə yetirir.  Öz nümunəvi xidməti  ilə əsgər yoldaşlarına bir daha sübut edir ki, Vətəni  necə sevərlər, torpağı  necə qoruyarlar. Qarabağın düşmən tapdağına çevrilməsini heç cür qeyrətinə sığışdıra bilmir.  Buna görə əsgərliyi başa vurub müddətdən  artıq  xidmətə başlayır.

 Qarabağ müharibəsi başlanan gündən Mirzəhəsən  Vətəni  qanı bahasına yaşadan qeyrətli oğulların birincisi olur.  Murdar niyyətli erməni dığalarına  qarşı amansız olacağına, hər qarış torpaq uğrunda son nəfəsə qədər döyüşəcəyinə and içib  müharibə meydanına atılır. “Həmlə” taborun tərkibində  Füzulinin, Cəbrayılın, Qubadlının  azad olmasında sözün həqiqi mənasında düşmənə qan qusdurur,  ürəyincə qisasını ala bilir.  Şiddətli  döyüşlər zamanı   Mirzəhəsən  şəxsi rəşadət göstərməklə dığaların belini qırır. Yaxşı döyüşməklə bərabər, həm də həyatını təhlükəyə atıb yaralı yoldaşlarını çiynində  müharibə meydanından çıxardır.

Mirzəhəsən  Zəngilan  uğrunda gedən  ağır  ölüm-dirim   savaşında düşmənin qəfil gülləsinə tuş gəlir. Beləcə  Vətən sevgisindən daha bir igidin  nəsibi  müqəddəs  şəhidlik zirvəsindən boylanan səadəti olur.  Bununla da Mirzəhəsən  zaman-zaman mənən var olmaq xoşbəxtliyinə  qovuşur.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü