Çirkli, haram pulların yuyulması mexanizmini sosial şəbəkələrdə Azərbaycan əleyhinə təxribatları ilə davam etdirən antimilli şəbəkə onları yemləyənlərə «bəçeşm» deyir
Bəzi bölgələrdə el arasında belə bir ifadə işlədilir: «Zəmbərək dəvəsi.» Açması da odur ki, ətrafda nə baş verir versin, dünya dağılsın arxayın dəvə gəvələməyinə davam edir, heç tükü də tərpənmir. Radikal müxalifətin hadisələrə yanaşma tərzi həmin dəvələrin zəmbərək tavrına bənzəyir. Birinci ildönümünü qeyd etdiyimiz Tovuz hadisələrindən başlayaraq 44 gün davam edən Vətən müharibəsindəki döyüşlərdə Milli Ordumuzun apardığı uğurlu əməliyyatlardan «xəbərsiz olan», atılan topların səsindən belə ayılmayan, torpaqlarımızın azad olunmasına sevinməyən radikallar, onların törəməsi olan «beşinci kolon»un tör-töküntüləri əksinə çox üzüldülər. Çünki qalib Azərbaycan, məğlub isə onların qrant mənbəyi Ermənistan idi.
Amma bir müddətdən sonra səsləri çıxdı. Amma, necə? Başladılar torpaqlarımızı 30 illik işğaldan azad edən Milli Ordumuzun Zəfərinə kölgə salmağa. Gündəmdə qalmaq naminə daim bəhrələndikləri «manipulyasiya» metodlarına əl atan, ənənələrinə uyğun təxribat maşınlarını işə salan «Milli Şura»nın, «beşinci kolon»un aparıcı simalarından olan Qənimət Zahid, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı və ətraflarındakılar virtual platformalarda, özlərinin yaratdıqları sosial şəbəkələrdə yağışdan sonra görünən göbələklər kimi baş qaldıraraq eybəcərliklərini göstərdilər. Vətən müharibəsindəki Qələbəmizə qara yaxan bu naxələflərin erməni havadarlarını arxada qoyaraq Milli Ordumuzun döyüş bacarığını, şücaətini kiçiltmək üçün söyləmədikləri böhtanlar, uydurmadıqları yalanlar qalmadı. Ermənistan siyasətçilərinin 10 noyabr Bəyanatını, kapitulyasiya aktının imzalanmasını məğlubiyyətləri kimi qəbul etmələrinə baxmayaraq bizim «millilərimiz» Azərbaycanın Zəfərinə kölgə salmaq üçün dəridən, qabıqdan çıxırlar.
Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Qənimət Zahidin məsələ ilə bağlı internet televiziyalarında daha çox fəallıq göstərməsi, reallıqları təhrif etmələri Qriqoryan kilsəsindən daha çox dollar qoparmaq naminə etdiyi gedişlərdir. Özlərini siyasətçi hesab etdikləri gündən ictimai etimad qazanmadıqları üçün populist vədlərlə gündəmdə qalmağa çalışan, iğtişaş və aksiya həvəskarları olan bu şarlatanlar heç vaxt xalq naminə bir addım belə atmayıblar. Əksinə, Azərbaycan haqqında deyilən xoş sözlərə kölgə salmaq üçün qara piarlarını, təxribatlarını gücləndirməklə xəyanətləri müqabilində alacaqları haram pulları düşünürlər. «Əbədi məğlublar» adını qazansalar belə illərdən bəri sadiq qaldıqları «Xalqa nə qədər pisdirsə, bizə o qədər yaxşıdır» prinsipini hələ də davam etdirənlər onları şirnikləndirənlərin əmrlərini yerinə yetirməkdə israrlıdırlar. Çünki yemləri bu əmrləri verənlərdən gəlir.
Praqmatik və rasional düşüncəli Prezident İlham Əliyevin illərdən bəri apardığı uğurlu siyasətin kölgəsində itib- batsalar belə çamurdan baş qaldıran antiAzərbaycan şəbəkənin tör- töküntüləri hələ də uğurlarımıza qara pərdə arxasından baxırlar. Dəfələrlə düşərgədə baş verən « yarpaq tökümü» ilə rastlaşsalar da, sosial bazalarından məhrum olsalar da aldıqları qrantlar hesabına yaratdıqları trolları şəbəkələrinə daxil edən Qənimət Zahid, Sevinc Osmanqızı, Qurban Məmmədov, Vidadi İsgəndərli və digər şəbəkə mənsubları ölkəmizə düşmən mövqelərini yalanları ilə bildirməkdə davam edirlər. Qanunsuz aksiyalar keçirməklə aldıqları çirkli pulların yuyulması mexanizmini indi sosial şəbəkələrdə Azərbaycan əleyhinə təxribatları ilə davam etdirən bu satqınlar Ermənistanda yaranan dözülməz vəziyyəti görmürlər, yaxud görmək istəmirlər. Çünki özləri üçün pul kisəsi hesab etdikləri havadarları, erməni dayıları belə məsləhət görürlər.
Ölkəmizdə illərdən bəri aparılan siyasi, iqtisadi, sosial, demokratik islahatları, əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davam etdirilən və xalq tərəfindən dəstəklənən siyasəti görməzdən gələn, pandemiya dövründə belə inkişaf etmiş ölkələrdən fərqli olaraq insanları üzləşdikləri çətinlikdən qurtarmaq üçün həyata keçirilən sosial islahatlar paketində nəzərdə tutulan güzəştləri, sahibkarlara, aztəminatlı ailələrə edilən yardımları etiraf etməkdən çəkinən Sevinc Osmanqızının üzdəniraq internet televiziyasında olmayan bahalanmanı bəhanə gətirərək Azərbaycana qarşı qarayaxma kampaniyası aparması gülüncdür. Pandemiya dövründə ən qüdrətli ölkələrin üzləşdikləri iqtisadi çətinlik beynəlxalq hesabatlarda yer alıb. İkinci Qarabağ müharibəsini uğurla başa vuran, müxtəlif ölkələrdən ən müasir silah-sursat almaq üçün milyardlarla vəsait sərf edən, hazırda işğal edilmiş ərazilərdə aparılan quruculuq- abadlıq işlərinin, infrastruktur layhələrinin tətbiqi üçün milyonlar sərf edən Azərbaycan haqqında «iqtisadi böhran» ifadəsini işlətmək, yalan söyləmək səviyyəsizlik. mənəviyyatsızlıqdır.
Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə səfər edən, gördükləri mənzərələrdən, erməni vəhşiliyindən dəhşətə gəldiklərini etiraf edən xarici jurnalistlərdən, diplomatik korpus nümayəndələrindən fərqli olaraq bir dəfə də olsun işğalçı dövlətin torpaqlarımızda törətdikləri dağıntılar barədə söz açmamaları, susmaları erməni təfəkküründən qaynaqlanan xəyanətdir. Müharibədə ölən əsgərlərini, yaralılarını döyüş meydanında qoyub qaçan məğlub Ermənistandan fərqli olaraq Azərbaycanda torpaqlarımız uğrunda canlarından keçən şəhidlərin xatirələri ehtiramla anılır, onların ailələrinin sosial, mənzil- məişət problemlərinin həlli üçün davamlı layihələr həyata keçirilir. Şüurları kimi mənəviyyatları da erməniləşən, zombiləşən Qənimət Zahidin, Sevinc Osmanqızının gözləri o qədər kor olub ki, iqtisadi, sosial böhran bataqlığında çabalayan Ermənistandakı səfalətlə Azərbaycandakı intibahı belə görə bilmir, müqayisə aparmağa xəyanətləri yol vermir.
Yazının əvvəlində işlədilən «zəmbərək dəvəsi» ifadəsinin nə səbəbə bu xəyanətkarlara aid olmasına aydınlıq gətirdik. Artıq təcrübəli bir sarvan lazımdır ki, qəflətdə yatan bu zəmbərəklərin buruntaqlarını tərpədib, milli mənsubiyyətlərini yada salsın. Susan, xəyanətə bulaşmış vicdanları oyansın və desin: Elə cinayət var ki, bağışlanmır, bu Vətənə xəyanətdir. Vətəninə aid olmayan insanlığa da yaddır.
Xuraman İsmayılqızı, «İki sahil»