17 iyul 2021 16:34
1349

SOCAR prezidenti neftçiləri təbrik edib 

SOCAR prezidenti Rövnəq Abdullayevin Qurban bayramı münasibəti ilə neftçilərə təbriki 

Əziz neftçilər!

Sizi dünya müsəlmanlarının əziz və müqəddəs Qurban bayramı münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, könül xoşluğu, işlərinizdə uğurlar arzulayıram.                                                                                      

Qurban bayramı Uca Allahın lütf ilə insanlara bəxş etdiyi ən gözəl dəyərlərin –   mərhəmət və şəfqətin, sülhün və əmin-amanlığın, dostluq və qardaşlığın təcəssümüdür. Bu müqəddəs bayramın könüllərə gətirdiyi sevinc və fərəh insanları bir-birinə yaxınlaşdırır, ictimai həyatda humanizm, milli birlik, bütövlük və xeyirxahlıq əhval-ruhiyyəsinin daha geniş yayılmasına rəvac verir. Qurban bayramı bəşər övladının nəcabət rəmzidir. Bütün İslam dünyası cəmiyyətin mənəvi dayaqlarını daha da möhkəmləndirən, həmrəylik və tolerantlıq, şəfqət və mərhəmət duyğularını gücləndirən bu əziz bayram günlərində doğmalarını, yaxınlarını yad edir, yoxsullara əl tutur, sosial cəhətdən yardıma ehtiyacı olan qonşularını sevindirir, insanlar yüksək əxlaqi ideyalar ətrafında daha sıx birləşir. Milli-mənəvi və dini dəyərlərinə daim böyük hörmət və diqqətlə yanaşan Azərbaycan xalqı tarixinin ən çətin dövrlərində belə bu əziz bayramı böyük ruh yüksəkliyi ilə qeyd etmiş, onun aşıladığı mədəni dəyərləri, yüksək amalları, adət-ənənələri yaşadaraq, yaddaş xəzinəsində qoruyub saxlamış, ən qiymətli miras kimi nəsildən-nəslə ötürmüşdür. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu öndərimiz Heydər Əliyev Qurban bayramının dövlət səviyyəsində rəsmən qeyd olunmasını təmin etməklə, xalqımızın bu istəyini də gerçəkliyə çevirmişdir. Azərbaycan xalqı hər il bu əziz gündə müasir Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini dərin hörmət və ehtiramla yad edir. Vətənimizin ərazi bütövlüyü, sərhədlərimizin toxunulmazlığı, Qarabağ torpaqlarının işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimiz bu günlər böyük fəxrlə anılır, hər yerdə xalqımızın və dövlətimizin rifahı, əmin-amanlığı üçün dualar edilir. 

Bu il müqəddəs Qurban bayramı ölkəmizdə ikiqat sevinc və qürur hissi ilə qeyd olunur. Uzun illərdən sonra ilk dəfə bu mübarək gündə doğma Qarabağımızda qurbanlar kəsiləcək və xalqımız bütün məscidlərdə möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik və qətiyyətli komandanlığı altında rəşadətli Milli Ordumuzun düşmən üzərində qazandığı Böyük Zəfərə görə Uca Allaha şükr edəcəkdir. Milli birlik və bütövlüyünün sarsılmazlığını artıq bütün dünyaya sübut etmiş Azərbaycan xalqı bu gün öz qədim tarixinin ən xoşbəxt çağlarını yaşayır. Xalqımız Ulu öndər Heydər Əliyev tərəfindən etibarlı təməlləri qoyulan və Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənablarının qətiyyətli liderliyi altında uğurla davam edən Zəfər yolu ilə daha xoş gələcəyə doğru inamla addımlayır. Ərazi bütövlüyünü bərpa etmiş azad və müstəqil dövlətimiz hüquqi və demokratik prinsiplər əsasında dünya birliyinə müvəffəqiyyətlə inteqrasiya etmiş, əldə olunmuş misilsiz siyasi-iqtisadi, sosial-mədəni nailiyyətlərlə xalqın rifah halını, Vətənimizin qüdrətini gündən-günə artıraraq, beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirmişdir.

Ölkəmizin davamlı yüksəlişinə, xalqımızın maddi rifah halının durmadan yaxşılaşmasına xidmət edən taleyüklü enerji layihələrinin uğurla həyata keçirilməsində Azərbaycan neftçilərinin fədakar əməyi mühüm yer tutur. Bu gün respublikamız bütün dünyada etibarlı neft və qaz istehsalçısı və ixracatçısı kimi tanınır, Avrasiyada enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Şirkətimiz fəaliyyət coğrafiyasını ilbəil genişləndirərək aparıcı neft-qaz şirkətləri arasında layiqli mövqeyə yüksəlmişdir. Bütün bu uğurlarda neftçilərimizin əzmkarlığı, zəhmətsevərliyi, qədim və zəngin peşə ənənələrinə sadiqliyi həlledici amillərdir. Əminəm ki, Azərbaycanın həyata keçirdiyi qlobal və regional əhəmiyyətli enerji layihələrinə dəyərli töhfənizi davam etdirmək üçün bundan sonra da əzmlə çalışacaq, dövlətimizin və xalqımızın bizə bəslədiyi yüksək etimadı daim doğruldacaqsınız.  

Əziz neftçilər!

Sizi bir daha müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi çatdırıram.

Hörmətlə,

Rövnəq Abdullayev,
SOCAR-ın prezidenti