17 iyul 2021 17:10
1380

SOCAR: Dənizdə işləyən əməkdaşlarımıza hər hansı zərər dəyməyib

İstismar etdiyimiz dəniz özüllərinin heç birində qəza baş verməyib

Sosial şəbəkələrdə dəniz özüllərinin birində bədbəxt hadisənin baş verməsi haqqında məlumat yayılır. Bildiririk ki, bu gün SOCAR-ın istismar etdiyi dəniz özüllərinin heç birində qəza baş verməyib, əməliyyatlar normal rejimdə davam edir. SOCAR-ın dənizdə işləyən əməkdaşlarına hər hansı zərər dəyməyib.

Bu barədə "İki sahil" SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədova istinadən xəbər verir.

"İctimaiyyətin sorğularına əsasən apardığımız araşdırma nəticəsində Səngəçal qəsəbəsinin yaxınlığında istismardan çıxarılmış bir özüldə metalın yığılmasını həyata keçirən və SOCAR-a aid olmayan şirkətlərdən birində bədbəxt hadisənin baş verməsi haqqında ilkin məlumat əldə etmişik", - İ. Əhmədov qeyd edib.

Onun sözlərinə əsasən, məlumata görə, hadisə nəticəsində həmin şirkətin bir əməkdaşı dünyasını dəyişib.