Əslində əsl sənət heç bir zaman pul ilə ölçülə bilməz. Lakin elə rəsm əsərləri var ki, onlar artıq bir şedevrə çevrildiyinə görə onlara çox yüksək qiymət təyin olunub. Belə şedevrlərin bəzilərinin qiymətini bilmək istəyirsinizsə bu məqaləmiz sizə maraqlı olar
Leonardo da Vinçinin "Dünyanın Xilaskarı" - 450 milyon dollar
Leonardo da Vincinin əl işi və yaşı 500 il olan İsa Məsihin portreti 2017-ci ildə Nyu- Yorkda keçirilmiş hərracda bütün rekordları qıraraq 450 milyon dollara satılıb.
Əslində əsərin adı "Salvator Mundi"dir, yəni Dünyanın Xilaskarı. İndiyədək keçirilmiş hərraclarda incəsənət nümunəsi üçün bu məbləğdə pul ödənilməmişdi.
Əsərin rekord qiymətə satılması müştərilərlə dolu olan "Christie" hərrac zalında alqışlarla qarşılanıb.
"Salvator Mundi" əsəri, güman edildiyinə görə, 1505-ci ildən sonra yaradılıb və Leonardo da Vincinin fərdi kolleksiyada qalan yeganə əsəridir.
Nyu-York hərracında əsərin ilkin təklif qiyməti 100 milyon dollar olub, son qiymət isə 400 milyon dollara çatıb.
Vergi ödənişi də nəzərə alınmaqla portretin tam qiyməti 450,3 milyon dollar təşkil edib. Əsərin anonim qalan alıcısı hərracda telefon vasitəsilə iştirak edib və cəmi 20 dəqiqəyə alqı-satqı sövdələşməsinin bağlanmasına nail olub.
Rəsmdə İsa Məsih bir əlində şüşə kürə, digər əlini isə qaldırdığı vəziyyətdə təsvir olunub.
Əlavə edək ki, 1958-ci ildə həmin əsər London hərracında o vaxtın pulu ilə cəmi 45 ingilis funt sterlinqinə satılmışdı. O zaman güman edilirdi ki, bu əsəri yaradan Leonardo yox, onun şagirdi olub.
"Dünyanın Xilaskarı" əsəri 1600-cı illərdə kral I Charles-ın kolleksiyasında olub, sonra yoxa çıxıb və 2005-ci ildə yenidən "tapılıb". Hərraca qədər bu əsərə rusiyalı milyarder Dmitri Rıbolovlev sahib olub. Deyilənlərə görə, o, bu portret üçün 2013-cü ilin may ayında 127,5 milyon dollar ödəmişdi.
Villem de Kunninq "Mübadilə " - 330 milyon dollar
Villem de Kunninq XX əsrin ikinci yarısının aparıcı rəssam və heykəltəraşı, abstrakt ekspressionizmin liderlərindən biri olub. 1997-ci ildə vəfat esdən rəssamın ən məşhur əsərlərindən biri "Mübadilə" olub. Kətan üzərində yağlı boya ilə çəkilmiş “Mübadilə” tablosu 1955-ci ildə tamamlanıb. Dəyərli tablo 2015-ci idə amerikalı iş adamı və milyarder Kennet Griffit tərəfindən satın alınmışdır. Milyarderin sözlərinə görə, həmin əsər müharibədən sonrakı dövrlərin çirkin reallığını əks etdirir və məhz bu səbəbdən onu özünə cəlb etmişdir.
Paul Sezan "Kart oyunçuları" - 250 Milyon dollar
Postimpressionizm cərəyanının yaradıcısı, fransız rəssamı Pol Sezanın ən məşhur əsərlərindən biri kimi tanınan "Kart oyunçuları"dır. 5 müxtəlif rəsmlərdən ibarət bir seriyaya daxil olan "Kart oyunçuları" məhz 1890–1895-ci illərdə yaranıb. Bu möhtəşəm əsərlərin dördü dünyanın müxtəlif muzeylərində sərgilənsə də, yalnız "Kart oyunçuları"əsəri rəssamın şəxsi kolleksiyasında qalmışdı. Rəsmin birinci sahibi yunan milyarderi Georgi Embirikos olub. O, əsəri 2011-ci ildə ölümündən öncə satışa çıxarıb və tablonu Qətərdən olan çox zəngin bir iş adamı satın alıb. Sənətsevər milyarder rəsm əsərini 250 milyon dollara əldə etmişdi. Yayılan şayiələrə görə, məlum olub ki, hal-hazırda əsər kral ailəsinin kolleksiyasındadır.
Paul Qogen " Nə zaman evləcəksən?" - 210 milyon dollar
Postimpressionizm və primitivizm cərəyanının nümayəndəsi olan dahi fransız rəssam Pol Qogen “Nə zaman evlənəcəksən?” tablosunu 1891-ci ildə Taitidə yaşadığı dövrlərdə yaradıb. Sənətçi kətan üzərində on üç yaşlı arvadını təsvir edib.
Qeyd edək ki, Paul Qogen gələcək həyat yoldaşı ilə məhz Taiti səfərində tanış olmuşdu. Məşhur rəsm əsərini auksionların birində 210 milyon dollara alan Qətər şeyxlərindən biri idi . Hal-hazırda əsərin sahibi Rudolf Stehlindir.
Jekson Pollok "Nömrə 17A" - 200 milyon dollar
Məşhur Amerika rəssamı, abstrakt ekspressionizm cərəyanının görkəmli nümayəndəsi Cekson Pollok özünəməxsus drip-peyntinq üslubu ilə tanınmışdı. Rəsm əsərlərinin əksəriyyətini o, fırçarlarla, deyil xüsusi iplər ilə çəkirdi. Belə əsərlərdən biri də rəssamın 1948-ci ildə çəkdiyi “Nömrə 17A” tablosudur. Həmin əsər 2015-ci ildə iş adamı Devid Qeffen tərəfindən 200 milyon dollara alınıb.
Qustav Klimt "Su ilanları II" - 187 milyon dollar
Avstriyalı simvolist Qustav Klimtin yağlı boya ilə çəkdiyi “Su ilanları II” əsəri 1907-ci ildə tamamlanıb. Bu əsərdə rəssam ilanlara bənzər zərif qızları təsvir edib. Qustav Klimtin sözlərinə görə, " Su ilanları II"onun kolleksiyasında olan şah əsərdir. Əsər İkinci Dünya müharibəsi zamanı nasistlər tərəfindən müsadirə olunub. Belə ki, əsərin sahibi yəhudi əsilli Cenni Steyner 1938-ci ildə Portuqaliyaya mühacirət etdiyindən, əsər bu ölkədə qalıb. 2012-ci ildə qapalı hərracda satışa çıxarılan tablo 187 milyon dollara satılıb və onu tam olaraq kimin aldığı hələ də məlum deyil.
Mark Rotko "Bənövşəyi, Yaşıl və Qırmızı" - 186 milyon dollar
Latviyalı Mark Rotko ekspressionist rəssamlardan biri idi. Rəssamın əm məşhur əsərlərindən biri "Bənövşəyi, Yaşıl və Qırmızı" tablosu 1951-ci ildə tamamlanmışdı. Rəssamın sözlərinə görə, bu 3 rənglə o, əsl hisslərini sevənlərinə çatdırmaq istəyirdi. Rəsm əsərini 2014-cü ildə rus iş adamı Dmitri Ribolovlev 186 milyon dollara alıb.
Pablo Pikasso" Əlcəzairli qadınlar" - 180 milyon dollar
İspan rəssamı Pablo Pikasso XX əsr təsviri sənətinin ən parlaq nümayəndələrindəndir. Rəssamın “kubizm” üslubunda işlədiyi “Əlcəzairli qadınlar” tablosu 1955-ci ildə çəkilib. O,bu rəsm əsəri üzərində bir ildən çox çalışıb. 15 rəsmdən ibarət “Əlcəzairli qadınlar” silsiləsini təmsil edən “Version O” tablosu 2015-ci ildə 180 milyon dollara Qətərin kral ailəsinə aiddir. Hal-hazırda onun sahibi Qətərin Baş nazirinin müavinidir. Bunuda qeyd edək ki, "Əlcəzairli qadınlar"ın əvvəlki qiyməti 32 milyon olsa da, sonradan qalxaraq 180 milyona çatıb.
Amedeo Modilyani " Çılpaq uzanan" - 171 milyon dollar
Yəhudi əsilli İtaliya rəssamı və heykəltəraşı Amadeo Modilyaninin 1917-1918-ci illərdə çəkdiyi “Çılpaq uzanan ” tablosu dünyanın ən çox sərgilənən rəsm əsərlərindən sayılır. Modilyani bu əsərdə öz həyat yoldaşını canlandırmışdı. Məşhur əsər 2015-ci ildə Nyu-Yorkdakı “Kristis” hərracında 170 milyon dollara satılıb. Rəsm əsərini çinli milyardçı Liu Yiqian alıb.
Roy Lixtenşteyn "Şedevr" - 165 milyon dollar
Roy Lixtenşteynin "Şedevr" adlı rəsm əsəri pop-art üslubunda çəkilən ən bahalı tablolar sırasına daxildir. Roy Lixtenşteynin əsərlərinin satılmasından əldə edilən gəlirin böyük hissəsi ədalət mühakiməsi islahatlarının dəstək fonduna göndərirdi. Onun ölümündən sonra " Şedevr" əsəri 165 milyon dollara satılmışdı.
Rembrandt “Sulmans və Koppitin ayaq üstə portretləri”
Məşhur holland rəssamı və qrafiki Rembrandtın adı tarixdə 100 ən məşhur insanları siyahısına daxil edilib. Uşaqlıqdan incəsənət ilə məşğul olan rəssamın ən məşhur əsərlərindən biri “Sulmans və Koppitin ayaq üstə portretləri”dir. 1964-cü ildə çəkilən bu rəsm əsəri əvvəllər Rotşildlər ailəsinə məxsus olub. Sonradan tablo satışa çıxarıldıqdan sonra “Luvr” və “Rijk” muzeyləri tərəfindən alınmışdı.
Pablo Pikasso "Yuxu" - 150 milyon dollar
Pablo Pikassonun digər məşhur əsəri olan "Yuxu " cəmi bir gün ərzində çəkilmişdi. Bu rəsm əsərini Pikasso məşuqəsinə həsr eləmişdi. Əsər cəmi bir gündə yazılsa da , lakin bir gecədə sürrealizmin şah əsərinə çevrildi. Hal -hazırda "Yuxu " məşhur kolleksioner Stephen Coheninin kolleksiyasında saxlanılır.
Samirə Tağıyeva, "İki sahil"