29 iyul 2021 20:11
1588

SOS: İçməli su qıtlığı yarana bilər

Rövşən Abbasov: Milli iqlim məlumatlarına görə, 2050-ci ilə qədər Azərbaycan çaylarının su ehtiyatları 10-20% azalacaq

Su həyat mənbəyidir. İnsanların son illərdə yaşadıqları digər təhlükələr su çatışmazlığı problemini kölgədə qoyur.

Çaylarla yanaşı, yeraltı sular, göllər, buzlaqlar da şirin su mənbələri hesab olunur. Şirin su kimyəvi tərkibinə görə iki növə bölünür: şirin suyun özü və mineral su. Mineral sulardan insanlar əsasən müalicə məqsədi ilə kimi istifadə edirlər.

Quyu suyundan isə hələ də kənd yerlərində istifadə olunur. Məsələn,  10 metrdən çox dərinliyi olmayan bir çuxur belə bəzən bütün kəndi su ilə təmin edə bilər. Lakin belə suyun istifadəsində “gizlənən” təhlükə odur ki, hər növ kənd təsərrüfatı tullantıları (pestisidlər, nitritlər, nitratlar, ağır metallar) torpaqdan süzülərək suya qarışa bilir.

İnkişaf kontekstində su ehtiyatları

Dünyada iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının inkişafı ətraf mühit üçün ciddi nəticələrə, xüsusən də genişmiqyaslı çirklənməyə və su ehtiyatlarının əhəmiyyətli itkilərinə səbəb olur.

Mütəxəssislərin açıqlamalarına görə,  insan istifadə etdiyi suyun yalnız 10% -nə qədərini məişətdəki ehtiyaclarına işlədir, qalan 90% -i sənaye və kənd təsərrüfatında istifadə olunur. Məsələn, bir kiloqram şəkər almaq üçün insana təxminən 200 litr su lazım olur.  Bir kiloqram sintetik kauçukun istehsalı üçün isə təxminən 2400 litr su tələb olunur.

Məsələyə qlobal yanaşsaq görərik ki, dünya miqyasında xərclər hər il artır, gündəlik həyatda insanlar çox su istehlak edən cihazlardan aktiv istifadəyə üstünlük verirlər. Əlbəttə, sənayenin inkişafı da əlavə xərclər tələb edir.

Təmiz və içməli su problemi XXI əsrdə bəşəriyyətin qarşısında duran ən aktual problemlərdən biridir

BMT -nin proqnozuna görə, 2050 -ci ilə qədər hər il 5,7 milyard insan ən azı bir ay təmiz su qıtlığını yaşaya bilər. Qurumun məlumatında bildirilir ki, dünya əhalisinin üçdə biri (2,2 milyard) təmiz, içməli su qıtlığı ilə üzləşir. Xatırladaq ki, bu barədə təşkilatın 22 mart -Ümumdünya Su Günü münasibətilə nəşr olunan hesabatında qeyd edilib.

BMT-nin məlum hesabatında  “Qlobal su böhranı ilə mübarizə üçün tədbirlər görmək lazımdır”, - deyə həyəcan təbili də çalınıb. Hesab edilir ki, əgər planetdəki temperaturun yüksəlməsinin qarşısı alınarsa, o zaman su çatışmazlığı problemi də yarı-yarıya azalacaq. Eyni zamanda, bildirilir ki, 2040 -cı ilə qədər qlobal suya olan tələbat 50%-dən çox, enerji qaynaqlarına olan tələbat isə 25%-dən çox arta bilər. Təşkilat dünya əhalisini və dövlətləri daşqın və quraqlıqla mübarizə aparmağa, daha çox insanın içməli su ilə təminatını artırmağa, çirklənməni və istixana qazlarını azaltmağa, o cümlədən də iqlim dəyişikliyi ilə mübarizə aparmağa kömək edəcək suyun “ağıllı istifadəsinə” çağırır.

Azərbaycanda da şirin su çatışmazlığı varmı?

Bu məsələ ilə bağlı “İki sahil”ə açıqlama verən Xəzər Universitetinin Coğrafiya və ətraf mühit kafedrasının müdiri Rövşən Abbasov bildirdi ki, şirin su çatışmazlığından danışırıqsa burada ilk növbədə qlobal iqlim dəyişmələrini qeyd etmək lazımdır: “ Son 150 ildə dünyada qlobal iqlim dəyişmələri baş verir. Bunun da əsas səbəbi atmosferə atılan karbon qazının və digər istixana qazlarının çoxalmasıdır. Bu qazlar çoxaldıqca atmosferdə istixana effekti yaranır və iqlim istiləşməyə başlayır. İqlimin istiləşməsi də təbii ki, çaylarda olan su ehtiyatlarını tədricən azaldır”.

Qlobal iqlim dəyişmələrinin ölkəmizə də təsir etdiyini deyən R.Abbasov  gələcəklə bağlı proqnozlara diqqət çəkərək söylədi ki, milli iqlim məlumatlarına görə, 2050-ci ildən əsrin sonuna qədər Azərbaycan çaylarının su ehtiyatları müvafiq olaraq 10-20% azalacaq: “Təəssüflə qeyd etməliyəm ki, azalma tendensiyası gələcəkdə də davam edəcək. Bizim çayların suyu azalıb. Başqa bir narahatedici məqam odur ki, ölkəmizə digər dövlətlərdən gələn transsərhəd çaylarının da suyu azalıbdır. Məsələn, Kür və Araz çayları… Onların da suyu getdikcə azalır. Qanıx, Qabırrı, Oxçuçayı, Bazarçayı kimi çayların suyu azalmaqdadır. Çünki həmin çayların mənbəyini götürdüyü ölkələrin ərazisində çaylardan çoxlu su götürülür. Suyun çox götürülməsi də o deməkdir ki, bizə daha az su gəlir. Məsələn, Kür çayından Türkiyədə və Gürcüstanda  daha çox su götürülür. Nəticədə də Azərbaycan ərazisinə az su gəlir. Başqa səbəb isə ölkəmizdə suya olan tələbatın artmasıdır. Kənd təsərrüfatında əkilən torpaqların sahəsi son 10 ildə iki dəfəyə yaxın artıbdır. Əlbəttə, bu da əlavə bir təsir yaradır. Yəni, daha çox suya ehtiyac var. Daha az suyun gəlməsi fonunda suya olan tələbatın artdığını müşahidə edirik”.

Ermənistanın su ehtiyatlarımızı çirkləndirməsi taktikasını seçməsinə, kimyəvi tullantılarla suları yararsız hala gətirməsinə münasibət bildirən ekoloq bildirdi ki, qonşu ölkələrdən, xüsusilə Ermənistandan Azərbaycana gələn çayların suları çox çirklidir: “ Kimyəvi və bioloji cəhətdən çirkləndirilmiş 350 milyon kubmetrdən artıq su kütləsi hər il Ermənistan ərazisindən gələrək Kür çayı hövzəsinə tökülür. Çayların suyu Ermənistan ərazisində yerləşən Qafan və Qacaran şəhərlərindəki mis-molibden kombinatlarının 30-a yaxın metal mədəninin tullantıları ilə çirklənməkdədir. Xüsusilə bu, Oxçuçaya aiddir. Ermənistan dağ-mədən kombinatlarının yüz min tonlarla ağır metal duzlarını, kimyəvi turşuları Oxçuçaya axıdır və ekoloji terror törədir. Nəticədə adıçəkilən çayın suyu o qədər çirklənib ki,  heç bir məqsəd üçün yararlı deyil. Bu da Azərbaycanı daha çox təsir altında qoyur. Ölkəmiz bu baxımdan çıxılmaz vəziyyətdədir. Bu məsələ hansısa bir yolla öz həllini tapmalıdır”.

Günel Eyyubova, “İki sahil”