03 avqust 2021 17:01
1255

1 saylı DOST mərkəzində bir gün: Vətəndaşlar "DOST"dan məmnundurlarmı?

İki ildən artıq fəaliyyət göstərən, sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, hər kəsə dost məramı ilə yanaşan, şəffaflıq, operativlik, müasirlik, rahatlıq, məmnunluq  təmin etmək məqsədinə xidmət edən DOST mərkəzlərinin sayı durmadan artmaqdadır.

Vətəndaş məmnunluğunu təmin etmək məqsədilə yaradılan DOST Agentliyi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən vətəndaş rahatlığı və nəzakətlilik prinsipi əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat  Agentliyinin (DOST)  məqsədi məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. 9 may 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk "DOST" mərkəzinin açılışı baş tutub. 

Bəs  vətəndaşın “DOST”u olan mərkəzlərdə hansı xidmətlər və necə göstərilir?

DOST haqqında əyani olaraq məlumat almaq üçün İsmayıl bəy Qutqaşınlı 86 ünvanına, yəni DOST Agentliyinin inzibati binasının və 1 saylı DOST mərkəzinin yerləşdiyi ünvana yollandıq. 

Vətəndaşları heç bir quruma yönləndirmədən bütün proseslər DOST mərkəzlərində həyata keçirilir

DOST Xidmətləri departamentinin direktor müavini Vasif Qəribov “İki sahil”ə  DOST haqqında məlumat verərkən bildirdi ki, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi birbaşa vətəndaşlara xidmət üçün yaradılıb: “1 saylı Bakı DOST mərkəzi Yasamal, Səbail, Qaradağ, Şuşa və Zəngilan rayonlarının vətəndaşlarına xidmət göstərir. Biz vətəndaşlara “bir pəncərə” prinsipi əsasında əlillik, pensiya, sosial müavinət, sosial sığorta, məşğulluq, əmək münasibətləri ilə bağlı xidmət edirik. Yarandığı gündən mərkəzlərimizin məmnunluq səviyyəsi də ortalama 96-97 faizdir. Vətəndaşları heç bir quruma yönləndirmədən bütün proseslər DOST mərkəzlərində həyata keçirilir.”

Gündəlik təxminən 550-600 müraciət olur, pandemiyadan əvvəl isə bu say....

Müsahibimiz xatırlatdı ki, 1 saylı Bakı DOST mərkəzi  9 may 2019-cu il tarixindən fəaliyyətə başlamışdır. Həmin gündən DOST Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Tibbi Sosial Ekspertiza və Reabilitasiya üzrə Agentliklə birlikdə xidmətlərin göstərilməsində və yeniliklərin yaradılmasında iştirak etmişik. DOST mərkəzində xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi, elektron qaydada aparılması, praktik təyinatların olması ilə bağlı işlər davam edir. Mərkəzdə 100-ə yaxın əməkdaş çalışır. Gündəlik olaraq mərkəzə təxminən 550-600 nəfər müraciət edir. Pandemiya dövründən əvvəl isə bu say 1000 nəfəri də keçirdi. Mərkəzdə vətəndaşlara ƏƏSMN-nin bütün fəaliyyət istiqamətləri üzrə xidmət göstərilir.

DOST mərkəzləri bütün ölkəni nə vaxt əhatə edəcək?

V.Qəribovun sözlərinə görə, hazırda 5 DOST mərkəzi fəaliyyət göstərir və gələcəkdə 17 mərkəzin yaradılması nəzərdə tutulur. İyulun 14-dən etibarən Abşeron DOST mərkəzi yaradıldı. Artıq regionlarda bizim  DOST mərkəzlərinin tikinti prosesi gedir. İnşallah yaxın zamanda regionlarda da filiallarımızı açacağıq.  Abşeron DOST mərkəzi isə Bakıdan kənarda olan şöbəmiz olduğuna görə artıq regiona çıxmış sayılırıq. Gələcəkdə isə bütün Azərbaycanı əhatə edəcək formada DOST mərkəzlərinin açılışı planlaşdırılır. Regional mərkəzlər yarandıqdan sonra isə vətəndaşlara əlçatan olması üçün onlara filial da yaradılacaq.

Həmsöhbətimiz qeyd etdi ki, DOST mərkəzlərində heç bir fərqlilik yoxdur.  Mərkəzlərimiz eyni qayda və  prinsiplə həyata keçirilir: “Yenilik o ola bilər ki, cənab Prezidentin Fərmanı ilə DOST mərkəzlərində Vahid Əlaqələndirmə mərkəzləri yaradılacaq. İnşallah yaxın müddət ərzində DOST mərkəzlərimizdə Nazirliyin göstərdiyi xidmətlərdən əlavə olaraq da Müdafiə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə dövlət Agentliyi, Dövlət Kommersiya Sığorta şirkəti, yerli hakimiyyəti qurumları və Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti üzrə də xidmətlər göstəriləcək.”

“DOST-u ASAN-dan nə fərqləndirir” sualına isə mütəxəssisin cavabı belə oldu: “Fərqi odur ki, ASAN-da xidmətlər birbaşa dövlət qurumlarının ümumi xidmətləridir. Amma DOST Agentliyində isə xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün fəaliyyət istiqamətləri üzrə "bir pəncərə"dən xidmət göstərilir.”

Müsahibimiz mərkəzdə pandemiya qaydalarının yüksək səviyyədə gözlənildiyini açıqladı: “Nazirlər Kabineti yanında Operativ  Qərargahın qərarına əsasən, hər bir əməkdaşımız və vətəndaşlar tibbi maska taxır və hərarətləri ölçüldükdən, əllərini dezinfeksiya etdikdən sonra mərkəzə daxil ola bilirlər.”

Qeyd edək ki, mərkəzlərə vətəndaş axını idarə olunur, hər bir müraciət edən qarşılanaraq dinlənilir və üz tutduğu xidmətlərdən sadə prosedurlarla istifadə imkanı əldə edir. DOST mərkəzləri yalnız əyani şəkildə müraciət edənlərlə işləmir, həmçinin vətəndaşların telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsini də təmin edir. Mərkəzdə elektron lövhələr və işarələr hərəkəti və məlumat əldə olunmasını asanlaşdırır. 

Vətəndaşlar yerində xidmətə daha meyillidir

Həmsöhbətimiz 1 saylı DOST mərkəzində vətəndaşların müraciət formalarından da söz açdı: “Vətəndaşlar mərkəzimə birbaşa, yerində, onlayn formada və Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər. Çağrı Mərkəzinə gündəlik olaraq 4 minə yaxın zəng olunur və vətəndaşların sualları cavablandırılır. Pandemiya dövründə isə Çağrı Mərkəzinə gələn zənglərin sayı 10 minə qədər qalxmışdı.  Bununla  yanaşı, pandemiya dövründə onlayn müraciətlərin də sayı artdı. Bu günə qədər mərkəzimə 40 min onlayn müraciət olmuşdur. Vətəndaşların çölə çıxma məhdudiyyəti olduğu dönəmlərdə  gündəlik onlayn müraciətlərin sayı bir neçə dəfə artmışdı. Karantin qadağalarının yumşaldılmasından sonra vətəndaşlar yerində xidmətə daha meyilli olduqlarına görə mərkəzlərə müraciət etməyə başladılar.”

“Gənc DOST”, “Gümüşü DOST”, “Virtual DOST”

1 saylı DOST mərkəzinə daxil olduqda ilk növbədə diqqəti çəkən məqam vətəndaşlara operativ və keyfiyyətli xidmət üçün səfərbər olmuş DOST könüllülərinin fəaliyyətidir. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “Könüllü DOST” proqramı ilə könüllülük hərəkatının genişlənməsində də mühüm rol oynayır. DOST könüllüləri üçün təlimlər təşkil olunur, onlara müəyyən zəruri bilik və bacarıqlar aşılanır. DOST Agentliyi tərəfindən  “Könüllü DOST” proqramı üzrə 3 altproqram “Gənc DOST”, “Gümüşü DOST” və “Virtual DOST” altproqramları icra olunur. DOST könüllüləri DOST mərkəzlərində dövlət sosial xidmətlərinin “bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verir.

Həyata keçirilən proqramlardan biri “Gənc DOST” altproqramıdır. Bu proqram 16 yaşından 29 yaşınadək olan gənclərin, o cümlədən əlilliyi olan şəxslərin vətəndaşlara xidmət sahəsində təcrübə qazanması, işgüzar vərdişlər əldə etməsi, fərdi inkişafı və karyera yolunda ilk uğurlu addımlarının təməlinin qoyulması məqsədi daşıyır. Könüllülərin iki aylıq fəaliyyəti qiymətləndirilərək onlara müxtəlif dərəcəli sertifikatlar təqdim olunur, fəaliyyəti yüksək qiymətləndirilən şəxslər üçün gələcəkdə DOST Agentliyi və DOST mərkəzlərində karyera qurmaq imkanı yaradılır. Digər proqram “Gümüşü DOST” altproqramı pensiyaçıların cəmiyyətə reinteqrasiyası, nəsillərarası təcrübə və bilik mübadiləsi, yaşlı şəxslərin asudə vaxtının aktiv təşkili və fəal yaşlanması məqsədi daşıyır. “Virtual DOST” altproqramı çərçivəsində isə təhsil, təlim, tədqiqat, PR, konsaltinq və s. sahələr üzrə verilən tapşırıqların onlayn qaydada könüllülər tərəfindən yerinə yetirilməsi nəzərdə tutulur. Həmin altproqram əsasında müvafiq sahələr üzrə peşəkar mütəxəssislər, ictimai xadimlər, habelə əlilliyi olan şəxslər kompüter, planşet və ya smartfondan istifadə etməklə ofis və evlərində könüllü kimi fəaliyyət göstərmək imkanına malik olur, müxtəlif mikrolayihələr həyata keçirirlər. İlk olaraq “Məlumatlı ol” mikrolayihəsi təqdim olunub və onun icrası üçün 28 nəfər müraciət edib.

Fərqlənən könüllüləri işə cəlb edirik

Vasif Qəribov könüllülərin fəaliyyətindən bəhs edərkən bildirdi ki, 1 saylı Bakı DOST mərkəzindən 50 könüllü fəaliyyət göstərir: “İki aydan bir isə könüllülər dəyişilir. Könüllülük üçün müraciət onlayn şəkildə olur, sonra isə namizədlərlə müsahibələr aparılır. Könüllülər, əsasən, DOST mərkəzlərinə müraciət edən vətəndaşların müvafiq xidmət pəncərələrinə yönləndirilməsi, mərkəzə üz tutan sakinlərin növbələrinin tənzimlənməsi, onların arasında rəy sorğularının keçirilməsi, sağlamlıq imkanları məhdud və əlilliyi olan şəxslərə, yaşlılara xüsusi kömək göstərilməsi, müxtəlif anket forma və ərizələrin doldurulmasına yardım göstərilməsi, elektron xidmətlərdən istifadə edilməsi, fors-major hallarında məsələn, vətəndaşa su verə bilirlər, özünüxidmətlə bağlı vətəndaşlar müraciət etdiyi zaman kompyuterdən istifadə zamanı könüllülər vətəndaşlara xidmət göstərir və digər məsələləri ilə məşğul olurlar. DOST mərkəzi yaradıldıqdan bu günə qədər könüllülük fəaliyyətini yüksək peşəkarlıqla başa vurmuş, aktiv fərqlənən könüllüləri işə cəlb edirik. Hazırda onlardan bir neçəsi Agentlikdə, mərkəzlərimizdə əməkdaş kimi də fəaliyyət göstərirlər.”

Maraqlıdır, DOST mərkəzləri vətəndaşları məmnun edə bilirmi  və onlar göstərilən xidmətin səviyyəsindən razıdırlarmı?

Vətəndaş Nəzafət Əhmədova  sualımıza cavab olaraq bildirdi ki, mərkəzə sosial pensiya ilə əlaqədar müraciət edib: "Bir müddət öncə yaxınlaşıb mütəxəssislərdən zəruri sənədlərin siyahısı haqqında məlumat aldım və çox sadə, aydın şəkildə prosesin gedişatı haqqında mənə məlumat verildi. Göstərilən xidməti çox yüksək dəyərləndirirəm və razıyam. 3 dəqiqə müddətində mütəxəssislər tərəfindən məsələ həll olundu. İlk dəfə idi ki, mərkəzdə təqdim olunan xidmətlərdən istifadə edirdim. Gələcəkdə də işimi rahat və tez həll etmək üçün zərurət olduqca müraciət edəcəyəm. Vətəndaşlara da tövsiyə edirəm ki, sosial problem və məsələlərin həlli ilə bağlı DOST mərkəzlərinə güvənib müraciət edə bilərlər".

Nahidə Məhərrəmova isə mərkəzə həyat yoldaşının pensiya məsələsi ilə bağlı müraciət edib: “Mərkəzdə çalışan kollektiv səmimi, gülərüz və səbrlidir.  Artıq ikinci dəfədir ki, “DOST”a müraciət edirəm və çox razıyam. Vətəndaşlara tövsiyəm odur ki, sosial xidmətlər üçün  vətəndaşların “DOST”una müraciət etsinlər”.

Elmir Süleymanov “İki sahil”ə DOST mərkəzlərindən məmnunluğunu ifadə etdi. “DOST”un fəaliyyətini yüksək dəyərləndirdi: “Mən sosial xidmətlərdən istifadə etmək üçün  bura müraciət edirəm. Hər şey öz qaydasındadır və peşəkarlar tərəfindən sosial xidmətlər yüksək səviyyədə həyata keçirilir. Təşəkkürümü bildirirəm ki, işimizi bu cür rahat və tez həll etmək üçün şərait yaradılıb."

Bədir Cabbarova əmək pensiyası ilə bağlı DOST mərkəzinə gəlib: “Əməkdaşlar problemimi dinlədilər və həlli üçün nə etməli olduğumu  izah etdilər. Çox razı qaldım. Qısa müddətdir yaranıb, amma tez-tez istifadə etdiyim üçün sanki illərdir ki, biz vətəndaşların “DOST”udur kimi düşünürəm. Əgər, digər vətəndaşlarımız da sosial xidmətlər sahədə işlərini asanlaşdırmaq istəyirlərsə DOST mərkəzə gəlsinlər. Burada tez, rahat və dürüst xidmət göstərirlər.”

Yaqut Ağaşahqızı, “İki sahil”