23 avqust 2021 21:17
1739

Alimin neft elminə böyük töhfəsi - FOTOLAR

Xalq arasında “alim” zamanəsinin ən ağıllı, öz sadəliyi, əxlaqi keyfiyyətləri və  zəngin həyat bilgiləri ilə sayılıb - seçilən  adamlara deyilir. Elm aləmində  isə yaradıcı təbəqənin nümayəndəsi kimi  alim bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olan şəxsdir.  Alimin qiyməti müəyyən vaxt ərzində gördüyü elmi işlərin miqyası, ixtiralarının dəyəri  və səmərəliliyi ilə ölçülür. Ürəyi yaratmaq eşqi ilə vuran, ömrü boyu yorulmadan faydalı və məzmunlu ideyalarını gerçəkləşdirən alimlər bəşəriyyətin səadət yolçularıdır.

 

Azərbaycan neft elminin tanınmış alimi, “Nanoelm və nanotexnologiyalar” sahəsində UNESCO mükafatı laureatı, Ukrayna Neft - Qaz Akademiyasının həqiqi üzvü, Rusiya Təbii Elmlər Akademiyasının üzvü, texnika elmləri doktoru, professor Eldar Şahbazovun elmin  zirvəsinə  ucalan yolu  ilk növbədə onun gözəl adından  başlayır.

Qədim dastan və rəvayətlərimizdə ad seçimi  həmişə əhəmiyyətli hesab olunub. Xalqımızın möhtəşəm söz abidəsi "Dədə Qorqud" dastanında adların Qorqud Atanın xeyir-duası ilə  qoyulması  onun həm yaradıcı, həm də el ağsaqqalı missiyasından irəli gəlir... Adın  insan taleyinə sirayət etməsi inancı başqa xalqlarda  da mövcud olub. Hətta qədim romalılar "nomen est omen", yəni "adımız taleyimizdir" kimi güclü bir inanca sahib idilər. Hər kəs öz adının layiqli daşıyıcısı olur. Mədinə dövründə səhabələrin əksəriyyəti uşaqlarına ad qoyması və dua etməsi üçün Həzrəti Peyğəmbərin (s) hüzuruna gətirərdilər. Allahın elçisi bu ənənəni  yaşatmaq barədə  belə buyurub: "Hər bir şəxsin öz övladına verdiyi ilk hədiyyə və ehsan onun üçün gözəl ad seçməsidir. Bu səbəblə övladlarınız üçün gözəl adlar seçin!"

Eldar adının mənşəyi və mənası iki fərqli mədəniyyətlə əlaqələndirilir.  Şərqdə bu ad hakim, el sevən, el sahibi, elini sevən,  Qərbdə isə "atəşli döyüşçü" deməkdir. Bəzi dilçilər Eldar  adını "Allahın hədiyyəsi" kimi tərcümə edirlər. Yunan mənşəli bir versiyası da  tərcümədə "Günəşin hədiyyəsi" kimi səslənir.    

Eldar müəllimin adının gerçək fəzilətlərinə və “Eldar Şahbazov kimdir” sualına  isə Rusiya Təbii Elmlər Akademiyasının üzvü, UNESCO mükafatı laureatı, texnika elmləri doktoru Elçin Kazımovun “Eldar dünyası”  kitabında  ətraflı cavab  tapmaq  olar...  

Tale elə gətirdi ki, mən həm bu kitabın müəllifi, həm də elm  aləmində  özünün Eldar dünyasını yaradaraq milli neft strategiyasının  reallaşmasına titanik əməyi ilə böyük töhfələr verən  alimin özü ilə tanış oldum.  Tanıdıqca da, onun akademik nəticələrə gətirib çıxaran böyük elmi  fəaliyyətinə,  maraqlı söhbətlərinə, zövqünə və ən əsası insanlığına heyran qaldım. Mənalı ömrünün ən parlaq çağlarını neft sənayesində nanotexnologiyaların yaradılması, onların tədqiqi və istehsalatda geniş tətbiq olunma işinə həsr etmiş  Eldar Şahbazov  milli olduğu qədər də dünyəvi alimdir. “Eldar  dünyası” kitabında elm fədaisinin portret cizgiləri üçün səciyyəvi olan ştrixlər mənə məşhur fransız alimi Lui Pasterin “Elmin Vətəni yoxdur, lakin alimin vətəni var” aforizmini xatırlatdı.

Kiçik haşiyə: Anotoli Çubays Rusiya hökumət rəhbərliyində olarkən  neft elminə böyük töhfələr verən professor Eldar Şahbazovu üzvü olduğu Rusiya Təbii Elmlər Akademiyasında çalışmağa dəvət edir. Lakin  neftçi-alim öz Vətəninə xidmət etməyi daha üstün tutur.

Fundamental tədqiqatların elmi rəhbəri, baş icraçısı və təbliğatçısı olan professor Eldar  Şahbazovun dünyanın 50-dən çox, o cümlədən ABŞ, Böyük Britaniya, Norveç, Fransa, Rusiya, Çin və digər ölkələrində  keçirilən beynəlxalq konfranslarda Azərbaycan neft sənayesinin nailiyyətlərinə dair elmi çıxışları  və səmərəli araşdırmaları, xüsusilə  də  “Kiçik təsir və həyəcan” effektini neft elminə və neft sənayesində nanotexnologiyalara gətirməsi dünya neft sənayesi tarixində uğurlu hadisə sayılır. Məhz ona görə də alimin “Neft kapitalının insan kapitalına  çevirməyin  yolu  innovativ  texnologiyalardan biri kimi nanotexnologiyanın verdiyi imkanlar nəticəsində mümkündür” fikri  həm də bəşəri xarakter daşıyır.

Bəşəri sevginin ünvanı

...“Fizika dünyası bütün insanlığın ortaq mirasıdır” deyən və  əslən pakistanlı olan Məhəmməd Əbdüs-Səlamın otağının divarında orta əsrlərə aid Təbriz xalçası asmışdı. Bu qədim xalça həm də üzərində  yazılmış “Allahım, yeni bir möcüzə yarat” sözləri ilə diqqəti cəlb edirdi.  Möcüzəni  Allaha və  müqəddəs Qurani -Kərimə sonsuz sevgisi olan Əbdüs-Səlamın özü yaratdı. O, “Elektrozəif qüvvət nəzəriyyəsi”nə görə 1979-cu ildə fizika üzrə Nobel Mükafatına layiq görüldü.

...Eldar Şahbazovun otağının divarından asılmış qeyri-adi bir rəsm diqqətimi çəkdi: İnsan ovucları arasında təsvir olunan dünyanın nanotexnoloji mənzərəsində kiçik ölçülü hissəcikləri (“Nano" çox kiçik deməkdir)  bəşər həyatının bütün sahələrini kökündən dəyişən “yeni sənaye inqilabının"  rəmzi kimi təqdim olunur.

Professor  Eldar Şahbazov  deyir ki,  nanotexnologiyanı tətbiqə yararlı edən cəhət atomların quruluşu və aralarındakı mükəmməl təşkilatlanma xüsusiyyətidir. Təbiətdəki hakim olan bu qüsursuz nizamı  Allahın əsəri adlandıran alimin fikrincə, adi bir toz zərrəciyi nanotexnologiya dünyasına sığışmayacaq qədər böyük formadır.

Qurani - Kərimdə Allah Təala tez-tez insana öz ağlını istifadə etməyə, düşünməyə çağırır. Bu  mənada elmin üfüqlərindən bəşəriyyətin  sabahına  boylanan Azərbaycan aliminin “Neft sənayesində nanotexnologiyalar” əsəri UNESCO-nun elm və nanotexnologiyalar ensiklopediyasına daxil edilmişdir. Azərbaycan aliminin neft elminə bu töhfəsi onun insana  sevgisindən qaynaqlanır.

Atadan miras qalan uzaqgörənlik

Əslən Qərbi Azərbaycandan olan Eldar müəllimin atası Qəşəm Şahbazov Gəncə Kənd Təsərrüfatı İnstitutunu və Bakı Ali Partiya Məktəbini bitirmişdi. Basarkeçər rayonunda su idarəsinin rəisi, “Sovet Ermənistanı” qəzetinin kənd təsərrüfatı şöbəsinin müdiri, Ermənistan KP MK-nın şöbə müdirinin müavini, Vedi, Qarabağlar, Zəngibasar (Masis) rayonlarında birinci və ikinci katib vəzifələrində çalışmışdı. Zəngibasar rayonunun birinci katibi (1947-1950-ci illərdə) olduğu dövrdə rayonda Azərbaycan dili dövlət dili idi. Bütün rəsmi sənədlər, o cümlədən partiya komitəsinin sənədləri Azərbaycan dilində yazılırdı. Lakin həmin illərdə "Daşnaqsütün" partiyasının 1947-ci ilin iyununda keçirdiyi XIV konqresinin "azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması və Ermənistan sərhədlərinin genişləndirilməsi" qərarı həm Qriqorian kilsəsinin xeyir-duası, həm də Kremlin, bilavasitə A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda təcavüzkarcasına həyata keçirilirdi.  O zaman  Qəşəm Şahbazov İrəvana gələn Mikoyana plenum iclasında deportasiya siyasətinin gələcəkdə iki qonşu dövlət arasında sonsuz fəlakətlərə səbəb olacağını  bildirir. Deyilənlərə görə, Mircəfər Bağırov Q. Şahbazov üçün  baş verəcək təhlükənin qarşısını almaq məqsədi ilə ona ailəsi ilə birlikdə Azərbaycana gəlməyinə şərait yaradır. Q. Şahbazovun ötən əsrin 50-ci illərində uzaqgörənliklə dediklərinə 90-cı illərin əvvəllərindən  başlayaraq 30 ilə yaxın şahid olduq.  Bu gün atasını xatırlayarkən Eldar müəllim qürurla “Mən elə bir kişinin oğluyam” deyir.

Onu da qeyd edim ki, mərhum Qəşəm Şahbazov Azərbaycan Respublikasının Energetika naziri Pərviz Oqtay oğlu Şahbazovun babasıdır.

Eldar müəllim alim fəhmiylə 2007-cu ildə “Enerji təhlükəsizliyinin təmin olunması problemində risklərin idarə edilməsi” kitabında dünyada baş verən vulkanların, eləcə də qlobal istiləşmə zamanı buzlaqların əriməsi zamanı milyon illər əvvəl mənşəyi bəlli olmayan virusların üzə çıxması nəticəsində bəşəriyyətin qorxunc fəlakətlə üzləşəcəyini söyləmişdi. Bu gün (aradan 13-14 il keçəndən sonra) təsadüfi deyil ki, bütün bəşəriyyət qarşısında aciz qaldığı mənşəyi bəlli olmayan koronavirus (COVID-19) pandemiyası dövründə yaşayır.

Yeri gəlmişkən, xatırladım ki, Eldar müəllimin yuxarıda adı çəkilən  kitabı ABŞ-da, eləcə də digər kitabları  və 120-dən çox elmi məqaləsi  MDB, Avropa və İsraildə nəşr edilən məşhur elmi jurnallarda işıq üzü görüb.

“Peşəm mənim həyatımdır”

AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi mərhum Yaşar Qarayev yazırdı ki, həqiqi böyük elm həmişə, bütün dövrlərdə və situasiyalarda zamandan və konyukturadan ucada dayanır, bir həqiqətə, bir də ilahidən, qüdrətdən hökm-fərman alın yazısına - etnik yaddaşa, genetik koda sədaqətdən yüksək heç nə tanımır. “Əsilzadəlik, qədir-qiymət və həqiqət həmişə bir yerdə olur!”

Eldar müəllim də milli-mənəvi dəyərlərin tarixi və varislik prinsipinə əsaslanan böyük elm mücahididir. Qarşısındakı insanın qəlbindəki anlamaq və öz müsahibinin həqiqi niyyətini duyan alimin ruh yüksəkliyi ilə çalışmasına və həssas insanlığına heyran olmamaq mümkün deyil.

Bir dəfə əcnəbi alim həmkarlarından biri Eldar müəllimə “istirahət vaxtlarınızı necə keçirirsiniz deyə sual edir.“Mən istirahət vaxtlarımda da elmlə məşğul oluram” cavabı həmkarını çox heyrətləndirir. “Bu necə olur?” Eldar müəllim deyir: “ Axı mən elmlə nigah  bağlamışam. Peşəm mənim  həyatımdır.”

Eldar müəllim əfsanəvi akademik Azad Mirzəcanzadənin sevimili tələbələrindən olub. Deyir ki, elə ustadın tələbəsi olmaq da bir qismət, xoşbəxtlik idi: “Nanotexnologiya ilə məşğul olmağı mənə Azad Xəlil oğlu məsləhət bilmişdi... Quyuları sevməyi bizə Azad müəllim  aşılamışdı. Deyərdi ki, “quyuya qadına  yanaşdığınız nəvazişlə  münasibət bəsləyin.” Özünəməxsus dəst-xətti olan akademik Azad Mirzəcanzadə ətrafındakı insanları, hətta gözə çarpacaq dərəcədə elmi nailiyyətlərini görəndə belə, gələcəkdə daha böyük nailiyyətlər əldə etməsi naminə tərifləməzdi. Deyərdi ki, “Mənim arzum özümdən sonra məndən çox bilən, öz işini sevən professionallar yetişdirməkdən ibarətdir.”

Eldar müəllim də ustadı kimi ünvanına tərifli sözlər eşitməyi xoşlamır. Bir kollektivdə çalışdığı alim yoldaşları və dostları həmişə  qazandığı uğurlara görə onu tərifləyəndə israrla belə deyir: “Məni çox da tərifləməyin. Təriflə mənə pislik etmiş olarsınız. Yalnız mənimlə həmfikir olmağınızı, qarşıya qoyduğumuz hədəflərə və məqsədlərə birgə çatmağımızı sizin mənə minnətdarlığınızın  barız nümunəsi olaraq qəbul edirəm...” Özünəxas müsbət aurası və mənəvi dəstəyi ilə başqalarına  ruh verən Eldar Şahbazov elmi tövsiyələrini, məsləhətlərini gələcəyin neft mütəxəssislərindən əsirgəmir, yetişdirdiyi gənc alimlərin karyera uğurlarına həvəslə imza atır.

...İsti avqust günlərinin birində bir saatlıq söhbətdən sonra Eldar müəllimlə xudahafizləşib Dənizkənarı Milli Parka yollandım. İçimə sanki həzin meh sığal çəkirdi. Dəniz tərəfə boylandım. Mehdən əsər - əlamət yox idi. Bəs bu meh hardan əsir? - deyə düşündüm. Bəlkə bu həzin, könüloxşayan meh Elçin Kazımovun bələdçilik etdiyi “Eldar dünyası”ndan qopub gəlirdi?! Elçin müəllimin zəhmətə qatlaşıb sözün qüdrəti ilə qələmə aldığı kitabın oxuculara, Eldar müəllimin tələbələrinə xoş təsir bağışlayacağına əminəm. Qoy, mənim bu kiçik qeydlərim də neft elminə və sənayesinə böyük töhfələr verən professor Eldar Şahbazov  dünyasına ərmağan olsun!

Nurəddin Ədiloğlu, “İki sahil”