Avqustun 24-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında təşkilatın informasiya resursu olan “veteran.gov.az” rəsmi internet saytının yeni versiyasının təqdimat mərasimi keçirilib. Tədbirdə müharibə veteranları ,media təmsilçiləri, ictimai-siyasi xadimlər və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları iştirak edib.
Mərasimi giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov bildirib ki, sayt veteranların keçdiyi döyüş yolu, göstərdikləri qəhrəmanlıqlar haqqında gənclərin məlumatlandırılmasında müstəsna rol oynayır: “6 ildir ki, bu sayt fəaliyyət göstərirdi. Amma, müasir tələblərə cavab vermirdi. Veteranlar da qarşılarına məqsəd qoyublar ki, internetin imkanlarından maksimum istifadə etsinlər və dünyada, eləcə də ölkəmizdə baş verən ən son hadisələrdən məlumatlı olsunlar. Ona görə də biz "veteran.gov.az" saytının modernləşməsi ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etdik. Beləliklə, qurumun əməkdaşları tərəfindən saytın yeni versiyası hazırlandı.”
Polkovnik Cəlil Xəlilov, saytın yeni versiyasının hazırlanmasını zəruri edən səbəblərə toxunarkən deyib ki, 44 günlük Vətən müharibəsi dövründə dövlətimiz düşmənə qarşı informasiya cəbhəsində də ciddi mübarizə apardı. Düşmənlə informasiya müharibəsinin hələ də davam etməsi, o cümlədən müasir dünyada çevik informasiya təminatının artan rolu daha təkmil və müasir informasiya vasitələrinə sahib olmağı zəruri edir.
Polkovnik, yeni saytın kiber hücumlara, kənar müdaxilələrə qarşı daha mükəmməl müdafiə sisteminə malik olduğunu və yeni dizaynda fəaliyyət göstərəcəyini bildirib.
Daha sonra C.Xəlilov qeyd edib ki, "veteran.gov. az" saytının əsas məqsədlərindən biri də Azərbaycan ictimaiyyətində vətənpərvərliyin güclənməsinə öz töhfəsini verməkdir: “Birinci və İkinci Qarabağ müharibəsi dövründə qəhrəmanlıq göstərmiş vətənpərvər Azərbaycan oğullarının tanıdılmasında saytımızın xüsusi əməyi olacaq. Bununla yanaşı, gənclərimizə veteranların tövsiyələri, veteranların sosial müdafiəsi, veteranlara hüquqi məsləhətlərin verilməsi, yardımların göstərilməsi istiqamətində də saytımız fəaliyyət göstərməkdə davam edəcək. Azərbaycan veteranlarına göstərilən diqqət və qayğı, veteranların hazırkı fəaliyyəti, sosial müdafiəsi ilə bağlı məsələlərin təbliğində də "veteran.gov.az" saytı xüsusi rol oynayacaq.
Saytımız qeyd etdiyim məsələlərlə bağlı 3 dildə (azərbaycan, ingilis, rus) həm ölkə ictimaiyyətinə, həm də dünya ölkələrinə geniş və operativ məlumat verəcək.”
Saytı yeniləyərkən hər yaş kateqoriyasından olan oxucunu nəzərə aldıq
"Veteran.gov.az" saytı haqqında tədbir iştirakçılarına ətraflı və geniş məlumat verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Günay Əhmədova, saytın yeni versiyasının müasir tələblər səviyyəsində hazırlandığını vurğulayıb: “Saytın versiyasını yeniləmək üçün dünya mediasını araşdırmağa başladıq ki, xarici mətbuatda veteranlar təşkilatının saytları hansı üslubdadır. Araşdırma və təhlildən sonra əməkdaşlarımızla birgə "veteran.gov.az" saytında həm dizayn, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha təkmil, yeni informasiyalarla zəngin, yeni funksional bölmələr əlavə etmək və ən son texnologiyalar tətbiq edilməklə dəyişikliklər etdik. Saytı yeniləyərkən hər yaş kateqoriyasından olan oxucunu nəzərə aldıq. Sayt 3 dildə azərbaycan, rus və ingilis dilində məlumat bazası zənginləşdirilən resurslarla vətəndaşların istifadəsinə verilib. Ana səhifədə “Haqqımızda”, “Xəbərlər”, “Veteranların hüquqları”, “Məlumat mərkəzi”, “Yaddaş”, “Əlaqə”, “Tez-tez verilən suallar” “Foto qalereya”, “Video qalareya” bölmələri daha da təkmilləşdirilib, istifadə baxımından saytın rahatlığı təmin edilib. Sayt foto və video materiallarla zəngindir və müasir multimedia icra üsulları ilə onlara internet şəbəkəsi vasitəsi ilə baxılmasına imkan yaradılıb.”
G.Əhmədova vurğulayıb ki, gündəlik və həftəlik olaraq saytın “Manşet” bölməsində Vətən müharibəsində şəhidlik məqamına yüksələn, şəhadəti ilə tarix yazan, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş igid Azərbaycan oğulları haqqında yazılar yerləşdiriləcək: “Məqsədimiz odur ki, qəhrəmanlarımızı gənclərimizə, sayta daxil olun istənilən ziyarətçiyə tanıdaq.”
Cəmiyyətin operativ məlumatlandırılması və düşmənə qarşı informasiya mübarizəsində media əsas platformadır
Tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan, qeyri-hökümət təşkilatları sırasında kifayət qədər böyük nüfuz sahibi olan quruma çevrilib: “Veteranlar Təşkilatı böyük bir tarix və məktəbdir. Təşkilatın üzvlərinin hər biri Azərbaycanın ictimai-siyasi həyatında sevilən insanlardır. Onların hər birinin həyatı hekayəsi gənclərimiz üçün örnəkdir, vətənpərvərlik məktəbidir. Veteranlar Təşkilatına yaradılan şəraitə, qurumun fəaliyyətinə verilən önəmə və göstərilən diqqətə görə dövlətimizə, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm.”
V.Rəhimzadə müasir dövrdə medianın roluna diqqət çəkərək, həm cəmiyyətin operativ məlumatlandırılmasında, həm də düşmənə qarşı informasiya mübarizəsində medianın əsas platformalardan biri olduğunu bildirib: “Veteranların yeniliklər barəsində məlumatlandırılmasında, habelə onların keçdiyi döyüş yolu, göstərdikləri qəhrəmanlıqlar haqqında gənc nəslin bilgiləndirilməsində “veteran.gov.az” saytının yenilənən versiyası böyük rol oynayacaq. Eyni zamanda, yenilənən sayt Veteranlar Təşkilatının fəaliyyətinin ictimailəşməsində də müstəsna əhəmiyyət kəsb edəcək.”
Baş redaktor bildirib ki, bu günə qədər və bundan sonra da cəmiyyətimizin veteranlara verdiyi qiymətin nümunəsi olaraq Təşkilatın fəaliyyətini işıqlandırmaq hər kəsin borcudur. Qarşılıqlı əməkdaşlıq fonunda fəaliyyətimizi davam etdirək, qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olaq.
Saytın yeni versiyasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları tərəfindən hazırlandığını bildirən polkovnik Cəlil Xəlilov, göstərdiyi dəstəyə görə bu qurumun rəhbərliyinə, o cümlədən həmin nazirliyin əməkdaşlarına öz təşəkkürünü bildirib, onları Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Fəxri Fərmanları ilə təltif edib.
Yaqut Ağaşahqızı, “İki sahil”