Azərbaycanın neft-qaz sənayesinə ağır itki üz vermişdir. Uzun illər Azərbaycan neft sənayesində rəhbər vəzifələrdə çalışmış Söhrab Məhəmməd oğlu Salmanov ömrünün 80-ci ilində vəfat etmişdir.
Söhrab Salmanov Odessa Dəniz Donanması Mühəndislər İnstitutunun Bakı filialında təhsil almaqla yanaşı gənc yaşlarından “Paris kommunası” və “Vano Strua” adına gəmi təmiri zavodunda çilingər şagirdi, çilingər və qaynaqçı kimi çalışmışdır. Sonrakı illərdə Azərbaycan Neft Sənayesi Nazirliyinin Gəmi təmiri zavodunda usta, sex rəisi, şöbə rəisi, baş mühəndis vəzifələrində işləmiş və böyük uğurlar qazanmışdır. 1970-1980-ci illərdə isə zavodun direktoru olmuşdur.
Mənalı və şərəfli həyat yolu keçən S.M.Salmanov 1980-1989-cu illərdə “Xəzərdənizneftqaz” İstehsalat Birliyi Baş direktorunun müavini vəzifəsinə yüksəlmişdir. Üç il müddətində Bakı şəhər İcraiyyə Komitəsinin sədr müavini işləyən S. Salmanov 1992-ci ildə yenidən ARDNŞ-də fəaliyyətini davam etdirmiş, şirkətin Maddi Texniki Təchizat Baş İdarəsinin rəisi və maddi-texniki təchizat, nəqliyyat və sosial inkişaf üzrə vitse-prezident vəzifələrində çalışmışdır. Onun “Azəri Mİ Drillinq Fluids” şirkətində göstərdiyi əmək fəaliyyəti də xüsusi olaraq qeyd edilməlidir. S.M.Salmanov məhsuldar fəaliyyət göstərmiş, sənayenin bu mühüm sahəsi üçün aktuallıq kəsb edən bir sıra problemli məsələlərin həllində yaxından iştirak etmişdir.
Bütün həyatını Azərbaycan neft sənayesinin inkişafına həsr etmiş Söhrab Salmanov özünü yüksək səviyyəli mütəxəssis, bacarıqlı rəhbər kimi göstərmişdir. Neft-qaz, tikinti, digər istehsalat sahələrinin maddi-texniki təchizatının təşkili, dəniz neft donanmasının maddi-texniki bazasının gücləndirilməsi, nəqliyyat vasitələrinin istismarında səmərəliliyin artırılması və neftçilərin sosial məsələlərinin həllində onun böyük rolu olmuşdur.
S.M.Salmanovun yorulmaz fəaliyyəti daim diqqət mərkəzində olmuş, əməyi yüksək qiymətləndirilmişdir. O, “Şöhrət” ordeni ilə təltif olunmuş, Azərbaycan Respublikası Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı və medalla təltif olunmuş, “Azərbaycan SSR neft və qaz sənayesinin əməkdar işçisi” fəxri adına layiq görülmüşdür.
Zəngin təcrübəyə, yüksək təşkilatçılıq bacarığına və insani keyfiyyətlərə malik rəhbər işçi, peşəsinin vurğunu kimi neftçilərin dərin rəğbətini qazanmış Söhrab Salmanovun əziz xatirəsi bütün neft-qaz sənayesi işçilərinin və onu tanıyanların qəlbində daim yaşayacaqdır.
ALLAH rəhmət eləsin!
Rövnəq Abdullayev, Xoşbəxt Yusifzadə, Süleyman Qasımov, Elşad Nəsirov, Bədəl Bədəlov, Xalik Məmmədov, Rəfiqə Hüseynzadə, Yaşar Lətifov, Daşqın İsgəndərov, Kənan Nəcəfov, Zaur Qurbanov, Cahangir Əliyev.
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib