İkisahil.TV-nin bugünkü müsahibi Milli Məclisin deputatı Cavid Osmanovdur
- Cavid müəllim, hazırda işğaldan azad edilmiş regionlarımızda genişmiqyaslı abadlıq-quruculuq işləri, yenidənqurma fəaliyyəti həyata keçirilməkdədir. Əldə edilmiş uğurlu nəticələrlə bağlı nə deyərdiniz?
-Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti ilk gündən ona böyük ictimai dəstək, xalqın sonsuz inam və etibarını qazandırmışdır. Prezident İlham Əliyev isə bu gücə arxalanaraq, xalqın inam və etimadını istinad nöqtəsi kimi dəyərləndirmiş, qəbul etdiyi bütün taleyüklü qərarlarda yalnız xalqın mənafeyini rəhbər tutmuşdur. Füzulidə beynəlxalq əhəmiyyətli hava limanının istifadəyə verilməsi Qarabağda davam etdirilən digər nəqliyyat-tranzit kommunikasiyalarına da regiona xüsusi diqqətin artmasına səbəb olmuşdur. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş rayonlara səfərləri Azərbaycanın gücünü və bu bölgəni qısa zamanda bərpa etmək potensialını göstərir. Qısa zamanda erməni vandallarının xarabalığa çevirdiyi ərazilərimizdə həyat artıq canlanır. Qarşıda duran əsas məsələ Azərbaycanın tarixi Qələbəsinin nəticələrinin möhkəmləndirilməsi üçün işğaldan azad olunan Qarabağ bölgəsində əhalinin dayanıqlı məskunlaşmasını təmin etmək və həmin ərazilərin müasir və abad yaşayış məkanına çevrilməsi məqsədilə əlverişli mühitin yaradılmasıdır. Artıq bərpa-quruculuq prosesinə diqqətlə, koordinasiya olunan tərzdə, vahid mərkəzdən idarə edilərək başlanılıb. Sevindirici haldır ki, işğaldan azad edilən ərazilərimizin kifayət qədər böyük iqtisadi potensialı vardır.
-44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük Qələbədən sonra YAP-ın fəaliyyətində yeni dövr başlayıb. Bu günlərdə biz bunun bir daha şahidi olduq. Formalaşan yeni tərkib qarşıya qoyulan vəzifələrin icrası üçün hansı perspektivlər vəd edir?
- Modern çağımız yeni dünya nizamının gətirdiyi yeniliklərlə ayaqlaşmaq, qlobal çağırışlara adekvat cavab vermək, demokratik dəyərlərin daha geniş vüsət almasında maraqlı olmaq kimi dəyərlər Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycan dövlətinin müəyyənləşdirdiyi prioritet istiqamətlərdən biridir. Azərbaycanın müstəqil dövlət olaraq inkişaf mərhələlərini təhlil edərkən tam məsuliyyətlə qeyd edirik ki, YAP-ın həyata keçirdiyi tədbirlər, qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikasının bugünkü inkişaf səviyyəsinə çatması baxımından mühüm rol oynayıb. Bu gün ölkəmizdə YAP-a rəqib ola biləcək hansısa partiya yoxdur. YAP yarandığı gündən xalqın dəstəyini alıb və bu gün də almaqdadır. Ötən müddət ərzində Yeni Azərbaycan Partiyasının yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, görülən bütün işlər Azərbaycanın milli maraqlarına tam cavab verib, ölkəmizin müstəqilliyinə, milli təhlükəsizliyimizə, Azərbaycan vətəndaşlarının maddi rifah halının gündən-günə daha da yaxşılaşmasına, respublikamızın tərəqqisinə xidmət edib. Bu gün ölkəmizin inkişafı üçün yeni imkanlar açılıb. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz Zəfər bu imkanları şərtləndirir”.
- Sizcə, Ermənistan bu reallıqları necə qarşılayır?
- Hər halda Ermənistan anlamalıdır ki, artıq Azərbaycanın qazandığı Qələbənin yaratdığı yeni vəziyyətə uyğunlaşmağa məcburdur. Çünki artıq Azərbaycan dünyada qalib ölkə kimi qəbul edilir. Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. 30 ilə yaxın müddət ərzində, erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq.
- Vətən müharibəsinin yaratmış olduğu yeni reallıq ölkənin siyasi münasibətlərinin formalaşmasında da xüsusi rol oynayıb. Bu reallıqlar kontekstində siyasi partiyalarla yaradılan dialoq mühitini necə xarakterizə edərdiniz?
- Ölkəmizdə sosial, iqtisadi, mədəni, ictimai-siyasi sahədə aparılan islahatlar öz bəhrəsini verir. Xüsusi vurğulanmalı məsələ isə çoxpartiyalı sistemin inkişafı, iqtidarla müxalifət arasında qarşılıqlı anlaşma şəraitində keçən dialoq prosesidir. Azərbaycanda siyasi dialoq mühitinin daha da demokratikləşdirilməsi fonunda 44 günlük Vətən müharibəsi zamanı dövlətin təməl prinsiplərinin rəhbər tutularaq əksər siyasi partiyanın bəyanat qəbul edərək orduya və Ali Baş Komandana dəstək verməsi olduqca mühüm amil idi ki, bu da ictimaiyyət tərəfindən hərarətlə qarşılanaraq insanları bir daha həmrəy etdi, onların mübarizə əzmini artırdı. Siyasi partiyalar tərəfindən 8 birgə bəyanatın və 2 birgə müraciətin imzalanması bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı ən çətin məqamlarda belə milli həmrəylik nümayiş etdirərək ümummilli məsələlərdə birləşməyə qadirdir.
- Müharibə bitsə də postmüharibə dövründə müxtəlif informasiya təxribatlarına rast gəlirik. Ölkəmizin əldə etdiyi Qələbə və uğurla həyata keçirdiyi bərpa-quruculuq işləri erməniləri və onlara havadarlıq edən xarici gücləri narahat edir. Onların ölkəmizdəki əlaltılarının bu narahatlığa dəstəklərini necə şərh edərdiniz?
- Anti-Azərbaycan qüvvələrin yenidən daxildəki əlaltılarından alət kimi istifadə edərək, görülən bu əzəmətli işlərin əhəmiyyətini gözdən salmaq istiqamətində fəaliyyətləri müşahidə olunmaqdadır. Dünyada müşahidə olunan qlobal maliyyə-iqtisadi çətinliklər və pandemiya fonunda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət, ölkənin və bölgənin gələcək dayanıqlı inkişafı, işğaldan azad edilən ərazilərdə çox sürətlə nəhəng işlərin görülməsi nəinki antimilli qüvvələri təəccübləndirir və ya narahat edir, hətta bu uğurları onların gözləri götürmür.
Görünür onlara ancaq xaos və anarxiya lazımdır. Bu gün Qarabağın, işğaldan azad edilmiş bütün ərazilərimizin dirçəlişi üçün ən yüksək standartlarla inkişaf planı və proqram hazırlanmış, həyata keçirilməsinə başlanmışdır. Füzuli Beynəlxalq Hava Limanının qısa zamanda inşası işğaldan azad olunmuş bütün ərazilərdə elektrik stansiyalarının qurulması, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi, mədəniyyət paytaxtı Şuşanın dirçəldilməsi istiqamətində misilsiz işlərin görülməsi, sözün həqiqi mənasında, möcüzədir. Bu bir gerçəklikdir ki, Vətən müharibəsinin hərbi mərhələsi bitsə də, beynəlxalq aləmdə və mediada erməni faşizminin ifşası məqsədilə informasiya mübarizəmiz davam edir.
Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, «İki sahil»