18 sentyabr 2021 02:58
1310

“Əsrin müqaviləsi”: Azərbaycanın neft strategiyasının şanlı səhifəsi

Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərməklə, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi

1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq” yataqlarını və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” müqavilə imzalandı. Təxminən 400 səhifə olan və 4 dildə tərtib edilən müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını aldı. Müqavilədə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil”, “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak edirdilər. Bununla da, müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyuldu. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərməklə, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. Bu müqavilə çərçivəsində ilk neft “Çıraq” yatağından 1997-ci il noyabrın 7-də əldə edilib. “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb olub. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan vaxt Azərbaycanın tarixində ən aşağı səviyyədə - 9,5 milyon ton olan neft hasilatı 2010-cu ildə 5 dəfədən çox artaraq 51 milyon tona çatıb. Keçən il ölkədə 34 milyon 585,4 min ton neft hasil olunub.

Yeni neft strategiyasının gerçəkləşməsi ilə respublikamızın neft ehtiyatlarının istismarına böyük həcmdə xarici investisiya cəlb edilib. O vaxtdan bəri AÇG yataqlar blokunun işlənməsinə təqribən 35 milyard dollar sərmayə qoyulub. “Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlər ilə daha 34 saziş imzalanıb. Təkcə onu demək kifayətdir ki, Dövlət Neft Şirkəti 15 ölkənin 25 şirkəti ilə imzalanmış hasilatın pay bölgüsü sazişində Azərbaycan dövlətini uğurla təmsil edir. Həmin sazişlər çərçivəsində 1995-2013-cü illərdə Azərbaycanın neft-qaz sektoruna təqribən 51,6 milyard dollardan çox sərmayə yatırılıb. SOCAR bu gün dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, Azərbaycandan kənarda da böyük layihələr həyata keçirən müasir bir şirkətdir. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstana, Türkiyə və digər ölkələrə nəql edilir.

 

“Yeni əsrin müqaviləsi” Azərbaycanın maraqlarını tam təmin edir

Ulu öndər Heydər Əliyev 1994-cü ilin 14 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması barədə Fərman imzaladı, düz 23 il sonra isə həmin gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müqavilənin müddəti daha 32 il uzadıldı. Belə ki, 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar. Sazişə əsasən BP layihənin operatoru olaraq qaldı. Saziş Milli Məclis tərəfindən oktyabrın 31-də ratifikasiya olundu.

“Yeni əsrin müqaviləsi” adlandırılan bu sazişin imzalanması Azərbaycanın neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin və getdikcə inkişafının daha bir aydın nümunəsi idi. Cənab İlham Əliyev bu layihə ilə Azərbaycanın neft tarixində yeni mərhələnin əsasını qoydu. Bu, eyni zamanda, ölkənin iqtisadi gücünün çoxalması, yeni investisiya qoyuluşları, ümumi daxili məhsulun artması, yeni iş yerlərinin açılması və əhalinin sosial rifahının daha da yaxşılaşdırılması demək idi.

Bu saziş Azərbaycan üçün daha da əlverişli hesab edilir. Baxmayaraq ki, 1994-cü ildə imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu dəfəki saziş isə daha da yaxşı şərtlərlə imzalandı. Sazişin “Yeni əsrin müqaviləsi” adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. Belə ki, sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı və beynəlxalq tərəfdaş şirkətlər Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəməli olacaq. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Qarşıdakı illərdə AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

Bu sazişin ardınca SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub. Hazırda AÇG-də tərəfdaşların iştirak payları belədir: BP - 30,37 faiz, “AzACG” (SOCAR) - 25 faiz, “MOL”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TP” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.

Yeni müqavilənin şərtləri Azərbaycanın və SOCAR-ın son illərdə artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, həm də xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına inamını da göstərir. Yəni, ölkəmizin yaratdığı tərəfdaşlıq formatını yeni müstəviyə qaldırır. Hazırda “Yeni əsrin müqaviləsi” - “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi çərçivəsində bir neçə istiqamətdə iş aparılır. AÇG-nin operatoru olan bp şirkətinin məlumatına görə, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, işlər vəziyyətə uyğunlaşdırılmaqla fasiləsiz icra edilir. Ümumilikdə ACE layihəsindən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri qrafikə uyğun gedir. Bu isə o deməkdir ki, “Azəri Mərkəzi Şərqi” layihəsi - “Yeni əsrin müqaviləsi” ilk neftini nəzərdə tutulduğu vaxt, yəni 2023-cü ildə verəcək.

Sevinc Azadi, “İki sahil”