19 sentyabr 2021 12:07
703

«Əsrin müqaviləsi» bugünkü reallıqlarımızın təməlidir

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə başlanmış Azərbaycanın yeni neft strategiyası bu gün ölkəmizin hərtərəfli inkişafını təmin edir

Azərbaycan xalqının ən böyük arzularından biri malik olduğumuz təbii sərvətlərin əsl sahibinə çevrilmək idi. Azərbaycan dövlət müstəqilliyini 1991-ci ilin oktyabrında bərpa etsə də bu sevinci 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaşamağa başladı. Azərbaycanın  müstəqil dövlət kimi özünün yeraltı və yerüstü sərvətlərinin şəriksiz sahibi olduğunu bütün dünyaya bəyan etməsinə geniş imkanlar yaradan “Əsrin müqaviləsi”nin imzalanmasının 27-ci ili tamam olur. 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanmış bu nəhəng neft sazişi regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu.”

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanması ilə Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. İmzalanma mərasimində Ümummilli Lider bu mühüm hadisəni belə dəyərləndirmişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq”.

«Əsrin müqaviləsi» Azərbaycan qarşısında geniş imkanlar açdı, dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi. Ölkəmizə inamın artması fonunda illər geçdikcə imzalanan sazişlərin, Anlaşma memorandumlarının sayı artdı. Dünyaya «açıq qapı» siyasəti həyata keçirən Azərbaycan ölkəmizə xoş niyyətlə ayaq basan bütün iş adamlarının üzünə qapılarını açdı, onların qoyacaqları investisiyaların təhlükəsizliyinin təmin olunduğunu bəyan etdi. Bu baxımdan «Əsrin müqaviləsi»nin əhəmiyyətindən bəhs edərkən onun iqtisadi tərəfi ilə yanaşı, siyasi tərəfi xüsusi önə çəkilir. Müstəqillik  yollarında ilk addımlarını atan ölkə üçün onun beynəlxalq aləmdə tanıtımı  və mövqeyini möhkəmləndirməsi xüsusi əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan xaos, anarxiya, özbaşınalıqlar,  iqtisadi böhran Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdur, investorlar qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Amma bir məqamı unutmayaq ki, Azərbaycan hər zaman yerləşdiyi coğrafi məkana və malik olduğu  enerji resurslarına görə daim dünyanın diqqət mərkəzində olub. Bu diqqət ayrı-ayrı dövrlərdə fərqliliyi ilə diqqət çəkib. Belə ki, 1993-cü ildə  ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin, təhlükəsizliyin, normal iqtisadi mühitin yaradılması tərəddülərin aradan qaldırılmasını şərtləndirdi.  Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi onun uzaqgörən siyasətinin nəticəsi idi. Ulu Öndər bildirirdi ki, heç bir ölkə qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 

Bir mühüm məqamı da xüsusi qeyd edək ki, ulu öndər Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında onun ən yaxın silahdaşı məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyevin xidmətləri böyük  idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab  İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə olunması üçün gərgin səylər göstərmişdir.

Bu reallıq da inkaredilməzdir ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanarkən bəziləri bunun uğuruna inanmırdı. Hesab edirdilər ki, müqavilə elə kağız üzərindəcə qalacaq. Çünki onun həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda, siyasi və geosiyasi məsələlər öz həllini tapmalı idi. Ulu öndər  Heydər Əliyevin gələcəyə hesablanmış  neft strategiyası və diplomatiyası qarşıda dayanan  bütün məsələlərin uğurlu icrasına geniş  imkan yaratdı.

Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regionda inkişafın aparıcı qüvvəsinə çevrildi. O da məlumdur ki,  “Əsrin müqaviləsi” imzalanan zaman Ulu Öndər Azərbaycanın gələcəkdə daha geniş imkanlara malik neft ixracı marşrutu kimi məhz Bakı–Tbilisi-Ceyhan variantına üstünlük verdiyini bəyan etmişdi. Qeyd edilən marşurutla bağlı nə qədər təkliflər və təzyiqlər edilsə də Azərbaycan yenə də siyasətində müstəqil olduğunu nümayiş etdirdi. Belə ki, ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində bütün bu maneələr dəf olundu, BTC marşurutu seçildi.  2002-ci il sentyabr ayının 18-də Səngəçal terminalında Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə həmin kəmərin təməli qoydu. 2006-cı ilin iyulun 13-də isə  kəmərin təntənəli açılış mərasimi keçirildi. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verməyə başladı.

Qeyd edək ki,  Azərbaycan neftinin Ceyhan terminalına məhz 28 May- Respubilka Günündə çatması da  özündə bütün məqamları ehtiva edir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının böyük rolu vardır. “Üç dəniz əfsanəsi” adlandırılan və strateji əhəmiyyəti ilə seçilən layihənin əfsanədən gerçəkliyə çevrilməsi ötən qısa zamanda Azərbaycana çox böyük siyasi və iqtisadi qazanclar gətirib. İllər geçdikcə əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, regional çərçivədən beynəlxalq səviyyəyə çıxması Azərbaycanın etibarlı tərədaş kimi mövqeyinin möhkəmlənməsinin göstəricisidir. Azərbaycan nəhəng enerji layihələrinin fəal iştirakçısına və mərkəzinə çevrilib.

Dövlət başçısı İlham Əliyevin daim vurğuladığı kimi, bayram tədbirləri, hər bir önəmli hadisə keçilən yolun  təhlilini bir zərurət kimi ortaya qoyur. “Əsrin müqaviləsi” Azərbaycana nə verdi” sualına cavab təbii ki, bugünkü reallıqlarımızdır. Dövlətimizin başçısı İlham Əliyev  Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirmişdir: “Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz     göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik.» Eyni zamanda, bu fikir də səsləndirilmişdir ki, Cənub Qaz Dəhlizi bu günə qədər görülən işlərin zirvəsidir.

Yaxın günlərdə  dövlət müstəqilliyimizin bərpasının 30-cu ildönümü qeyd olunacaq. 30 illik müstəqillik tariximizi  vərəqlədikdə  1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xidmətləri sırasında   iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verərək, malik olduğumuz təbii resurslardan səmərli istifadə etmək məqsədilə  müəllifi olduğu neft strategiyası önə çəkilir, onun uğurları qeyd edilir. Ölkə Prezidentinin çıxışlarında “Əsrin müqaviləsi”ndən öncə  Beynəlxalq Neft və Qaz sərgi-konfransının keçirilməsinin  malik olduğumuz iqtisadi imkanların təqdimatında əhəmiyyəti xüsusi qeyd olunur. 2018-ci ildə Cənub Qaz Dəhlizinin  rəsmi açılışı yubiley- XXV Beynəlxalq Neft və Qaz sərgisinə təsadüf etdi. İldən-ilə sərginin iştirakçısı olan dövlətlərin, şirkətlərin sayında artım da Azərbaycanın iqtisadi, siyasi  inkişafına verilən dəyərdən, ən əsası sabitlik diyarı kimi nüfuz qazanmasından irəli gəlir.  “Biz əgər tarixə baxsaq görərik ki, məhz o vaxtdan bu günə qədər Azərbaycan inamla inkişaf edir, ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir və ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən neft-qaz sektorumuz da inkişaf edir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  “Azəri-Çıraq-Günəşli” neft yataqları dünyanın ən böyük neft yataqlarından biridir və 2017-ci ildə, «Əsrin müqaviləsi»nin imzalanmasından  24 il sonra  sazişin  müddəti  2050-ci ilə qədər uzadıldı: “Yəni, bu, özlüyündə onu göstərir ki, bu yataqda nə qədər böyük neft ehtiyatları var. “Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı. Biz o xarici şirkətləri dəvət etdik və bu gün “Əsrin kontraktı”nın icrası çox uğurla gedir və bu kontraktın imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası icra olunmağa başlamışdır.»

Bugünkü reallıqlarımız Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə çatdığını təsdiqləyir. Hər bir layihənin uğurlu sonluqla başa çatması növbəti layihələrin gündəmə gətirilməsini şərtləndirir. Azərbaycan beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır.  Dövlətimizin başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa  müraciətində bu məqamı  xüsusi olaraq vurğulamışdır ki, gəlin fərz edək ki, əgər 1994-cü ildə "Əsrin müqaviləsi" bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası bizə böyük imkanlar yaratdı, böyük imkanlar da yaradacaqdır və biz bundan  səmərəli istifadə edəcəyik.

Bu gün  artıq dünya Cənub Qaz Dəhlizinin, onun əsas seqmentləri olan TANAP-ın və TAP-ın iqtisadi və siyasi əhəmiyyətindən bəhs edir.  Onu da qeyd edək ki, Cənub Qaz Dəhlizinin təməli 2014-cü ildə «Əsrin müqaviləsi»nin imzalanmasının 20 illiyi ərəfəsində qoyulmuşdur.  O zaman bu inam ifadə edilmişdir ki,  layihə uğurla, vaxtında icra ediləcək. «Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır» söyləyən cənab İlham Əliyev keçilən yolun uğurlarına, eyni zamanda, gündəmə gətirilən hər bir layihənin icrasının nəzərdə tutulduğu vaxtda başa çatdırılmasına söykənərək  bildirir ki,  düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir.

Son illərin uğurları sırasında  2017-ci  ilin noyabrında  iki milyardıncı ton neftin  hasil edilməsini  xüsusi qeyd etməliyik. Cənab İlham Əliyev bu münasibətlə keçirilən təntənəli mərasimdə bildirmişdir: «Neftin vətəni Azərbaycandır, neft sənayesi, bax, buradan başlanmışdır. Bu gün-artıq 200 ilə yaxın vaxt  keçəndən sonra da Azərbaycan dünyada neft ölkəsi, qaz ölkəsi  kimi öz sözünü deyir. Bu gün bizim neftimiz xalqımıza məxsusdur.»

1999-cu ildə  Dövlət Neft Fondunun yaradılması da ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Neft gəlirlərindən səmərəli istifadəni təmin etmək məqsədilə yaradılan bu qurumun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafına geniş imkanlar açır. Cənab İlham Əliyevin çıxışlarında da bu məqam hər zaman yer tutur ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də onlara böyük uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanda iqtisadi inkişaf strategiyasının qabaqcıl ölkələrin təcrübəsinə uyğun şəkildə qurulması bu kimi problemlərin yaşanmamasına gətirib çıxarır. Ölkəmizdə neft gəlirlərinin ədalət prinsipi əsasında bölünməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını təmin edir. Bugünümüzün reallıqları ulu öndər Heydər Əliyevin «Neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur» tezisinin təsdiqidir.   

Qısa təhlil fonunda bu fikri böyük inamla qeyd edirik ki,  Xəzər hövzəsinin zəngin  enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur, onların icrasında dövlət büdcəsinə milyardlarla vəsait daxil olur ki, bu da öz növbəsində əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəldilir.  Avropa Birliyinə daxil olan ölkələrin təbii qazla təminatı üçün  nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də  Azərbaycanın regionda və beynəlxalq aləmdə yerinə və roluna xüsusi diqqət yetirilir. Ölkə Prezidenti İlham Əliyevin, eyni zamanda digər Avropa ölkələrinin rəsmilərinin Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan sənədlər Azərbaycanın Avropa üçün önəmini, etibarlı tərəfdaş rolunu bir daha ortaya qoydu.  Azərbaycanla Avropa İttifaqı arasında imzalanan «Tərəfdaşlığın prioritetləri» sənədində də bu kimi məqamlar öz əksini tapmışdır. Cənub Qaz Dəhlizinin gələcək üçün əhəmiyyəti geniş təhlil edilir. Dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd edir ki, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib.

Göründüyü kimi, Azərbaycan malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə yeni dostlar və tərəfdaşlvr qazanır, birgə qəbul edilən qərarlar, göstərilən səylər nəticəsində hər bir layihəni uğurlu sonluqla başa çatdırır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana qarşıdakı illərdə daha möhtəşəm uğurlar qazandıracaq. Zəfərimizin yaratdığı reallıqlar fonunda  işğaldan azad edilmiş rayonlarda bərpa və quruculuq işləri sürətlənəcək, əsl sənnət məkana çevriləcəkdi. Təbii ki, böyük maliyyə tələb edən bu  işlər Azərbaycanın qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirməklə yanaşı, neft strategiyasının uğurlarının təqdimatıdır.

Yeganə Əliyeva, «İki sahil»