20 sentyabr 2021 17:44
1632

Neftçilər Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib FOTO

Bu gün “SOCAR TOWER”də neft-qaz və neft-kimya sənayesi işçilərinin peşə bayramı Neftçilər Günü münasibəti ilə təntənəli tədbir keçirilib.

“İki sahil” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirdə İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, Şirkətin prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Müşahidə Şurasının üzvləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin rəhbər şəxsləri, qabaqcıl neftçilər iştirak ediblər.

Tədbir iştirakçıları vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş Vətən övladlarının, o cümlədən şəhid neftçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş nitqi ilə açan SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib:

"Əziz neftçilər!

Hörmətli qonaqlar!

Bu gün biz qədim tarixi keçmişə, şanlı əmək ənənələrinə malik Azərbaycan neftçilərinin peşə bayramını qeyd edirik. Dünya neft sənayesinin beşiyi başında dayanan, onun inkişaf salnaməsinə parlaq səhifələr yazan Azərbaycan neftçiləri sələflərinin zəngin irsini bu gün də şərəflə yaşadırlar. Neftçilərimiz ölkə iqtisadiyyatının inkişafında əvəzsiz rol oynayır, respublikamızda uğurla həyata keçirilən misilsiz sosial-iqtisadi yüksəlişə dəyərli töhfələr verirlər.

Mən ilk növbədə sizi və sizin simanızda bütün Azərbaycan neftçilərini bu əlamətdar gün münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza ən xoş arzularımı və diləklərimi yetirirəm.

Bu gün tədbirimizdə SOCAR Müşahidə Şurasının sədri, hörmətli Mikayıl Cabbarov və Müşahidə Şurasının hörmətli üzvləri iştirak edirlər. Hörmətli sədri və Şura üzvlərini bir daha salamlayır və vaxt məhdudiyyətinə baxmayaraq, imkan tapıb bayram tədbirində bizimlə olduqlarına görə onlara dərin minnətdarlığımı bildirirəm.

Bu il Neftçilər Günü möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi altında müqəddəs Vətən torpaqlarının işğaldan azad olunmasının birinci ildönümününə təsadüf edir. Rəşadətli Ordumuzun ötən il sentyabrın 27-də başlayan Zəfər yürüşü tam və qəti Qələbə ilə başa çatmış, düşmən diz çökdürülmüş, doğma Qarabağ torpaqlarında üçrəngli bayrağımız qaldırılmışdır. Milli birlik və bütövlüyümüzün sarsılmazlığını bütün dünyaya nümayiş etdirmiş bu möhtəşəm Qələbənin əldə edilməsində neftçilərin də əməyi az deyil.

Dövlətimizin ərazi bütövlüyünün bərpa olunduğu tarixi günlərdə onlar  arxa cəbhədə əzmlə çalışaraq istehsalat vəzifələrinin öhdəsindən şərəflə gəlmiş, Milli Ordumuzun zəfər yürüşünə layiqli töhfələr vermişlər. 500-ə yaxın əməkdaşımız könüllü olaraq cəbhəyə yollanmış, döyüşlərdə iştirak etmişdir. Hərbi əməliyyatlar zamanı 22 əməkdaşımız yaralanıb müxtəlif dərəcəli xəsarətlər almış, 6 neftçi isə canını Vətən uğrunda qurban verərək şəhidlik zirvəsinə yüksəlmişdir.

Əziz dostlar!

Döyüş meydanında düşmən üzərində çaldığımız tarixi Qələbə ölkəmizin iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun, dayanıqlı inkişaf yolunda qazandığı misilsiz nailiyyətlərin məntiqi nəticəsidir. Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş güclü dövlət quruculuğu, davamlı inkişaf və tərəqqi siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilməsi ölkəmizin qüdrətini ilbəil möhkəmləndirmiş, beynəlxalq münasibətlərdə ona mühüm mövqe qazandırmışdır.

Cəmiyyətimizin avanqard qüvvəsi olan Azərbaycan neftçiləri bu prosesin ön sıralarında addımlayaraq, qalibiyyətli enerji strategiyası çərçivəsində bir-birinin ardınca böyük əmək qələbələri qazanmış, regional və qlobal əhəmiyyətli layihələrə imza atmışlar.

Biz hər ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümünü qeyd edirik. Neft-qaz sənayemizin yeni yüksəliş dövrü “Əsrin müqaviləsi” ilə başlanmışdır. “Əsrin müqaviləsi”nin müstəsna tarixi əhəmiyyətini dərindən dərk edən Azərbaycan neftçiləri onun icra olunmasına şərəf işi kimi yanaşır, hər il bu tarixi yeni əmək nailiyyətləri ilə qarşılayırlar.

Bayram ərəfəsində “Azəri-Çıraq-Günəşli” yataqlarında 4 milyardıncı barel neft hasil olundu. Bu böyük nailiyyət əsası Ulu Öndər Heydər Əliyev  tərəfindən qoyulan və hazırda möhtərəm Prezidentimizin müdrik rəhbərliyi altında uğurla davam etdirilən qalibiyyətlili enerji strategiyamızın möhtəşəm  təntənəsini əks etdirir. Bu, dənizdə neftçıxarma işinin əsasını qoymuş Azərbaycan  neftçilərinin rəşadətli əməyinin təcəssümü, növbəti zirvə nöqtəsidir. Mən bu münasibətlə bütün neftçilərimizi təbrik edir və bu böyük əmək qələbəsində xarici tərəfdaşlarımızın rolunu xüsusi qeyd etmək istəyirəm.

Ötən müddətdə həyata keçirdiyimiz bu uğurlu birgə fəaliyyət başda ən böyük partnyorumuz bp şirkəti olmaqla bütün tərəfdaş şirkətlərlərlə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın nümunəsidir.

Bu ilki Neftçilər Günü həm də “Şahdəniz” yatağının işlənilməsinə dair müqavilənin 25-ci ildönümünün qeyd edilməsi ilə əlamətdardır. “Əsrin müqaviləsi” yeni dövrdə Azərbaycanı dünyaya etibarlı neft ixracatçısı, “Şahdəniz” layihəsi isə qaz ixracatçısı, alternativ təbii qaz mənbəyi kimi tanıtmışdır. Layihənin qısa müddətdə icra olunması Azərbaycanın dünya enerji bazarında layiqli yer tutması, qlobal enerji təhlükəsizliyinə layiqli töhfə verməsi üçün geniş imkanlar açmışdır.  “Şahdəniz” yatağından hasil edilən təbii qaz həcmlərinin Avropa istehlakçılarına çatdırılması üçün Azərbaycan Prezidentinin təşəbbüsü ilə və daimi nəzarəti altında həyata keçirilən Cənub Qaz Dəhlizi ötən il istismara buraxıldı. Möhtərəm Prezidentimizin sözləri ilə desək, “Cənub Qaz Dəhlizi artıq reallıqdır. Azərbaycanın indiyədək çox uğurlu olan və öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir”. Qarşıdakı 25 il müddətində Avropa istehlakçılarını mavi yanacaqla təchiz edəcək Cənub Qaz Dəhlizi Avropaya açılmış 4-cü qaz magistralı kimi enerji təhlükəsızliyi sistemində mühüm rol oynayır.

Onun əsas və aparıcı qüvvəsi isə məhz Azərbaycandır. Dəhlizin dəyər zəncirinin bütün komponentlərində SOCAR və tərəfdaşları səhmdar qismində aktiv iştirak edirlər. Əsas seqmentlərdən olan Cənubi Qafqaz Boru Kəmərinin operatorluğunun bp-dən SOCAR-a ötürülməsi prosesi bu il müvəffəqiyyətlə başa çatmışdır. TANAP boru kəmərində isə SOCAR əsas paya malikdir. Beləliklə, güclü ixrac və investisiya potensialı Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini qat-qat artırmışdır. Bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də respublikanın iqtisadi müstəqilliyinin və beynəlxalq nüfuzunun güclənməsi deməkdir.

Avropada qaza tələbatın artdığı indiki dövrdə Cənub Qaz Dəhlizi son onilliyin ən möhtəşəm meqa-layihəsi kimi beynəlxalq ictimaiyyətin xüsusi diqqət mərkəzindədir. Cari ilin əvvəlindən Dəhliz vasitəsi ilə Avropa bazarlarına təxminən 5 mlrd. kubmetr, Türkiyəyə isə  5.7 mlrd. kubmetr “Şahdəniz” qazı nəql edilmişdir. “Şahdəniz” layihəsi və Cənub Qaz Dəhlizinin reallaşdırılması bir daha sübut etmişdir ki, Azərbaycan bu gün kontinental miqyaslı boru kəmərlərini effektli şəkildə inşa və istismar etməyə qadirdir.

SOCAR-ın beynəlxalq reytinqi yüksəldikcə qarşıya onun davamlı olaraq yenilənməsi, müasir norma və tələblərə uyğunlaşdırılması, rəqabət qabiliyyətinin, əməliyyat səmərəliliyinin artırılması kimi həllivacib vəzifələr çıxır. Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyevin Fərmanı ilə  SOCAR-ın Müşahidə Şurası yaradılmışdır. İnanırıq ki, Müşahidə Şurası şirkətin korporativ idarəetmə sistemində və icra strukturunun müasirləşməsi istiqamətində yeni, mütərəqqi üsul və metodlar tətbiq edəcək və SOCAR yeni uğurlar qazanacaqdır.

Bilirsiniz ki, şirkətimizin 2035-ci ilə qədər olan dövrü əhatə edən strategiya sənədi hazırlanmışdır. Sənəddə əksini tapan funksional idarəetmənin mərkəzləşdirilməsi, biznes əməliyyatlarının çevikliyinə nail olunması, bürokratik maneələrin aradan qaldırılması, idarəçilik proseslərinin sadələşdirilməsi, istehsalın Sənaye 4.0 tələblərinə uyğun rəqəmsallaşması, innovativ sahələrə sərmayə qoyuluşlarının artırılması, kadr potensialının  optimallaşdırılması, sosial məşğulluq öhdəliyinin effektiv idarə olunması kimi məsələlər xüsusi aktuallıq kəsb edir. 

Hörmətli tədbir iştirakçıları!

Bu ili, eləcə də ötən ilin böyük bir hissəsini pandemiya şəraitində çalışmışıq. Pandemiya dünya sənayesini, o cümlədən neft-qaz şirkətlərini ağır sınaqlar qarşısında qoymuş, çoxları fəaliyyətində məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalmışdır. Möhtərəm Prezidentimizin sosialyönümlü siyasi xəttinə daim sadiq qalan SOCAR-da isə bazar konyunkturasının qeyri-sabitliyi, OPEK+ razılaşması çərçivəsində qazma və hasilat həcmlərinin azaldılması şəraitində belə radikal addımlar atılmamış, əməliyyatların dayanıqlığı xərclərin optimallaşdırılması nəticəsində təmin olunmuşdur.

Şirkətin iştirakı ilə həyata keçirilən bütün iri layihələr bu gün də qrafikə uyğun olaraq icra  edilməkdədir. Boşdayanmaya məruz qalmış 18024 əməkdaş şirkət hesabına 548 vebinar və praktik təlimlərə cəlb olunmuş, onların səriştəliklərinin təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yeni ixtisasa yiyələnmələri üçün geniş imkanlar yaradılmışdır. 5977 işçinin təkrar qiymətləndirilməsi həyata keçirilmiş, 4775 nəfər iş yerlərində yerləşdirilmişdir.

İxtisara düşən işçilərin hər birinə xüsusi diqqət göstərilmiş, 230 nəfər yiyələndiyi ikinci peşə üzrə  işlə təmin olunmuş, 394 nəfər proqrama qoşulmuş, 159 nəfər orta əmək haqqının 5 misli məbləğində müavinət alaraq işdən azad olunmuş və 252 nəfər işçinin əmək müqaviləsinə öz təşəbbüsü ilə müxtəlif səbəblərdən xitam verilmişdir.

Mövcud obyektiv çətinliklərə rəğmən, şirkətin 6 aylıq istehsalat göstəriciləri qənaətbəxşdir. Cari ilin birinci yarısında SOCAR-ın müstəqil işlədiyi yataqlardan 3,9 milyon ton neft hasil edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 % çoxdur.

Şirkətimizin qaz hasilatı göstəricisi  də 3,9 milyard kubmetr təşkil etmiş, artım isə ötən ilə nisbətən 6,3% olmuşdur. İxrac göstəricilərimiz də ürəkaçandır. Belə ki, ötən 6 ayda ölkə üzrə 8,9 milyard kubmetr qaz ixrac olunmuşdur. Bu isə  ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,7% çoxdur. 2021-ci ilin birinci yarısında xarici bazarlara ötən ilkinə nisbətən 18,2% daha artıq,  1,4 milyon ton həcmində neft və neft-kimya məhsulları göndərilib. Əslində, bu irəliləyişlərin əsası 2020-ci ildə apardığımız gərgin fəaliyyətlə qoyulmuşdur.

Ötən il apstrim seqmenti üçün çətin dövr olsa da SOCAR bu sahədə əsaslı optimallaşdırma tədbirləri nəticəsində 1,4 milyard manat, ticarət, paylanma və satış seqmentində isə 0,3 milyard manat mənfəət əldə etmişdi ki, bu da həmin iki seqment üzrə  2019-cu ildə əldə olunan xalis mənfəətdən çox olmuşdu. Deyilənlər bizim daha effektiv işləməyə qadir olduğumuzu göstərir və əməliyyatlarımızın optimallaşdırılması üçün qarşımızda yeni üfüqlər açır.

OPEK+ razılaşması üzrə götürülmüş öhdəliklər çərçivəsində qazma əməliyyatlarının kəmiyyəti azalsa da, kəşfiyyat və istismar qazmasında keyfiyyətcə ciddi nailiyyətlər qazanılmışdır.

“Şəfəq-Asiman” blokunda qazılan kəşfiyyat quyusu layihə dərinliyinə çatdırılmış və həmin yataqların kəşf olunması ilə nəticələnmişdir. Eyni zamanda “Kazmunayqaz” şirkətinə məxsus “Sətti” özüqalxan qazma qurğusu SOCAR-ın CDC şirkəti tərəfindən modernizasiya olunduqdan sonra bp ilə birgə layihə çərçivəsində Abşeron Yarımadasının Dayazsulu Hissəsində kəşfiyyat quyularının qazılmasına cəlb olunub. Bu iş başa çatandan sonra isə  qurğudan “Babək” strukturunda kəşfiyyat qazması üçün istifadə etməyi planlaşdırırıq.

2010-cu ildə Azərbaycanın müstəqilliyi dövründə daxili resurslar hesabına kəşf edilmiş “Ümid” yatağındakı 1-ci platformadan U1-18 saylı istismar quyusunda aparılmış qazma işləri də uğurla nəticələnmişdir. 6120 metr dərinlikdə başa çatdırılmış qazma nəticəsində məhsuldar qatın Vll horizontu tam açılmış və nəticədə gündəlik 3 milyon kubmetr qaz hasilatı potensialına malik rekord göstəricilər əldə olunmuşdur. Bu da ölkəmizin yanacaq-enerji balansının tənzimlənməsi üçün böyük əhəmiyyət daşıyır.

2008-ci ildən etibarən biznes portfelini şaxələndirərək  müxtəlif sahələrə yatırdığımız investisiyalar öz bəhrələrini verməkdədir.

Cari ilin ilk 7 ayında şirkət qeyri-neft ixracı üzrə ölkədə birinci yerdə qərarlaşaraq bu sahədə gəlirlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə 95% artırmağa müvəffəq olmuşdur.

Qardaş Türkiyədəki aktivlərimiz sürətlə inkişaf edir. 2020-ci ildə “Petkim”, bu il isə STAR neft emalı zavodu Dünya İqtisadi Forumunun nüfuzlu “Gələcəyin zavodları” liqasına daxil edilmişdir. STAR NEZ-in dünya miqyasında bu mükafatı alan ilk neft emalı zavodu olması müəssisəmizin rəqəmsallaşma sahəsində yüksək potensial və mexanizmə malik olduğunun göstəricisidr.  

Ötən həftə keçirilmiş İdarə Heyəti toplantıları göstərdi ki, Türkiyədəki layihələrin builki iqtisadi nəticələri ürəkaçandır və bütün iqtisadi göstəricilər proqnozlaşdırılmış büdcəni xeyli üstələyir. Əminliklə deyə bilərik ki, ilin sonuna kimi bu tendensiya davam edəcəkdir. Bu il digər xarici ölkələrdəki biznes strukturlarının da fəaliyyətindən uğurlu nəticələr gözləyirik.

Ölkə daxilində həyata keçirdiyimiz böyük layihələr də müvəffəqiyyətlə davam etdirilir. “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində aparılan yenidənqurma layihəsi artıq başa çatmaq üzrədir.

Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya layihəsində isə hazırki mərhələ üzrə işlərin 81,5%-i tamamlanmışdır. İşlərin 19,3%-i məhz bu il ərzində görülmüşdür.

İlin sonuna qədər  Avro-5 Dizel istehsalı üçün nəzərdə tutulan qurğular üzrə:

Dizelhidrotəmizləmə qurğusunda tikinti proqresinin 95%-ə,

Hidrogen istehsalı qurğusunda 92-95%-ə çatdırlması;

İstismara hazır olması gözlənilən qurğular üzrə: 

Yeni Məşəl və Buxar istehsalı qurğularında tikinti işlərinin tamamlanması və qurğuların istismara hazırlanması,

aidiyyəti qurğuların enerji təminatı üçün yarımstansiyaların istismara hazırlanması (YS N801, 806, 809) və

boru xəttlərinin çəkilişi ilə bağlı işlərin yekunlaşması;

Digər qurğular üzrə:

Maye qaz tutumları,

Naftanın ayrılması,

İzomerizasiya və Hidrogen saflaşdırma (PSA) qurğuları üzrə tikinti proqresinin 90-95%-ə çatdırılması gözlənilir.

Əminəm ki, obyektiv çətinliklərə baxmayaraq, bütün bu işlər qrafikə uyğun şəkildə və yüksək keyfiyyətlə yerinə yetiriləcəkdir. Qeyd etmək istəyirəm ki, modernizasiya layihəsi gündəlik fəaliyyətini davam etdirən, strateji məhsullar istehsalı ilə məşğul olan və yanğın-partlayış riskinə qarşı xüsusi diqqət tələb edən bir zavod təsərrüfatının ərazisində həyata keçirilir. Modernizasiyanın gedişində təhlükəsiz şəraitdə 25 milyon adam-saat həcmində işlərin görülməsi bu cəhətdən əhəmiyyətli və təqdirəlayiqdir.

Şirkətimiz SƏTƏMM fəaliyyətlərini daim diqqət mərkəzində saxlayır. İstehsalat proseslərində atmosferə tullantıların azaldılması üzrə proqram müvəffəqiyyətlə icra olunur. SOCAR Dünya Bankının “2030-cu ilə qədər səmt qazlarının normal hasilat prosesində yandırılmasının sıfra endirilməsi” qlobal təşəbbüsünə ilk qoşulan şirkətlərdəndir və bu sahədə Bankın müvafiq təşkilatı ilə səmərəli əməkdaşlığını davam etdirir. Artıq səmt qazı atqılarını 2 faizə endirməyə nail olmuş və 2022-ci ildə emissiyaları sıfra endirməyi, dünya neft-qaz şirkətləri arasında “sıfır karbon emissiyası” hədəflərinə çatan ilk şirkətlərdən biri olmağı qarşıya məqsəd qoymuşuq. 

Əziz neftçilər!

İkinci ildir ki, sevimli peşə bayramımızı pandemiya ilə əlaqədar sərt məhdudiyyətlər şəraitində keçiririk. Sevindirici haldır ki, buna baxmayaraq SOCAR ailəsi nikbinliyini saxlayaraq Neftçilər Gününü ruh yüksəkliyi və yeni əmək qələbələri ilə qarşılayır. Biz fədakar əməyimizin dövlətimizin iqtisadi qüdrətinin daha da möhkəmlənməsinə, xalqımızın rifah halının gündən-günə yaxşılaşmasına xidmət etdiyini yaxşı bilir və bundan qürur duyuruq. Biz bilirik ki, möhtərəm Prezidentimiz neftçi əməyini daim yüksək qiymətləndirir, SOCAR-ın fəaliyyətini diqqət mərkəzində saxayır. İcazə verin, bu böyük diqqət və qayğısına görə sizin adınızdan dövlətimizin başçısına dərin minnətdarlığımızı bildirim, möhtərəm Prezidentimizi əmin edim ki, indiyə qədər olduğu kimi, bundan sonra da yorulmadan çalışacaq, Vətənimizin daha yüksək zirvələrə doğru qalibiyyətli yürüşünün ön cərgələrində addımlamaqda davam edəcəyik.

Əziz həmkarlar! Hamımız üçün əlamətdar olan bu bayram günündə çoxminli SOCAR ailəsinin hər bir üzvünü bir daha ürəkdən təbrik edir, hamınıza ən xoş arzularımı yetirirəm".

Tədbirdə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə çıxış etmiş, toplantı iştirakçılarını peşə bayramı münasibəti ilə təbriklərini çatdırıblar.

İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov çıxışında neft gəlirlərinin ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafında mühüm rol oynadığını qeyd edib. Ölkəmizin zəngin neft-qaz ehtiyatlarının hasilatı artırmaq üçün geniş imkanlar yaratdığını nəzərə çatdıran M.Cabbarov dünya neft sənayesinin alternativ və bərpa olunan enerji, hidrogen istehsalı və rəqəmsal texnologiyalar kimi yeni çağırışlarla qarşılaşdığını bildirmiş, qlobal çağırışlara hazır olmağın artıq bir zərurətə çevrildiyini vurğulamışdır. Nazirin fikrincə, SOCAR ölkənin elm və təhsil müəssisələri ilə əməkdaşlığını daha da genişləndirməklə növbəti sənaye inqilabına hazırlaşaraq, yeni nəsil istehlakçıların yeni davranış tərzinə cavab verməyə hazır olmalıdır.

Sonra SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Azərbaycan neftçilərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına “Azəri-Çıraq-Günəşli” yataqlarında 4 milyard barel həcmində neftin çıxarılması ilə bağlı müraciətini oxuyub.

Tədbirin sonunda 2021-ci il üzrə SOCAR-da keçirilmiş “İlin ən yaxşıları” müsabiqəsinin qalibləri, eləcə də “Fəxri neftçi” döş nişanı və “SOCAR-ın Fəxri Fərman”ı ilə təltif olunan neftçilərin bir qisminə mükafatlar təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2001-ci il Sərəncamına əsasən hər il “Əsrin müqaviləsi”nin imzalandığı tarix - sentyabrın 20-si Azərbaycan Respublikasında “Neftçilər Günü” peşə bayramı kimi qeyd olunur.