24 sentyabr 2021 18:16
1713

ABC kolleci nüfuzlu Britaniya Beynəlxalq Məktəblər Şurasına tam akkreditasiya olunub

SOCAR-ın sosial məsuliyyət layihələri çərçivəsində dəstək verdiyi Azərbaycan Britaniya Kolleci (ABC) Britaniya Beynəlxalq Məktəblər Şurasına (COBIS) tam akkreditasiya olunmuş üzv kimi qəbul olunub. Bu məqsədlə COBIS-in məktəbdə olmuş 5 nəfərdən ibarət ekspert qrupu tərəfindən təhsil müəssisəsinin tam detallı qiymətləndirilməsi və zəruri təftiş prosedurları aparılıb. Bir il davam edən prosesdən sonra ötən həftə COBIS təşkilatının İdarə Heyəti bütün nəticələri nəzərdən keçirərək ABC-ni tam akkreditsiya olunmuş üzv kimi ratifikasiya edib.

Bu barədə "İki sahil"ə ABC-dən məlumat verilib. 

Məktəbin direktoru Carl P.Lander bildirib ki, bu qərar məktəbin standartlarını yüksəltmək və Azərbaycanda ən keyfiyyətli təhsil xidməti göstərmək naminə çalışanlar üçün qürurverici an olub

Beləliklə, ABC hazırda Mərkəzi Asiyada, Qara dəniz sahili ölkələrində və Qafqaz regionunda COBIS tərəfindən tam akkreditasiya almış yeganə məktəbdir. Bu uğura məktəb rəhbərliyinin, müəllimlərin, müəllim köməkçilərinin təhsilin keyfiyyətinin artırılmasına verdikləri töhfələr, üzərlərinə düşən məsuliyyətin öhdəsindən gəlmələri nəticəsində nail olunub. Carl P.Lander qeyd edib ki, rəhbərlik etdiyi təhsil müəssisəsi Britaniya Beynəlxalq Məktəbi olmaq istiqamətində addımlayır: “Mən məktəbimizin icması ilə qürur duyuram. Bu doğru istiqamətə atılmış addımdır. Biz artıq Azərbaycanın tam akkreditasiyalı aparıcı beynəlxalq məktəbiyik. Bütün Qafqaz, Qara dəniz və Orta Asiya bölgəsində aparıcı Britaniya Beynəlxalq Məktəbi olmaq üçün irəliləyirik”.

Qeyd edək ki, COBIS dünyanın 450-dən çox nüfuzlu məktəb və qurumlarını özündə birləşdirir. Yüksək keyfiyyətli COBIS məktəblərində hazırda 150 mindən çox şagird təhsil alır,  Avropa, Asiya, Afrika, Yaxın Şərq və Amerikanın 80 ölkəsindən olan 30 mindən çox müəllim çalışır.

COBIS kvalifikasiya almış məktəblərə 3 səviyyədə tanınma imkanı təklif edir. Bu məktəblərin böyük əksəriyyəti üzərlərinə assosiasiyaların yüksək standartlarına riayət etmək öhdəliyi götürən ortaq və ya uyğun üzvlərdir. Bir neçə elit məktəb üçün akkreditə olunmuş üzv statusu mövcuddur. Bu statusu qazanmaq üçün məktəblərin standartları və təminatı dünyanın ən yaxşı məktəbləri ilə müqayisə olunur və bu məktəblər qiymətləndirmə və təftişdən ibarət iki mərhələli prosedurdan keçirilir.

2012-ci ildən fəaliyyətə başlayan ABC hazırda bağça, məktəbəqədər hazırlıq, ibtidai və orta təhsil imkanları yaradan qabaqcıl təhsil müəssisəsi kimi Azərbaycan da daxil olmaqla 25 müxtəlif ölkədən olan 655 şagirdə xidmət göstərməkdədir. ABC-də İngiltərə milli kurikulumu 24 əcnəbi və 73 yerli müəllim tərəfindən tədris olunur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tələblərinə uyğun olaraq, Azərbaycan dili, ədəbiyyatı və tarixi fənləri də əlavə dərslər kimi kurikuluma daxil edilib. ABC Nizami rayonu, Mikayıl Əliyev küçəsi 20/41 ünvanında yerləşir.