26 sentyabr 2021 16:35
447

“TÜRKSOY Media Mükafatı” ilə təltif olunan yerli və xarici media təmsilçilərinin Şuşaya səfəri başlayıb

“TÜRKSOY Media Mükafatı” ilə təltif olunan, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşanan tarixi hadisələri, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan, yerli və xarici media təmsilçilərinin sentyabrın 26-da Şuşa şəhərinə səfəri başlayıb.

Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə, TÜRKSOY və nazirliyin məsul nümayəndələrinin, Trabzon Orta Hisar bələdiyyəsinin sədri Ahmet Metin Gencin iştirakı ilə yerli və xarici media təmsilçiləri Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada tarixi-mədəni abidələrlə, erməni vandalizminə məruz qalmış məscidlərlə, eləcə də qədim şəhərin görkəmli yerləri ilə tanış olacaqlar. Həmçinin burada həyata keçirilən tikinti-quruculuq işləri ilə tanışlıq da nəzərdə tutulur.

Qeyd edək ki, sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində “TÜRKSOY Media Mükafatı-2020”i təqdim edilib. Mükafat şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvlərinə verilib. Həmçinin Türkiyə, Qazaxıstan, Xorvatiya, Azərbaycan, Özbəkistan və Qırğızıstandan olan jurnalistlər də bu mükafata layiq görülüblər.

AZƏRTAC