Bir ölüb, min dirilərik. Torpağımızın bir qarışını belə, düşmənin ayağı altında toz etmərik!
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun adını bilmədiyimiz, tanımadığımız cəsur, igid, vətənpərvər əsgər və zabitlərinin dastanlara, kitablara sığmayan qəhrəmanlıqları nəticəsində Qarabağımız yağı tapdağından azad edildi, tarixi Zəfər qazandıq. Vətən müharibəsində Azərbaycan ordusunun hərbi xidmətə yeni başlamış əsgərindən tutmuş, illərdir həyatını Vətənin, torpağın müdafiəsinə həsr etmiş təcrübəli zabitinə qədər hər kəsin gücü, əzmi, şücaəti ortaya çıxdı.
İkinci Qarabağ savaşında bizə tarixi Qələbə sevincini bəxş edən əsgər və zabitlərimiz təkcə bir ailənin, nəslin deyil, bütün Azərbaycan xalqının qəhrəmanına çevriliblər. Vətən müharibəsi dövründə düşmənə qan udduran Qarabağ fatehlərindən biri də Kamran Davud oğlu Həmzəyevdir.
Vətən müharibəsi iştirakçısı Kamran Həmzəyev ilə söhbətimiz zamanı Vətən müharibəsinin başladığı günə qiyabi ekskursiya etdik, igid əsgərin keçdiyi şərəfli döyüş yolunun oxunmamış kitaba bənzəyən səhifələrini birlikdə vərəqlədik:
Söhbətimizi təqdim etməzdən öncə Vətən müharibəsi iştirakçısı haqqında qısa məlumatı təqdim edirik: Kamran Davud oğlu Həmzəyev 22 sentyabr 1996-cı ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Əslən Qərbi Azərbaycanın Qafan rayonu Gərd kəndindədir. 2002-2013-cü illərdə 269 nömrəli tam orta məktəbdə oxuyub. 2014-2018-ci illərdə Ukraynada Regionlarası Heyətin İdarəolunması Akademiyasında Turizm və idarəçilik ixtisası üzrə ali təhsil aldıqdan sonra 2018-2019-cu illərdə Goranboyda “N” saylı hərbi hissənin tank taborunda tankçı kimi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra cüdo üzrə məşqçi kimi çalışıb. Ailədə iki qardaş olublar. Kamran evin kiçik uşağıdır. Kamran Həmzəyevin hər iki babası 1941-45-ci il müharibəsində iştirak edib. K.Həmzəyevin əmisi oğlu Birinci Qarabağ müharibəsində , dayısı oğlu İkinci Qarabağ savaşında iştirak edib.
Qısa təqdimatdan sonra Vətən müharibəsi iştirakçımızın savaş gündəliyini birgə vərəqləyək:
Tovuz döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov şəhid olandan sonra Kamran, Polad Həşimovun və onun timsalında digər şəhidlərimizin qanını yerdə qoymayacağına söz verib, qisas hissi ilə yaşayıb, döyüşlərə də bu arzu ilə qatılıb: “İyuldan etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdim və könüllülər sırasına qoşuldum. Xahiş etdim ki, əgər, müharibə başlayarsa, mütləq məni də xidmətə çağırsınlar. Sentyabrın 27-də, Ermənistanın Respublikasının ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının əmri və rəhbərliyi ilə işğal altında olmuş torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsi başladı.
Savaşın ilk günlərində həm dostum, həm də əsgər yoldaşım olan Bəxtiyar Bəkirovun şəhid olduğunu eşitdim. Bundan sonra düşmənə nifrətim daha da artdı. İçimdəki qisas hissi daha da alovlanmağa başladı. Bundan sonra bir neçə dəfə Hərbi Səfərbərlik üzrə Dövlət Xidmətinə müraciət edərək məni nə zaman çağıracaqları ilə maraqlandım. Dərhal döyüş meydanına getmək, düşmənə qan uddurmaq istəyirdim. Müharibəyə yollanana qədər özümə yer tapa bilmirdim. Hər gün dua edirdim ki, məni döyüşlərə çağırsınlar. Savaşa getməyi birmənalı şəkildə qarşıma məqsəd qoymuşdum. Hamıdan xəbərsiz də müharibəyə hazırlaşırdım. Dostumun şəhid olması bir an belə beynimdən çıxmırdı. Düşünürdüm ki, ancaq onun intiqamın aldıqdan sonra sakitləşə bilərəm.”
200 metr irəliləlikdən sonra qaraltı gördüm. Erməni olduğunu hiss etdim. Pusquda durub, gözlədim. Bir azdan atəş aça-aça mənə doğru gəldiyini gördüm. Gözlədim ki, gülləsi qurtarsın
Həmsöhbətimiz müharibədə tank heyətində tuşlayıcı-operator olub: “Savaş mənim üçün Xocavənd istiqamətində gedən döyüşlərdən başladı. Etiraf edim ki, ilk anlarda çox həyəcanlı idim. Amma zərrə qədərdə qorxmurdum. Bilirdim ki, ölməyəcəyəm, öldürəcəyəm. Filmlərdən baxdığım, kitablardan oxuduğum, savaş iştirakçılarından eşitdiklərimlə real müharibə eyni deyildi. İndi film yox, hər şey real idi. Düşmənə ilk atışdan sonra həyəcanım itdi. Atəş açdınsa, dərhal mövqeyi dəyişməlisən, çünki həmin mövqedə qalmaq olmaz.”
K.Həmzəyev düşmənlə əlbəyaxa döyüşünü xatırlayıb, həmin an baş verənlərdən söz açdı. Onun sözlərinə görə, erməni dığaları bizim əsgərlərimizdən it kimi qorxurlar: “Bizim gözümüzdəki qəzəbi gördükdə isə yalvarmağa başlayırdılar. Döyüşlərin birində düşmən minamyot ya da qumbaraatanla tankımızı vurdu. Sürücümüz qışqırdı ki, tez qaçın tankı vurublar. Cəld tərpənməyib, 30 saniyə geciksəydik, sağ qalmaq şansımız yox idi. Sağ istiqamətdə heyətim, sol istiqamətdə özüm meşəyə tərəf qaçdıq. 200 metr irəliləlikdən sonra qaraltı gördüm. Erməni olduğunu hiss etdim. Pusquda durub, gözlədim. Bir azdan atəş aça-aça mənə doğru gəldiyini gördüm. Gözlədim ki, gülləsi qurtarsın. O, dayananda mən atəş açmağa başladım və düşməni yaraladım. Gülləm qurtardığı üçün onunla əlbəyaxa döyüşdük. Heç vaxt bu qədər qəzəbli olmamamışdım. Özüm özümü tanımırdım ki, bu mənəmmi?. Dostum Bəxtiyar yadıma düşdükcə qəzəbim daha da artırdı. Şəhid dostum biz ordudan tərxis olunanda cib bıçağını mənə hədiyyə vermişdi ki, ondan yadigar saxlayım. Həmin bıçaq mənim üstümdə idi. Bıçağı çıxaranda erməni əvvəlcə ciddi müqavimət göstərdi. Sonra gücünün çatmadığını anladığı üçün rus dilində məndən xahiş etməyə başladı. Onun xahişlərinə, yalvarışlarına məhəl qoymayıb, həmin bıçaqla da onu məhv etdim.”
Həmsöhbətimiz daha sonra yorğun və yuxusuz halda yoluna davam etdiyini söylədi: “İrəlidə əsgərimizin yatdığını görüb, yanında uzandım. Elə həmin anda yuxuya getdim. Sübh çağı maşın qapısının səsinə ayıldım. Yanımdakı əsgər şəhid imiş… Onu aparmağa gəlmişdilər.”
Müsahibimiz bir qədər sükutdan sonra daha bir hadisəni xatırlayır: Lənkərandan olan döyüş yoldaşımın qucağına minamyotun qəlpəsi düşdü. Yanımda bədəni düz yarıdan ayrıldı, şəhid oldu….
Çox güclü ordumuz, vətənpərvər igidlərimiz, düşmənə qan udduran, ölümün gözünə dik baxan qəhrəmanlarımız var
Vətən savaşı iştirakçısı qeyd edib ki , müharibə dövrü həyatının çox əhəmiyyətli anlarıdır: “Çətin günlər olub… Həmin anları sözlə ifadə etmək çətindir. Ola bilər ki, həmin hadisələri yaşadığım kimi tam çatdıra bilməyim. Amma hər şeyə rəğmən şükür ki, istəyimizə nail olduq. Əsas odur ki, torpaqlarımızı düşmən işğalından azad etdik. Azərbaycan ordusu öz gücünü göstərdi. Lazım gələrsə, bundan sonra da göstərməyə hazırdır. Bizim çox güclü ordumuz, vətənpərvər igidlərimiz, düşmənə qan udduran, ölümün gözünə dik baxan qəhrəmanlarımız var. Necə deyərlər, bir ölüb, min dirilərik. Amma heç vaxt torpağımızın bir qarışını da düşmən ayağı altına toz etmərik! Xalqımızı, torpağımızı qorumaq üçün hər bir Azərbaycan əsgəri kimi mən də canımı qurban verməyə həmişə hazıram. Yetər ki, Vətən çağırsın..”
K.Həmzəyev müharibə başlayan gündən döyüşlərə qatılmadığı üçün təəssüfləndiyini bildirib: “Bir də ona heyifsilənirəm ki, şəhidlik zirvəsi nəsibim olmadı.”
Qazandığımız şanlı Qələbə ilə şəhidlərimizin qanını yerdə qoymadıq
Müsahibimiz vurğuladı ki, gec-tez qələbə qazanacağımıza hər zaman inanıb: “Çünki belə igid Vətən oğulları olan xalq ancaq Zəfərə layiqdir. Xalqımız ön cəbhəyə kömək üçün arxa cəbhədə əlindən gələni edir, maddi-mənəvi hər cür dəstək göstərirdi. 44 günlük Vətən müharibəsində hər kəs fərqli cəbhələrdə bir amal uğrunda mübarizə aparırdı. Yorulsaq da, yuxusuz, ac qalsaq da bu, bizi gücdən salmırdı, əksinə həmrəyliyimizi daha da gücləndiridi. Xalqımıza 44 günlük Vətən müharibəsində ordumuza göstərdiyi qayğıya, diqqətə, sevgiyə və vətənpərvərliyinə görə təşəkkürümü bildirirəm. Ali Baş Komandan, rəşadətli Azərbaycan Ordusu və xalqımızın həmrəyliyi yenilməzliyimizi, gücümüzü, cəsarətimizi bütün dünyaya və mənfur düşmənimizə sübüt etdi. Dəmir yumruq kimi birləşib erməni faşistlərini torpaqlarımızdan iti qovan kimi qovduq. İkinci Qarabağ savaşı 30 ilin haqsızlığının intiqamıdır. Qazandığımız şanlı Qələbə ilə şəhidlərimizin qanını yerdə qoymadıq. Azad olunmuş torpaqlarımıza qədəm basdıqca şərəf hissi keçirir, fərəhlənirdik. ”
Həmsöhbətimiz savaş meydanından qayıtdıqdan sonra şəhidlərimizin, eləcə də şəhid dostu Bəxtiyarın məzarını ziyarət edib: “Qələbəmizi şəhidlərimizə borcluyuq. Bəxtiyarın məzarını ziyarət edəndə çox kövrəldim. Onunla olan gözəl xatirələrimizi yada saldım. Onun Vətənə çox böyük sevgisi var idi. O da tankçı olub. Döyüş yoldaşları mənə dedi ki, o, tankı birbaşa erməni olan yerə sürüb, tankdan çıxıb neçə-neçə erməni öldürüb. Bəxtiyarın məzarıyla dərdləşdim, şəklinə baxıb dedim ki, sənin intiqamını artıqlamasıyla aldım. Söz vermişdim sənə, şükür ki, vədimə əməl etdim. Can dostum, rahat yat, qisasın qiyamətə qalmadı. İgid Azərbaycan oğulları şəhidlərimizin qanını yerdə qoymadı.
Müharibə iştirakçısı gələcəyin əsgərlərinə səslənməyi də unutmadı: “Vətəni sevmək Allahı, atanı, ananı sevmək deməkdir. Sevdiklərimizi qorumaq isə içi mən qarışıq hər birimizin müqəddəs borcudur. Vətən torpağının hər qarışını nə qədər igid əsgərlərimizin qanı bahasına azad etdiyimizi, ermənilərin bizə qarşı törətdiyi soyqırımları heç vaxt unutmamalıyıq.”
Sonda qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Kamran Həmzəyev Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Yaqut Ağaşahqızı, “İki sahil”