Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Tədbirlər Planına uyğun olaraq iyulun 10-da Masallı rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 56 illiyi münasibəti ilə “1969-2003-cu illərdə Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu ÖHeydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirib ki, 14 iyul Azərbaycan tarixində çox əlamətdar bir gündür. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkənin inkişafında, onun uzun müddət yığılıb qalmış problemlərinin həllində və ən əsası dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc nöqtəsi oldu. Dahi lider Heydər Əliyevin Azərbaycanın problemlərini dərindən bilməsi, yüksək vətənpərvərlik və təbiətdən gələn təşkilatçılıq qabiliyyəti cəmiyyətin resurslarının problemlərin həllinə yönəltməyə imkan verdi. Bu dövrdə Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri baş verdi. Mövcud müəssisələrin yenidən qurulması, yenilərinin açılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, infrastrukturların yenilənməsi qısa müddət ərzində böyük nailiyyətlərin əldə olunmasına yol açdı. 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərlikdə olduğu müddətdə ölkədə 250-dən çox yeni müəssisə yaradıldı. Bu isə milyonlarla yeni iş yerləri demək idi. Bir neçə ali, onlarla ixtisas məktəbləri açıldı. Həmin dövrdə Azərbaycanda mənzil fondu faktiki olaraq 2 dəfə artdı. Bu dövrdə Azərbaycan nəinki SSRİ, hətta dünya miqyasında tanınmağa başladı. Artıq Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri dünya səviyyəsində ölkəmizin milli dəyərlərinin təbliğatçısına çevrilirdilər.
Seyfəddin Əliyev çıxışında qeyd etmişdir ki, o zamankı sovetlər birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Bütün sahələrdə tənəzzül baş alıb gedirdi. Belə bir vaxtda Heydər Əliyevin respublikanın ali vəzifəsinə seçilməsi tariximiz və taleyimiz, Vətənimiz və xalqımız üçün, sözün əsil mənasında, dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş erasının əsasını qoydu. Azərbaycan 1969-cu ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndə keçmiş ittifaqın ən geridə qalmış respublikası idisə, 1971-ci ildə Azərbaycan inkişafın tempinə və sürətinə görə keçmiş sovetlər birliyində ən qabaqcıl respublikaya çevrildi. Çox qısa zamanda ölkənin mənəvi-psixoloji iqlimini, insanların ölkəyə və rəhbərliyə münasbətini dəyişmədən bu kimi yenilikləri əldə etmək mümkün olmazdı. 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə respublikanın bütün həyatında olduğu kimi, hərbi-təşkilati və kütləvi-müdafiə işləri sahəsində də milliləşmənin başlanğıcı qoyuldu. Bu sahəyə diqqət artırıldı, hərbi-təşkilati və kütləvi-müdafiə işinə xalqın həyatında malik ola biləcəyi dəyər verildi, onun miqyası genişləndirildi. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə 1-ci dəfə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadırların hazırlanması prosesi geniş vüsət almışdır.Ümummilli Liderin cəsarətli addımları sayəsində Bakıda Cəmşid Naxçıvanski adına Hərbi məktəb yaradılmışdır. Təsadüfü deyildir ki, C.Naxçıvanski adına Hərbi məktəb Azərbaycan Müstəqilliyini bərpa edəndən sonra ordu quruculuqunda əsas bazalardan birinə çevrilmişdir.
Tədbirdə Masallı rayon Ziyalılar cəmiyyətinin sədri, partiya veteranı Qardaş Fətullayev çıxış edərək qeyd etmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu Öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.
Sonra partiya fəallarından Qoşqar Hətəmov, Mürvət Abbasov, Vaqif Şükürov və başqaları çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışmışlar.