Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşündə bir daha bildirdi ki, səfəriniz Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına öz töhfəsini verəcək
Azərbaycanın xarici siyasətinin prioritetləri bunlardır. Türk dünyası ilə münasibətlərin daha da inkişafı, bütün digər ölkələrlə bərabər və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması. Təbii ki, türk dünyası dedikdə, ilk növbədə, Mərkəzi Asiya ölkələri yada düşür. Şərqdən Qərbə uzanan türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı heç də təsadüfi xarakter daşımır. Ölkəmizin bu regionla əlaqələrinin genişlənməsində heç şübhəsiz, nəqliyyat dəhlizləri mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir. Son illərdə dövlətimizin başçısının Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə marağın əyani təcəssümüdür.
Son illər, xüsusilə Vətən müharibəsi nəticəsində ərazilərini işğaldan azad etdikdən sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yüksək dinamika müşahidə olunur. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri də yüksək səviyyəli qarşılıqlı səfərlərdir. Təsadüfi deyil ki, son 2-3 ildə Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, o regionda yerləşən ölkələrin başçıları isə Azərbaycana səfərlər edirlər. Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır. Mərkəzi Asiya dövlətləri ilə yaxın, dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Təsadüfi deyil ki, Vətən müharibəsində və ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. Azərbaycana ilk dövlət səfərini edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizlə əlaqələrə yüksək diqqət göstərdiyini vurğulayaraq bildirmişdir: «Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir. Mən birinci dövlət səfərimi edirəm, çünki biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. …Yaxın qonşular, yaxın ölkələr kimi biz Azərbaycanın uğurları və Sizin rəhbərliyinizlə həyata keçirilən müdrik siyasət ilə həmişə fəxr edir, onlara sevinirik.»
2024-cü ildə Qazaxıstan tərəfindən Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı oldu. Mərasimdə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkələrimiz arasındakı əlaqələrin gələcək inkişafı ilə bağlı qeyd etmişdir: «Çox şadam ki, bu səfər tam uğurla - dövlətlərimiz arasında çoxşaxəli əməkdaşlığın gələcək inkişafına ən ciddi təkan verəcək son dərəcə mühüm sənədlərin imzalanması ilə başa çatır. Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram.» Eyni zamanda, Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa edilən orta məktəb bu dəstəyin bariz nümunəsidir. Bu günlərdə Xankəndidə keçirilən İqtisadi əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdilər. Azərbaycanın və Qırğızıstanın dövlət başçıları, həmçinin Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını etdilər.
Ümumiyyətlə, dövlətimizin başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib.
Hazırda Azərbaycanın Mərkəzi Asiya, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir və strateji səviyyəyə yüksəlir. Prezidentlərin qarşılıqlı səfərləri, həmin səfərlər zamanı aparılan müzakirələr və əldə olunmuş razılaşmalar əlaqələrimizin gələcək istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır.
Azərbaycan-Türkmənistan əlaqələri qədim tarixə malikdir. Azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Mərkəzi Asiya xalqları içərisində milli mənsubiyyət baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır.
Azərbaycan və Türkmənistan SSRİ-nin tərkibində müttəfiq respublikalar olub. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb.
Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 1999-cu ilin iyununda Türkmənistanın Bakıda, üç il sonra - 2002-ci ilin oktyabrında isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb.
İki ölkə arasında əlaqələrin inkişafında iqtisadi amil əsas rol oynayır. Qeyd edək ki, 2007-ci ildə Azərbaycanla Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılıb. Ölkələrimiz arasında neft-qaz sahəsində əlaqələr xüsusi önəm daşıyır. Aşqabadda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” xüsusi vurğulanmalıdır.
Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üçün səylər göstərib və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı təşəbbüs göstərən ilk ölkələrdən biri olub. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edib. Uzun illər aparılan danışıqlar, Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 2018-ci ildə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalandı. Azərbaycan və Türkmənistanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq münasibətləri də birləşdirir. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. 2017-ci il avqustun 8-də Bakıda “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalandı. Hər iki ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə ortaq irsə əsaslanan Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər.
Ölkələrimiz arasında müxtəlif sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, dost və qardaş ölkələr olan Azərbaycan və Türkmənistan indiyədək əldə olunan dinamikanı bundan sonra da artıracaq və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirəcəklər. İyulun 16-da Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşündə də iki ölkənin münasibətlərinin dünəninə, bugününə və gələcəyinə baxış keçirildi. Görüşdə Prezident İlham Əliyev bildirdi ki, səfəriniz Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır: «Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir və əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində bir çox nailiyyətlərimiz var və əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bu gün fikir mübadiləsi aparacağıq.» Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov isə vurğuladı ki, Azərbaycana səfərimin əsas məqsədi ikitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul verməkdir. Ümumilikdə Türkmənistan-Azərbaycan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsini xarakterizə edərkən onları üç sözlə ifadə edərdim: qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq. Biz möhkəm tarixi bünövrəyə, iki xalqın ortaqlığına və qohumluğuna, bir-birinə qarşılıqlı ehtiyacının olması anlayışına, xalqlarımızın və dövlətlərimizin rifahı, onların əmin-almanlığı və tərəqqisi naminə məcmu siyasi, iqtisadi, resurs potensialından istifadə etməyə hazır olmağa əsaslanırıq.
Görüşdə o da qeyd edildi ki, Türkmənistan və Azərbaycan bu gün xarici siyasətdə, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sanballı və geniş əməkdaşlıq gündəliyinə malikdir. Hər iki tərəfin səyləri sayəsində əməkdaşlığımız məqsədyönlülüyü və konkretliyi ilə seçilir, sabit və davamlı xarakter daşıyır, yaxşı dinamika nümayiş etdirir. Bunun əsas, həlledici amili ölkələrimizin liderləri arasında əldə edilmiş ən yüksək səviyyədə qarşılıqlı anlaşma və etimaddır. Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir. Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir. İqtisadi-ticari tərəfdaşlıq uğurla inkişaf edir, keyfiyyət və kəmiyyət göstəriciləri artır. Mədəniyyət, elm, təhsil, şəxsi və insani səviyyələrdə ənənəvi əlaqələr genişlənir. Dövlətlərarası münasibətlərin çox mühüm elementləri olan parlamentlərarası əlaqələrin, xalq diplomatiyasının əhəmiyyəti və rolu artır. Görüşdə belə bir əminlik də ifadə edildi ki, bu səfər Türkmənistan ilə Azərbaycanın bundan sonra da yaxınlaşması, əməkdaşlığın uzunmüddətli strategiyasının reallaşdırılması kontekstində razılaşdırılmış yanaşmaların işlənib hazırlanmasında mühüm amilə çevriləcək.
Göründüyü kimi, hər bir səfər münaibətlərdə yeni prioritetlərin müəyyənlədirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan daim əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında maraqlı olduğu üçün bütün potensial imkanlardan maksimum istifadə etməyə çalışır.
Yeganə Əliyeva, “İki sahil”