05 oktyabr 2021 17:41
1317

Doğma torpaqlarımızın işğaldan azad olunması xalqımızın şərəfli tarixidir

Xalqımız yaşı minilliklərlə ölçülən, olduqca keçməkeşli tarixə sahibdir. Tariximizi vərəqlədikcə, müharibələr, döyüşlər, yadelli işğalı, torpaqlarımızın ədalətsiz şəkildə bölünməsi, ərazilərimizə qanunsuz, məqsədli köçürmələr qarşımıza çıxan və təəssüf yaradan səhifələrdir. Bu da həqiqətdir ki, tarixən yaşayan dövlətçilik ənənələrimiz, öz şücaəti ilə yadda qalan sərkərdələrimiz tarixi qürur mənbəyimizdir.

Bildiyimiz kimi müasir dövlətçiliyimizin banisi, müstəqil Azərbaycanın dövlətinin memarı Ulu Öndər Heydər Əliyevdir. Elə müasir tariximizdə itirilmiş torpaqlarımızın qaytarılması təcrübəsinin, xalq-rəhbər-ordu vəhdətinin müəllifi də məhz Ulu Öndər Heydər Əliyevdir. Təsadüfi deyildir ki, Azərbaycan ordusunun ilk uğuru olan “Horadiz” əməliyyatı nəticəsində Horadiz qəsəbəsi və 22 yaşayış məntəqəsinin düşməndən azad edilməsi Ulu Öndər Heydər Əliyevin Ali Baş Komandanlığı ilə baş verdi.

Sevindirici haldır ki, bu gün ölkəmizin və ordumuzun rəhbərliyi Ulu Öndər Heydər Əliyevin yolunun və siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin ixtiyarındadır. Tarixi Aprel Zəfəri ilə ermənilərin qurub yaratdıqları məğlubedilməzlik mifini darmadağın edən Müzəffər Ali Baş Komandan, rəhbərlik etdiyi ordusu və xalqı ilə birləşərək dəmir bir yumuruğa çevrildi, 44 günlük Vətən müharibəsində düşmənin başını əzdi, torpaqlarımızı işğaldan azad etdi.

Otuz ilə yaxın bir dövrdə beynəlxalq birlik Qarabağ probleminin həlli məsələsində susub və münaqişəni həll etməyib. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deməyib. Azərbaycan xalqı ümid edirdi ki, dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. İyirmi yeddi il ərzində Azərbaycan danışıqlarda konstruktiv mövqedən çıxış etmişdir. Əvəzinə, təcavüzkarın tamahı daha da böyümüşdür. Bunun qarşısını almaqdan ötrü Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başlamışdır. Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzindən işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etmişdir.

Erməni quldurları tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan doğma torpaqlarımız ən dəhşətli vandalizmə məruz qalmışdır. Evlərimiz, meşələrimiz yandırılmış, bütün infrastruktur məhv edilmiş, məscidlərimiz, ziyarətgahlarımız dağıdılmış, təhqir olunmuşdur. Tarixi abidələrimizi, nadir memarlıq nümunələrimizi özününküləşdirməyə çalışan düşmən bu abidələrin üzərində məqsədyönlü dəyişikliklər etmişdir. İşğal altında olan digər ərazilərimiz kimi, Füzuli rayonu da erməni vandalizminin maddi və mənəvi zərərini yaşadı. Hətta qəhrəman ordumuz tərəfindən Füzuli şəhəri işğaldan azad ediləndə bayraq asmağa bir salamat bina tapılmadı.

44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizdən biri də Cəbrayıl rayonu və kəndləridir. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonuna işğal nəticəsində 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. 52000 nəfər əhalisi olan,1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb. Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin azad olunmuş ərazilərimizə, eləcə də Füzuli və Cəbrayıl rayonlarına səfərləri hər birimizdə böyük sevinc və qürur yaradır. 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. İlham Əliyev, Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsidir.

Bu gün artıq işğaldan azad edilmiş ərazilərdə geniş tikinti-quruculuq, bərpa işləri aparılır. Bu işlərin miqyası və sürəti qəti əminlik yaradır ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur gülüstana çevriləcəkdir.

Torpaqlarımızı işğaldan azad etdiyinə və görülən bütün bu işlərə görə ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk.

Şərafət Hacıyeva,

Füzuli rayon 48 saylı tam orta məktəbin direktoru