Ailəlikcə Prezident İlham Əliyevin siyasətini dəstəklədiyimiz üçün YAP-ı seçmişəm
“İki sahil”in növbəti müsahibi Prezident mükafatçısı, YAP Gənclər Birliyinin üzvü Sabir Rüstəmovdur
Azərbaycan gəncliyinin istedadlı simalarından biri olan Sabir Rüstəmov “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin üzvü, bu qurumun beynəlxalq əlaqələr üzrə katibi vəzifəsində çalışır. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2020-ci il Gənclər üçün Prezident mükafatına, Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” mükafatına, Bakı Dövlət Universiteti tərəfindən isə “İlin tələbəsi” adına layiq görülüb.
Qeyd edək ki, S.Rüstəmov “Davam” Gənclər Hərəkatını təsis edən 8 təşəbbüskar gəncdən biridir.
- Sabir bəy, necə bilirsiniz, bəlkə müsahibəmizə ilk olaraq özünüz haqqında təqdimatla başlayaq?
- Böyük məmnuniyyətlə. Mən 1997-ci il 22 may tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində anadan olmuşam, amma əslən Qərbi Azərbaycanlıyam. Bir yaşım olanda ailəm ilə birlikdə Moskvaya köçmüşük və 9-cu sinfə qədər Rusiyada təhsil almışam. 9-cu sinifdən isə təhsilimi Bakıdakı 200 saylı məktəbdə davam etdirmişəm. Daha sonra isə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Politologiya” ixtisası üzrə bakalavr təhsili almışam. Hazırda magistr təhsilimi davam etdirirəm. Uşaq yaşlarımdan basketbola xüsusi marağım olub, amma hazırda daha çox elmi istiqamətə yönəldiyimə görə bu idman növü ilə məşğul olmuram.
- Nəyə görə siyasi partiya olaraq YAP-ı seçdiniz?
- Biz ailəlikcə ümummilli lider Heydər Əliyevin siyasi kursunu və Ulu Öndərimizin layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasətini dəstəklədiyimiz üçün Yeni Azərbaycan Partiyasını seçmişəm. Həmişə arzulamışam ki, YAP-ın üzvü olum. 18 yaşımda bu arzuma çatdım, partiyaya üzv oldum. Hazırda isə YAP-ın fəal üzvlərindən biriyəm.
- Maraqlıdır, bəs necə oldu ki, “Davam” Gənclər Hərəkatına qoşuldunuz?
- “Davam” gənclərimizin müxtəlif istiqamətlər üzrə inkişaf etməsi üçün fəaliyyət göstərən və bu məqsədlə dövlətimizin uğurlu gənclər siyasətinə öz töhfələrini verməyə çalışan gənclər hərəkatıdır. Ümumiyyətlə, mən fəal bir gənc kimi ölkəmizin həm ictimai-siyasi, həm də sosial həyatında fərqlənməyə çalışıram. Dəfələrlə Vətənimizi xarici ölkələrdə təmsil etmişəm və Azərbaycanla bağlı həqiqətləri beynəlxalq arenada xarici ölkələrdə fəaliyyət göstərən həmyaşıdlarımın diqqətinə çatdırmışam. Düşünürəm ki, “Davam” Gənclər Hərəkatında birləşən 8 təşəbbüskardan biri olaraq mən də öz növbəmdə ideyalarımı gənclərlə bölüşərək onların inkişafına mühüm töhfələr verə bilərəm. Buna görə də beynəlxalq arenada Azərbaycanın layiqincə təmsil olunması üçün bu yola “Davam”la “davam” deyirəm.
- YAP Gənclər Birliyində və “Davam” Gənclər Hərəkatındakı fəaliyyətiniz barədə məlumat verməyinizi istərdik.
- Mən YAP Gənclər Birliyinin İdarə Heyətinin 30 üzvündən biriyəm. Həmçinin burada şəhid ailələri və qazilər üzrə komitənin nümayəndəsiyəm və bu istiqamətdə bir sıra işlər görürük. “Davam” Gənclər Hərəkatının da İdarə Heyətinin üzvüyəm. Bununla yanaşı, əvvəlcə “Davam”ın təhsil müəssisələri ilə iş üzrə, indi isə beynəlxalq əlaqələr üzrə katibiyəm. Hazırda beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etmək üçün uğurlu işlər görürük.
- Gələcək barədə planlarınız barədə məlumat verə bilərsinizmi?
- Mən hər zaman çalışmışam ki, dövlətimə, xalqıma xeyirli vətəndaş olum. Hazırda bu istiqamət üzrə təhsil alıram, təhsilimi bitirdikdən sonra isə dövlət orqanlarında çalışmaq arzusundayam.
- Dövlətimizin həyata keçirdiyi gənclər siyasətini necə qiymətləndirirsiniz?
- Dövlətimiz gənclərimizin inkişafı üçün hər cür şərait yaradıb. Bu, istər təhsil, istər idman, istərsə də başqa sahələrdə aydın görünür. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi bu istiqamətdə mühüm işlər görür. Mən də bir gənc olaraq dövlətimizin gənclər siyasətini dəstəkləyirəm.
- Sizcə, Vətən müharibəsində Qələbənin əldə edilməsində gənclərimizin rolunu qənaətləndirici hesab etmək olarmı?
- Azərbaycan gəncliyinin hər zaman hədəfi ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi olub. Biz buna cənab Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində nail olduq. 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi bir yumruq altında birləşərək həm ön, həm də arxa cəbhədə mübarizə aparırdı. İnformasiya müharibəsində də müxtəlif sosial media kampaniyalarında iştirak edən gənclərimiz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırdılar. Biz bu gün dəmir yumruğun gücünə inanan və onun ətrafında sıx birləşən vətənpərvər gəncliyimiz ilə qürur duyuruq.
- Sabir bəy, sonda müsahibəmizi gəncliyimizə çağırışınızla yekunlaşdırmaq istərdik.
- Əziz Azərbaycan gəncləri, daim öz üzərinizdə çalışın, Vətənimizə, xalqımıza layiqli vətəndaş olun. Hansı sahədə çalışmağınızdan asılı olmayaraq, Vətənimizi sevin və onun bütün dünyada tanınması üçün əlinizdən gələni edin. Çünki Vətən yanlız sizə, ya da mənə məxsus deyil. Vətən hamımıza məxsusdur, o, bizə ötən nəsillərin, canını onun uğrunda qurban verən şəhidlərimizin əmanətidir.
Cavid Əkbərov, “İki sahil”