29 iyun 2025 23:59
116

Türkiyə mediası: Yekaterinburqdakı hadisələr etnik diskriminasiya və şovinizmin təzahürüdür

Türkiyənin aparıcı qəzetləri, telekanalları, informasiya agentlikləri və xəbər saytları Yekaterinburqda hüquq-mühafizə orqanlarının etnik azərbaycanlılara qarşı zorakılıq və işgəncələr tətbiq etdiyi faciəli hadisələri geniş işıqlandırıb.

“İki sahil” xəbər verir ki, milyonlarla tamaşaçı və oxucuya Rusiya hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətlərinə Bakının verdiyi reaksiyadan, o cümlədən, Rusiya dövlət və özəl qurumlarının xətti ilə keçirilməsi planlaşdırılan bütün mədəni tədbirlərin ləğvindən bəhs edilib.

Türkiyə mediası Azərbaycanın Rusiyaya göndərdiyi etiraz notasından da söz açıb, Bakı ilə Moskva arasındakı gərginliyin səbəblərinə dair ekspert rəylərinə yer verib.

“Haber Global” telekanalı Rusiyanı “tarixən etnik diskriminasiya siyasəti aparan ölkə” adlandırıb, Yekaterinburqda OMON-un hərəkətlərini isə “azərbaycanlıların həyatına son qoyan qalmaqal” kimi dəyərləndirib.

Xəbər kanalı həmçinin, Səfərovlar ailəsinin bir üzvünün sözlərini sitat gətirib. Həmin şəxs onlara qarşı amansız davranıldığını və “Ukraynaya cəbhəyə göndərilməklə” hədələndiklərini deyib.

“Hüquqşünas və politoloqların fikrincə, Sverdlovsk vilayətində baş verənlər şovinizm və ksenofobiyanın nəticəsidir. Yekaterinburqdakı hadisələr Rusiyada azərbaycanlılarla bağlı son bir il ərzində baş verən ilk belə hadisə deyil”, – deyə “Haber Global”ın reportajında qeyd olunub.

Reportajda, həmçinin 2024-cü ilin dekabrında Qroznı səmasında AZAL sərnişin təyyarəsinin vurulmasına Rusiya hakimiyyətinin reaksiyası da xatırladılıb.

“AZAL təyyarəsinin qəzaya uğramasından sonra Rusiyada anti-Azərbaycan əhval-ruhiyyəsi daha da gücləndi. Azərbaycanın ədalətin təmin olunması ilə bağlı mövqeyini sındırmaq, insidenti ört-basdır etmək cəhdləri oldu. Lakin nəticə əksinə oldu. Bakıda hadisənin daha qətiyyətlə araşdırılması tələb edildi”, – deyə telekanal vurğulayıb.