13 oktyabr 2021 23:58
3338

Qarabağın və Şərqi Zəngəzurun bərpa prosesi dinamik və əhatəlidir

Azərbaycan öz tarixinin ən şərəfli dövrünü yaşayır. 30 ilə yaxın davam edən Ermənistan işğalına son qoymaq üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu möhtəşəm tarix yazaraq 44 günlük Vətən müharibəsində düşməni darmadağın etdi. Ordumuzun tarixi Qələbəsini fərəhlə, qürurla, böyük iftixarla səsləndiririk. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. Ötən bir il ərzində görülmüş işlər Azərbaycanın gücünü və potensialını nümayiş etdirir. Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra insanları ora qaytarmaq böyük potensialdan xəbər verir. Dövlətimiz bütün gücləri səfərbər edib ki, qısa müddət ərzində işğaldan azad edilən rayonlarımız yenidən qurulsun, bərpa edilsin. Buna nail olmaq üçün əməli işlər aparılır və azad olunmuş şəhərlərin baş planları hazırlanaraq ictimaiyyətə təqdim olunur. Müharibənin başa çatmasından ötən 11 ayda ərazilərin yenidən qurulması istiqamətində görülən işlərin miqyası olduqca genişdir.

İşğaldan azad olunmuş ərazilərin bərpası əsasən infrastruktur sahələrindən başlamaqla kompleks xarakter daşıyır.  Həm yollar bərpa olunur, həm enerji ilə təminat yoluna qoyulur, həm də kənd və şəhərlərin bərpası üçün yeni layihələr icra olunur. Bir neçə ay əvvəl Laçında Güləbird su elektrik stansiyası istifadəyə verilmişdi. Oktyabrın 3-də isə Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı oldu. Döyüşlər zamanı ermənilər 4,8 meqavat gücündə “Suqovuşan-1” və 3 meqavat gücündə “Suqovuşan-2” kiçik su elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşımış, apara bilmədiklərini isə dağıtmışdılar. Hər iki stansiya əsaslı şəkildə yenidən qurulmuş, o cümlədən onların idarəetmə mərkəzinin binaları və avadanlıqları, stansiyalararası elektrik veriliş xətti tam yenilənmişdir. “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları işğaldan azad olunmuş ərazilərin, xüsusilə Suqovuşan və Talış qəsəbələrinin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq. Həmçinin burada istehsal olunan elektrik enerjisi paylayıcı şəbəkənin yeni çəkilən xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.

Ölkə Prezidentinin oktyabrın 9-da Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işlərinin gedişi ilə tanış olması da bir daha bu işlərin dövlət tərəfindən xüsusi diqqət mərkəzində saxlandığını göstərir. Xüsusilə Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun öz başlanğıcını Cəbrayıl rayonunun Şükürbəyli kəndindən keçən hissəsindən götürməsi Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun əhəmiyyətini daha da artırır. Məlumat verildiyi kimi, yolun uzunluğu 39,7 kilometrdir. Yol 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir. Hazırda bu yolda torpaq işləri və qurğuların inşası prosesi gedir. Bundan əlavə, yol boyunca 7 yeni avtomobil körpüsünün inşası davam edir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək. Həmçinin layihəyə görə, Füzuli-Hadrut avtomobil yolu da öz başlanğıcını Zəfər yolundan götürməklə Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşəcək. Bundan əlavə, hazırda uzunluğu 18 kilometr olan Tuğ-Hadrut avtomobil yolunun da tikintisi davam edir.

Sevinc Azadi, “İki sahil”