18 oktyabr 2021 23:17
759

Əbədiyyət işığıdı bu Zəfərin işığı!

(birinci yazı)

Həsrəti olanlara elə gəlir ki, zaman ləng ötüşür. Min illər belə yaşanılıb. Zalım da belə ya­­şayıb, zalıma qılınc sıyıranlar da. Zalım zalımlığının səfasına sığınıb, qılınc sıyıranlar sıyrıl­mış qı­lınc­ların bir-birinə sarılan işığına. Qılınc sıyırma mübarizə əzmidi, qılıncların işığının bir-biri­nə çulğaşması mübarizə yolunun uğurudur. 28 ildi mahiyyəti 2020-ci ilin sentyabrının 27-si ola­­sı günü arzulayırdıq; düşmənin danışıqlardan yayınması atəşi heç zaman kəsməyən atəş­kə­sin birdəfəlik silkələnməsini, elan edilmədən başlayan və 28 il davam edən mü­ha­ribəni  Azər­baycanın ədalətli mü­ha­ribə kimi davam etdirməsini zəruriləşdir­miş­di..

İşğaldan azad edilən ərazilərimizdə də Azərbaycan bayrağı dalğalanır – Zəfərin nəticəsi kimi...

Vətən müharibəsinə kimi əsgərlərimizin döyüş əzmi, qələbə ruhu gündüzlər səngərlərin sinəbəndinə, gecələr işı­ğı­na dönürdü. Bu əzm, bu ruh təmas xəttinin haləsiydi, Ana, Vətən, Ana Vətən deyənlər bu ha­­ləni məmləkətin niyyətinin eyni bilirdi...

Vətən müharibəsi labüd idi...
Vətən müharibəsi başladı.
Azərbaycan əsgəri hər döyüşü son döyüş bilib döyüşürdü...

Vətən müharibəsi vətənpərvərliyin işğalçılığa qarşı müharibəsiydi, xalqın müha­ri­bə­siydi,  azərbaycançılığın erməniliklə döyüşüydü, sevginin nifrətlə, Xeyirin Şərlə qa­za­va­tıydı, min illərin o üzündən dikələn ruhumuzun müharibəsiydi...

Vətən müharibəsində Azərbaycan əsgərinin döyüş hazırlığı da, mənəvi-psixoloji hazırlığı da düşməni diz çökdürəcəkdi...

Dö­yüş­lərin ilk günlərində Azərbaycan Ordusu düşmənin illərlə hazırladığı, möhkəm­ləndir­di­yi, tək­mil­ləşdirdiyi müdafiə sədlərini darmadağın etdi...

2016-cı ilin aprelində Lələtəpənin zirvəsində qürurla dalğalanan bayrağımıza bağır bas­mış­dım, bu anların zəmanətiylə yazdığım “Lələtəpə ” poemasını Lələtəpəyə xitabən

Sağın da, solun da yollardı,
Burdan
Şuşaya aparan yollar görünür

misralarıyla tamamlamışdım. O misralar bir istəyin göyqurşağı kimi 56 ay bir niyyətimin qılıq­cı­­sı olmuşdu. Onda Şuşaya da, işğaldan azad ediləcək rayonlarımıza da apara­caq yolların ha­mı­sının yolçusu olmaq keçmişdi könlümdən. İndi o yollardan biri ilə Cəbrayıla, Zən­gi­lana,  Qu­badlıya gedirik. Vətən müharibəsində iş­tirak etmiş döyüşçülərimizlə işğaldan azad edilmiş əra­zidə kəlmələşməyə – dö­yü­şləri döyüşlər getmiş ərazilərdə xa­tır­layanların əl­lə­ri­ni əllərimdə isit­mə­yə...

Yollar boyunca maşında alışmadığımız bir səs eşidilir. Maraqlanırıq. Mayor Faiq Meh­di­yevin dedikləri düşüncələrimi bürüyür: Vətən müharibəsində döyüşlərə gedən ağır texnikaların da yolu bura­lar­dan başlayıb. Döyüş maşınlarının keçdiyi yollarda tırtılların izi qalıb. Eşitdi­yi­miz səs maşınlar ötüb-keçəndə həmin izlərə dəyən yelin səsidi. “Nə gözəl avazdı!” –  deyirəm. Gü­lümsünürük. 

Vətən müharibəsindən əvvəl gecə yarısı səngərdə bir əsgərin oxumasını eşitmişdim. O an­lar­da mənə elə gəlmişdi ki, “Qarabağ şikəstəsi” gecənin içindən keçib İsa bulağında nəfəs də­rə­cək, Cıdır düzünün çiçəklərinin ləçəklərinə sığal çəkəcək, Qarqar çayının dalğalarına qarı­şa­caq, orda ruhumuzun bayrağı kimi dalğalanacaq...

Bu avaz o əsgərin “Qarabağ şikəstəsi”nin davamıdı elə bil...

Bu yolla gedənlərə elə gəlir ki, Vətən müharibəsinin döyüşlərinə buradan qoşulanların  sı­ra­sında o da olub – qürurlanır...

2016-cı ilin Aprel döyüşlərindən iki gün sonra burada birliyin qərargah rəisinin təqdimatı ilə düşmənin 17 tankını sıradan çıxardan gizir Tahir Misirxanovla söhbətləşmişdim. Gözlərimi və ürəyimi hə­min yer çəkir! Xatırlayıram ki, Tahir Vətən müharibəsində düşmənin 20-dən çox dö­yüş texnikasını məhv edib. Zəfər gününün ildönümünə kimi onunla söhbətləşməyə niyyət­li­yəm. Göy üzünə ba­xı­ram. Onda həzin-həzin yaz mehi əsirdi, indi o mehə dədə boyu verən pa­yız kü­lə­yi əsir. Onda bu yolun davamını düşmən kəsmişdi, indi bu yol dövlət sərhədimizdə nəfəs dərir. Ona görə ruhumuzu bunca doğmalıqla telləndirir...

“Cocuq Mərcanlıdan Şuşaya” – yol göstəricilərindən biri belədi.

Ötən il sentyabrın 25-də Cocuq Mərcanlıdaydım. Döyüş növbətçiliyindən qayıtmış əs­gər­lər­lə kəlmələşirdik. Lələtəpənin o üzünün göylərində bir topa qara bulud vurnuxurdu. Baxış­la­rı­m yükünü yağış bildiyim qara buluda sarı meyillənəndə mayor Haşim Haşimovun əli ya­xın­lığındakı əsgərin çiy­ni­nə enmişdi:

–O buludları da bu igidlər dağıdacaq!, – demişdi.

Duyğulanmışdım. Bu şirin duyğular içində mahiyyəti 2020-ci ilin sentyabrın 27-si olası gü­­­nə sarı boylanmışdım. Mayor əlini əsgərin çiyinindən çəkmədən “Yaxın vaxtlarda söhbə­ti­mi­zi Tək ağacın yanında davam etdirərik. Döyüş yolumuz bizi ordan Şuşaya aparacaq...”, –demişdi. İndi Tək ağaca yaxınlaşırıq.

Tək ağac bu adla da tanınır. Neçə payız ötəcək, neçə yaz gələcək, neçə yay olacaq, Tək ağa­­cın budaqları bir az da böyüyəcək, gen kölgəsi bir az da genişlənəcək, Tək ağacın kölgəsi  işğaldan əvvəl illərlə neçə-neçə yorgun yolçuya ətək sərib, neçə yorğun yolçunun hoyuna yetib. Ermənilik bu kölgəliyi də işğal edib. Tək ağacı 28 ilin işğal pərsənginə görə hiddətlə xatırlayan­lar onu Azərbaycan əsgərini qələbəyə yetirən döyüş yolunun başlanğıclarından biri kimi eh­ti­ramla xatırlayacaq. Neçə -neçə belə Tək ağaclar, Cüt ağaclar da işğaldan azad edildi...

Cəbrayıl rayonunun Zeyvə, Quyucuq kəndlərinin görünüşü ürək ağrıdır. Böyük Mərcanlı da, Mərzə də, Niyazqullar da, ... bu görkəmdədi. Yaxınlaşmaq, hər evin daşına-divarına toxun­maq keçir könlümdən. Divarlar bu toxunuşu tanımadığı yol ada­mı­nın təsəllisi bilərmi görəsən? Görəsən, bu təsəlli onun bircə yarasını qaysaqladarmı? Bu yaralar evlər dikələndə qaysaq­la­ya­caq...

Yadıma yeniyetməliyimdə Faxralıda eşitdiyim bir deyim düşür: “Kişinin düşməni də olar. Xoş o kiçinin halına ki, düşməni kişi adamdı”. Bu sarıdan bəlkə də dünyanın ən uğursuzu bi­zik. Heç bir xalqın belə nadürüst düşməni olmayıb. Neçə ay əvvəl belə sıxıntıları Ağdamın Güllücə kən­­dində də yaşamışdım. Bə­­­şəriliyin düşməni olan ermənilik ayağı dəyən yerləri uçurub-da­ğı­­­­dıb. Evlərin damları, qapıları, pəncərələri sökülüb, aparılıb. Apara bil­səy­dilər daşlarını da apa­rar­dılar. İşğalın ilk illərində qarət yol qapıları, evlərin qarət qapıları, qarət pəncərələri İranın sərhədlərə yaxın ərazilərdəki köhnə-təzə bazarlarına necə çatdırılırdı? – düşündürücü sualdı...

Cəbrayılın Soltanlı kəndindən keçirik. Göz tutduqca uçurulmuş evlər görünür. Bircə Bö­yük Vətən müharibəsində həlak olanlara ucaldılmış abidə nisbətən salamatdı. Abidənin bu gör­kəm­də qalmasına sevinirəm və düşüncələrimdə suallar vurnuxur: ermənilik bunu niyə dağıt­ma­yıb görəsən? – Soltanlı kəndində ağır döyüşlər gedib, düşmən bu istiqamətdə şox ciddi mü­qa­vimət göstərib. Azərbaycan Ordusu düşməni burada da çığnayıb keçib. Düşmən döyüşdən qa­çanda bu abidəni uçurmağa vaxt tapmayıb, yəqin.

Soltanlı kəndi işğaldan oktyabrın 19-da azad edildi.

Karxulu kəndində iki-üç bina uçurulmayıb. Mayor Fuad Mehdiyev deyir ki, salamat qalan binalarda erməni zabitləri yaşayırmış. O evlərin yiyələri divarlarına hopan ermənilik niyyətini təmizlə­mə­miş evinə yiyə durmaz, gümanındayam. Yol yoldaşlarım fikrim i bəyənirlər...

Yol boyunca bütün kəndlərin ad göstəricisi görünür...

Xudafərin adı mənə ötən ilin 17 oktyabrını, bir də 2 noyabrını xatırladır: Xudafərin körpü­sü­nün və Xudafərin kəndinin işğaldan azad edildiyi tarixlərdi. Gördüklərimiz  onda yaşadı­ğı­mız sevinci azalda biləməsə də qəlbimizi qana döndərir. Budur ermənilik! Erməni faşizmi bu­dur! Ay de­mok­ratiya deyən dövlətlər, ay işğalçıya havadarlıq edən dövlətlər, ay bu siya­sə­tiy­lə özü­nün şərəfini “beş quruşa” endirlər, gəlin, Xocalıda gördüklərinizə görə çoxunuz sə­sinizi çı­xartma­dınız, çıxartsaydınız ermənilik bunca qudurmazdı! Siz də günahkarsınız, bə­şə­riliyə vurulan zərbələrə görə siz də günahkarsınız! Günahkarsınız! Görəsən səsim hara­ya­can çata­caq?!..

Rəşid Faxralı