Oktyabrın 19-da SOCAR prezidenti Rövnəq Abdullayev, Şirkət rəhbərliyinin nümayəndələri, BP AGT, KJOC, “PETRONAS Azerbaijan”, “Baker Hughes”, “TotalEnergies”, “NICO Azerbaijan”, “Equinor”, “Schlumberger”, “Cameron”, Sumqayıt Texnologiyalar Parkı və JOCAP şirkətlərinin rəhbərləri “SOCAR-STP”də olublar. Səfərin reallaşdırılmasında məqsəd ölkəmizdə fəaliyyət göstərən aparıcı şirkətləri “SOCAR-STP”nin müasir standartlara uyğun yaratdığı istehsalat və xidmət imkanları ilə tanış etmək olub.
İndiyədək Azərbaycanda həyata keçirilən layihələrdə avadanlıqların bir hissəsi mürəkkəb loqistika şəraitində ölkəmizə idxal olunurdusa, artıq bir çoxu "SOCAR-STP" tərəfindən ölkə daxilində istehsal edilir və beynəlxalq şirkətlərin həyata keçirdikləri böyük layihələrdə istifadə oluna bilər. Bugünlərdə “SOCAR-STP” MMC tanınmış Amerika Neft İnstitutunun (API) Monoqram Proqramı üzrə üç istehsal istiqaməti - fırlanan qazma komponentləri (API Spec 7-1), qazma yivləri və birləşməsi (API Spec 5CT), quyu başlığı və fontan armaturu məhsulları (API Spec 6A) üzrə sertifikatlara layiq görülüb. Bununla da “SOCAR-STP” API tərəfindən istehsal sertifikatlarına layiq görülən ilk yerli şirkət olub.
Qonaqlar Ağır maşınqayırma zavodunun termik emal sobasının, təzyiq tutumlarının istehsalı, istilik dəyişdiricilərinin istehsalı və təmiri, kran istehsalı, mexaniki emal, neft və qaz avadanlıqlarına xidmət sahələrində, koordinat ölçmə mərkəzində olublar. Onlara müvafiq sahələrin və mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, termik emal sobası yüksək təzyiqli tutumların qaynaq tikişlərinin gərginliyinin çıxarılması – normallaşdırılması üçün nəzərdə tutulub. Yükgötürmə qabiliyyəti 50 ton həcmində olan sobada maksimum temperatur 750 dərəcə C-dir. Burada 14 ədəd yeraltı və yerüstü çənin istehsalı nəzərdə tutulub. İstilik dəyişdiricilərinin istehsalı və təmiri sahəsində neft-kimya sənayesində və elektrik stansiyalarında istifadə olunan müxtəlif ölçülü yağ və su soyuducularının təmiri və istehsalının həyata keçirildiyi diqqətə çatdırılıb.
Kran istehsalı sahəsində körpülü kranların yığıldığı və işıq dirəklərinin hazırlanması prosesinə baxış keçirən qonaqlara sahədə istehsal olunan kranlar, onların yükqaldırma qabiliyyəti və s. haqqında məlumat verilib, neft-qaz avadanlıqlarının xidmət sahəsində isə beynəlxalq API standartlarına uyğun əməliyyatların aparılması diqqətə çatdırılıb. İstehsal olunan avadanlıqların beynəlxalq standartlara uyğun olması onların Azərbaycanda beynəlxalq şirkətlərin iştirakı ilə həyata keçirilən layihələrə cəlb olunması üçün şərait yaradıb.
Dəqiq mexaniki emal zavoduna da baş çəkən qonaqlar koordinat ölçmə maşınına baxış keçiriblər. Onlar burada müxtəlif növ və ölçüdə detalların emaldan sonrakı ölçülərinin yoxlanılması prosesi ilə əyani şəkildə tanış olublar. Burada, həmçinin mikrorimer qurğusuna və daxili sənədləşmə cihazı da nümayiş etdirilib.
“SOCAR-STP”nin rəhbəri Fərid Ağayev tədbirdə iştirak etdikləri üçün qonaqlara minnətdarlığını bildirib və deyib: “Ümüdvaram ki, “SOCAR-STP” yaxın gələcəkdə MDB ölkələrində ən qabaqcıl şirkətlərdən olacaq, Sizin dəstəyinizlə yerli istehsalatın artırılması hamımızın borcudur. Həm yerli istehsalatın artırılması, həm də yeni müasir tələblərə cavab verən tələbələrin inkişafı istiqamətində hər birimiz dəstək olmalıyıq”.
Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev tez bir zamanda belə bir müəssisənin yaradıldığına görə fəxr etdiyini bildirib: “Ən müasir standartlara cavab verən müəssisə maşınqayırma sənayesinin bərpa olunması məqsədi ilə yaradılıb. Azərbaycanda neft maşınqayırma sənayesi həmişə yüksək səviyyədə olub. Prezident İlham Əliyevin göstərişi ilə SOCAR bu sahənin bərpasında fəal mövqe tutub. Maşınqayırma sənayesində yenilik etmək istədik və yerli istehsalı artırmaq üçün bu sənayeyə maksimum dəstək verdik. İndi regionumuzun digər müəssisələrində icrası mümkün olmayan işləri burada görə bilirik. Bu gün xarici tərəfdaşlarımız, SOCAR-ın müəssisə və təşkilatlarının rəhbərləri buradadır. Səfərin səbəbi odur ki, tərəfdaşlarımız burada yaradılan imkanlarla tanış olsunlar və yararlana bilsinlər. Düşünürəm ki, bu müəssisənin gələcəyi parlaq olacaq”.
Yaşar Lətifov “SOCAR-STP”nin Müşahidə Şurasının üzvləri adından çıxış edərək bildirdi ki, müəssisə yerli istehsalın inkişafı və idxalın əvəzləşdirilməsi istiqamətində böyük işlər görüb: “Amerika Neft İnstitutu tərəfindən məhsulun tanınması üzrə müvafiq sertifikatlaşdırılmanın təsdiqi, APİ Specification 1Q idarəetmə keyfiyyətinin təsdiqlənməsi, eyni zamanda, müəyyən məhsullara API monoqramlı sertifikatların verilməsi bu müəssisənin məhsulunun və xidmətlərinin qlobal səviyyədə tanınmasının təsdiqidir. Bunun bəhrəsini yaxın zamanlarda ölkəmizdə də görəcəyik. “SOCAR-STP”də açıq qapı siyasəti aparılır. Bura bütün orijinal avadanlıqların istehsalçılarının evi ola bilər. Bütün bu nailiyyətlər, imkanlar qlobal pandemiya vəziyyətində əldə olunub. Bir milyon adam-saat həcmində işlər tam təhlükəsiz şəraitdə yerinə yetirilib”.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz öncə heyrətamiz yerə dəvət olunduğuna görə tədbir iştirakçılarına minnətdarlığını bildirib və deyib: “Çox qısa zaman kəsiyində belə bir nailiyyət əldə etmək möhtəşəm hadisədir. Belə bir müəssisənin yaradılması Azərbaycan üçün inqilabi xarakter daşıya bilər. Çünki bundan əvvəlki dövrlərdə bütün neft avadanlıqları digər ölkələrdən idxal olunurdu. İndi isə bu işlər Azərbaycanda həyata keçiriləcək. Biz müəssisə ilə tanışlıq zamanı bütün işçilərin gənc olmasını müşahidə etdik. Bu, regionun və bu sahənin gələcək inkişafından xəbər verir və sözün əsl mənasında onların qarşısında mükəmməl imkanlar açır. İndi isə regionda çalışan digər layihə opertorlarına üzümü tutub deyirəm ki, bu, artıq sizin üçün yeganə fürsətdir və bundan faydalanmalısınız. Bura qarşıdakı 25 ildə bizi irəliyə aparacaq müəssisələrdən biri ola bilər. Belə bir nəticə əldə etmək, təhlükəsiz icra etmək çox böyük nailiyyətdir”.
Xatırladaq ki, SOCAR (50%) və Sumqayıt Texnologiyalar Parkı (STP) (50%) tərəfindən 2020-ci ildə yaradılan “SOCAR-STP” MMC MDB regionunun ən böyük mexaniki avadanlıq emalatxanası və ağır kranlar zavodunu əhatə edən istehsalatı idarə edir. Birgə müəssisənin yaradılması SOCAR və ölkənin ən iri sənaye komplekslərindən olan STP arasında neft-qaz hasilatı sektorunda maddi-texniki bazanın daha da təkmilləşdirilməsi, mütərəqqi texnologiyaların tətbiqi, texniki xidmət və mütəxəssis mübadiləsinin təminatı üzrə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi məqsədi daşıyır.
Ceyhun Piriyev, “İki sahil”