20 oktyabr 2021 00:02
900

İyirmi yeddi illik həsrətə son: Zəngilan bizimdir, Qarabağ bizimdir!

Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş məcburi köçkünlər yerləşəcək

Ötən ilin 27 sentyabrından başlayaraq hər gün Ali Baş Komandan cənab İlham Əliyevin Qarabağın kəndbəkənd, şəhərbəşəhər işğaldan azad olunması barədə verdiyi xoş müjdələr biri-birini əvəz edirdi. Bəli, biz əminliklə deyirdik ki, müzəffər ordumuzun döyüş meydanında rəşadəti qarşısında ermənilər tab gətirə bilməyəcək. Doğma torpaqlarında müharibə aparan ölkəmiz ərazi bütövlüyünü qarış-qarış bərpa edirdi. Nəhayət, 2020-ci ilin oktyabrın 20-də bütün Azərbaycan daha bir xoş xəbərə sevindi. Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciət edəcəyi xəbəri gəldi.

Dövlətimizin başçısı Zəngilanın işğaldan azad olunduğunu xalqımıza sevinclə bildirdi. Bəli, hər birimiz sevindik. Lakin ən çox sevinən 27 il dədə-baba yurdundan didərgin düşən zəngilanlılar oldu. Onların sevincini heç bir sözlə ifadə etmək olmazdı. 2020-ci ilin oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində əminliklə bildirdi ki, xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir: “Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram… İndi isə əziz xalqımın səbirsizliklə gözlədiyi bizim yaşayış məntəqələrinin azad edilməsi haqqında məlumatı böyük qürur hissi ilə çatdırıram.

Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”

2021-ci ilin aprelin 26-da cənab Prezident İlham Əliyevin öz şəxsi “Facebook” hesabından Zəngilandan paylaşdığı videolarda müdrikcəsinə dediyi kimi: "Zəngilan rayonunun təbiəti çox gözəldir. Yaşıl dağlar, meşələr, çaylar. ..Adam baxdıqca baxmaq istəyir. Cənnət kimi bir yerdir. Oranı cənnət edəcəyik".

2020-ci il dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Zəngilan rayonuna səfər ediblər. Prezident İlham Əliyev Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırmışdı. Qeyd edək ki, Qələbədən sonra Zəngilan rayonuna 3 dəfə səfər etmiş Prezident İlham Əliyev aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə özü nəzarət edir. İşğaldan azad olunmuş rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Prezident İlham Əliyevin səfərləri onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub. Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş məcburi köçkünlər yerləşəcək.

Onu da qeyd etmək yerinə düşər ki, Zəngilanın cənnət olması üçün bu ilin aprelin 26-da Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoymuşdu. Bununla işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin icrasına başlanıldı. Layihə  Zəngilanın Birinci, İkinci, Üçüncü Ağalı kəndlərini əhatə edir.  Qarabağda ilk dəfə həyata keçiriləcək “Ağıllı kənd” layihəsinin icrası 5 komponent üzrə aparılacaq. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə edilməklə 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq.

Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, həmçinin turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

Zəngilanın Ağalı kəndlərində müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzlərinin inşasını, turizm infrastrukturunun formalaşdırılacağını da nəzərə alsaq, mənzərə tam aydın olar. Bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi “ağıllı kənd”in hansı üstünlüklərə malik olduğunu göstərir.

Prezident İlham Əliyev Zəngilan səfəri zamanı bu ilin sonuna qədər layihənin tam başa çatacağını demişdi. Dövlət başçısı bildirmişdi ki, insanların öz torpaqlarına geri dönüşü üçün kompleks tədbirlər görülməlidir: “Bu yaxınlarda “ağıllı kənd” layihəsi artıq gerçəkləşməyə başlayıb. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Mən təlimat vermişdim ki, bu ilin sonuna qədər layihə tam başa çatsın. Yəni orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Bütün lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Belə pilot layihələr çox ola bilər. Biz indi onun üzərində işləyirik”. 

“Ağıllı kənd” konsepsiyasına əsasən, prosesin elektronlaşdırılması istehsal imkanlarını gücləndirir. Eyni zamanda, “ağıllı kənd” suvarma sistemindən tutmuş torpağın əkilib-becərilməsinə, məhsulun toplanmasına kimi avtomatlaşdırılmış, bir mərkəzdən idarə olunan və bütün platformanın birgə idarə olunduğu unikal sistemdir. Bu, layihədə ən qabaqcıl texnologiyaların tətbiqini nəzərdə tutur. İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunacaq yeni sistemin kənd infrastrukturunun digər sahələrinə - alternativ enerji mənbələrinə və müasir nəqliyyat sisteminə inteqrasiyası “ağıllı kənd”in konsepsiyasını tamamlayacaq. Bütövlükdə, Qarabağ bölgəsində həyata keçirilən yeni layihələr bölgənin gələcək inkişafında mühüm rol oynayacaq.

Bu gün fəxrlə deyə bilərik ki, müzəffər Azərbaycan Ordusu tərəfindən 30 illik erməni işğalından azad olunan şəhər və kəndlərimizə yenidən həyat qayıdır və tezliklə keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönəcəklər. O günlər uzaqda deyil...

Orxan Vahidoğlu, “İki sahil”