22 oktyabr 2021 10:15
900

"Qarabağ" yatağının işlənməsi müzakirə edilib

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin "Equinor" şirkətinin kəşfiyyat üzrə vitse-prezidenti Tore Losetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-dan "İki sahil"ə verilən məlumata görə, görüşdə SOCAR və "Equinor" şirkətləri tərəfindən bərabər pay bölgüsü əsasında həyata keçirilən "Qarabağ" yatağının işlənməsi, eləcə də "Dan Ulduzu"-"Əşrəfi"-"Aypara" perspektivli strukturlarında aparılan kəşfiyyat layihələrində növbəti addımların icrası müzakirə olunub.

"Equinor" şirkətinin nümayəndələri Azərbaycanda SOCAR ilə birgə həyata keçirilən bütün layihələrdə fəaliyyətlərini davam etdirmək əzmində olduqlarını bildirib, “Qarabağ” yatağından sonra "Aypara" və "Gündüz" kimi perspektivli strukturlarda da kəşfiyyat qazmasının aparılması üçün mövcud imkanlar ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Norveçin "Equinor" şirkəti (keçmiş "Statoil") və SOCAR Azərbaycanda "Qarabağ" yatağının işlənməsi və "Əşrəfi"-"Dan Ulduzu"-"Aypara" perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili üzrə əməkdaşlıq edirlər. Şirkətlər həmçinin "Azəri"-"Çıraq" və "Dərinsulu Günəşli" (AÇG) neft yatağının işlənilməsi layihəsində iştirak payına malikdirlər. 2018-ci ilin may ayında "SOCAR Karabakh" və "Equinor" şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalayıb. Sazişə əsasən şirkətlər bərabər paya malikdirlər.