24 oktyabr 2021 09:00
506

2020-ci ilin 24 oktyabrı…

Tarixi Zəfərin qələbələrlə dolu hər anı

2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

“İki sahil” 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.

Vətən müharibəsinin iyirmi səkkizinci günü

Azərbaycan Silahlı Qüvvələrinin məlumatına görə, Ermənistanın Sünik mərzinin Gorus və Qafan şəhərlərinin inzibati ərazisindən, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmən raket və artilleriya qurğuları ilə Laçın və Qubadlı rayonları ərazilərini güclü atəşə tutur. Üstəlik günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən Azərbaycan Ordusuna hücum etməyə cəhd edib. Müdafiə Nazirliyinin digər məlumatında isə cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edildiyi qeyd edilir. Azərbaycan Müdafiə Nazirliyi cəbhənin Ağdərə və Ağdam bölgələrində Ermənistan silahlı qüvvələrinin hərbi infrastrukturuna hava qüvvələrindən istifadə etməklə hava zərbələri endirdiyini bildirir.