25 oktyabr 2021 19:01
747

ABŞ səfirliyi Ərdoğanın xəbərdarlığından sonra açıqlama yaydı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iş adamı Osman Kavalanın sərbəst buraxılması üçün çağırış edən ölkələrin səfirlərinin “persona non qrata” elan ediləcəkləri ilə bağlı bəyanatından sonra ABŞ ilk açıqlamasını yayıb.

“İki sahil” Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ səfirliyi bildirib ki, Türkiyənin daxili işlərinə qarışmaqdan söhbət belə gedə bilməz. Səfirlik tərəfindən yayılan açıqlamada deyilir:

“Vyana sazişinin 41-ci maddəsinə əməl edərək Türkiyənin daxili işlərinə qarışılmayacaq. Səfirliklərimiz ölkələrin daxili işlərinə hər zaman hörmətlə yanaşır”. 

Daha sonra Kanada, Finlandiya, Danimarka, Hollandiya, İsveç, Norveç və Yeni Zelandiyanın Ankarada fəaliyyət göstərən səfirlikləri tərəfindən də eyni açıqlama paylaşılıb.

“Anadolu” informasiya agentliyinin Türkiyə Prezident Administrasiyasındakı mənbələrə istinadən yaydığı xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan adıçəkilən səfirliklərin məlum mövqeyini müsbət qarşılayıb.

Qeyd edək ki, Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 41-ci maddəsi diplomatın yaşadığı ölkənin qanun-qaydalarına hörmət etməsini və daxili işlərinə qarışmamağını tələb edir.

Xatırladaq ki, Türkiyədə 2013-cü ildə baş verən “Gezi parkı” hadisələrinə görə və 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunan iş adamı Osman Kavalanın azadlığa buraxılması üçün ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya səfirləri oktyabrın 18-də birgə bəyanat imzalayıblar. Bundan sonra Ərdoğan həmin 10 ölkənin səfirlərinin “persona non qrata” elan olunmalarının mümkünlüyü ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinə tapşırıq verib.