Bəzən məktəbyaşlı uşaqlarımız oxuyub yazmaqda çətinlik çəkirlər. Yaşıdlarından heç nə ilə geri qalmayan övladımız kitab və hər hansı mətni oxumağa başladıqda onlardan fərqlənir. Düşünürük ki, tənbəllik edirlər, ya da oxumaq istəmirlər. Belə olan halda ağıla bu sual gəlməlidir bəlkə mənim övladım disleksiyadır?
Nədir bəs disleksiya və əlamətləri nələrdir?
Pedaqogikada disleksiya xüsusi öyrənmə çətinliyi kimi tanınır. Latınca “söz” və “pozğunluq” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Disleksiyalı uşaqlar sözləri hecalamaqda, səhv tələffüz etməkdə, oxumaqda çətinlik çəkirlər və daha fərqli problemlər də meydana çıxa bilər. Ümumi adla “xüsusi öyrənmə çətinliyi” kimi bilinən disleksiyanın alt qrupları da var. Disleksiya oxumaqda çətinlik, disqrafiya yazıda çətinlik və diskalkuliya isə hesablamaqda çətinlikdir. Bəzən disleksiyalı uşaqlar o qədər çətinlik çəkirlər ki, ağıla ilk bu sual gəlir görəsən mənim övladım ağıldan geridir? Amma disleksiyanın zəka və əqli geriliklə heç bir əlaqəsi yoxdur. Disleksiyalı uşaqlar normal zəkalı və hətta yaşıdlarından daha üstün zəkaya sahib olurlar. Beləki, dünyaca məhşur insanlar belə disleksiyadan əziyyət çəkmişlər. Bunlara misal olaraq Albert Eynşteyni, Tomas Edissonu, Volfqanq Amadey Mozartı, Tom Kruzu, Stiven Hovkinqi, Volt Disneyi göstərmək olar və bu siyahını daha da artırmaq olar.
Disleksiyanın əlamətləri aşağıdakılardır: rəsm çəkə və yaxud da köçürə bilməmək, düymələri və yaxud da ayaqqabıların bağcığını bağlamaqda çətinlik, qayçı tuta bilməmək, çəngəl –qaşıq tutmaqda çətinlik, qələmi səhv tutmaq, hərəkət edən topu tuta bilməmək, iplə tullana bilməmək, diqqət çəkən oyunları rədd etmək, bir işi axıra qədər çatdıra bilməmək, oxşar simvolları qarışdırmaq, oxşar səsləri seçə bilməmək, istiqamətləri qarışdırmaq (ayaqqabıları tərs geymək, kitabı tərs tutmaq), yaşıdları ilə oyun oynaya bilməmək və s. Xüsusi öyrənmə çətinliyi olan uşaqların təhsil uğurları aşağıdır və ya enişli-çıxışlıdır. Belə uşaqlar hərf, səs əlaqəsi qurmaqda çətinlik çəkir, hərfləri qarışdırır, oxuduqları zaman hecaları ya da sözü tərs oxuyurlar. Onlar hərfləri yaxud sözləri buraxır ya da özlərindən uydurur, oxuduqları yeri tez tez itirir və təqib edə bilmir, sətirləri qarışdırır və oxuduqlarını anlamırlar. Yaşıdlarına görə əl yazıları oxunaqsız və yavaşdır. Lövhədəki yazını yaxud da imlanı dəftərə yaza bilmirlər. Belə şagirdlər yazı yazanda sözlər arasında boşluq buraxmırlar, dəftərləri çox səliqəsizdir. Əl-göz koordinasiyaları zəifdir.
Riyazi bacarıqlara gəldikdə isə rəqəmləri tərs yazır, bəzi riyazi simvolları öyrənməkdə çətinlik çəkir, rəqəmləri qarışdırırlar (6 və 9; 12 və 21). Bir çox riyazi hesablamanı (şifahi həll etdikləri halda) dəftərdə yazılı şəkildə həll edə bilmirlər. Yazılı olaraq fikirlərini ifadə edə bilmirlər. Rəqs etməkdə və ritm tutmaqda çətinlik çəkirlər. Belə uşaqların diqqəti qısa zamanda dağıla bilir, fikirlərini cəmləyə bilmirlər.
Psixoloji cəhətdən həssas uşaqlardır. Ünsiyyət qurmaqda çətinlik çəkirlər. Çox xəyalpərəsdirlər, çox vaxt fikirli olurlar. Ev tapşırıqlarını həll edən zaman çox yavaşdırlar. Dərs çalışan zaman tez-tez ara verir, sıxılırlar. Uğurlu olmadıqları təqdirdə tez motivasiyadan düşür və asanlıqla işdən əl çəkirlər, özgüvənləri zəifdir.
Disleksiya zamanı nə etmək lazımdır? Hər uşağa fərdi yanaşmaq lazımdır. Hətta disleksiyalı uşaqlar belə bir-birlərindən fərqlənirlər. Özlərindən asılı olmayan bu problemi aradan qaldırmaq üçün valideynlər nə etməlidir? Bunun üçün uşaqlara xüsusi təlim keçilməlidir və qeyd edək ki, bu təlim məktəb proqramı ilə uyğun gəlmir. Disleksiyalı uşaqlar düşündüklərini çox vaxt dilə gətirə bilmirlər, ya da başqa sözlərlə əvəz edirlər. Bunun üçün pedaqoq və psixoloqlar xüsusi proqramlar vasitəsilə disleksiyanın üstəsindən gələ bilirlər. Bu proqramlara aşağıdakılar daxildir: Xüsusi öyrənmə çətinliyi simptomları testi (DİS-TEST), vizual tanıma təməlli oxuma yöntəmi təlimi (Sarı kitab), məktəbəqədər disleksiya testi (O-DİST), məktəbəqədər müdaxilə proqramı (O-DMP) və disqrafiya müdaxilə proqramı. Bunlarla yanaşı diqqəti inkişaf etdirən proqramlardan da istifadə edirlər. Çox vaxt disleksiya ilə diqqət əksikliyi özünü yanaşı göstərir.
Disleksiyanın bu qədər çatışmazlıqlarını sadaladıqdan sonra yaxşı tərəflərindən də danışmaq lazımdır. Disleksiyalı uşaqların beyni bizim beynimizdən tamamilə fərqli çalışır. Odur ki, onlar daha yaradıcı olurlar. O qədər xəyalpərəst olurlar ki, danışdıqları zaman belə xəyallar aləminə gedə bilirlər. Beyinləri fərqli çalışdığı və özlərinə hər dəfə çıxış yolu axtardıqları üçün bizdən daha məhsuldar olurlar. Sadəcə disleksiyalı uşaqlara vaxtında müdaxilə edib, onlara kömək etmək lazımdır. Unutmayaq ki, onlar gələcəyin dahiləri də ola bilərlər....
Gülşad Məmmədova,
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı