Müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən inanıram ki, bizim bölgədə hər şey Azərbaycan xalqının xeyrinə dəyişəcək, xalqımız gələcəkdə mütləq və mütləq gedib öz gözəl Göyçə torpağını, doğma dağlarını, bulaqlarını, çaylarını, ata-babalarının qəbirlərini görəcəkdir. Mən buna heç şübhə etmirəm”.
Qırx dörd günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan bu gün öz gücü ilə əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramını uğurla icra edir. Hazırda uzunmüddətli deportasiya siyasətinin qurbanı olmuş Qərbi Azərbaycandan olan soydaşlarımızın da doğma yurdlarına dönməsi istiqamətində ciddi iş aparılır.
Prezident İlham Əliyev daim vurğulayır ki, Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıtması onların hüququdur. Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları bərpa olunsun. Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqində bunu bir daha bəyan etdi: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.
Ölkəmizin başçısı həmin görüşdə onların qarşısında mühüm vəzifələr qoydu. Bildirildi ki, İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv edilməsinin qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir.
Bu gün dövlət başçısının rəhbərliyi ilə Qərbi Azərbaycana sülh yolu ilə qayıdış istiqamətində məqsədli, genişləndirilmiş və davamlı işlər görülür, əhəmiyyətli layihələr həyata keçirilir. Belə ki, İcmanın təşəbbüsü ilə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müəyyən qərarlar qəbul olunub. Həmçinin Avropa İttifaqı səviyyəsində məsələ ilə bağlı müzakirələr aparılıb. Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlər davamlı xarakter alıb. Belə ki, 2023-cü il yanvarın 31-də BMT Katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə 12 yanvar tarixli müraciətini, 2023-cü il martın 28-də İcmanın Qayıdış Konsepsiyasını, 2023-cü il mayın 20-də isə qurumun UNESCO-nun Baş direktoru Odri Azuleyə ünvanladığı məktubu BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Həmçinin Qərbi Azərbaycan İcması 2023-cü il martın 27-də Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) müraciət edərək, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqəti çəkib, bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini xahiş edib.
Təəssüf ki, bu gün Ermənistan hakmiyyəti tərəfindən Qərbi Azərbaycana qayıdışla bağlı qəbulolunmaz bəyanatlar səsləndirilir. Təbii ki, həmin rəsmilərin azərbaycanlıların guya deportasiyaya məruz qalmadıqlarına, evlərinin əvəzində kompensasiya alaraq öz əzəli torpaqlarını tərk etmələrinə dair iddiaları əsassızdır və heç bir mənəvi-əxlaqi dəyərlərə sığmır. Soydaşlarımızın öz tarixi torpaqlarından zor gücünə qovulması faktının inkar edilməsi, Hayastanın azərbaycanlılara qarşı sistemli və məqsədyönlü şəkildə onilliklər ərzində həyata keçirdiyi etnik təmizləmə siyasətinə bəraət qazandırmasının əyani təsdiqidir. Ancaq bütün bunlar əbəsdir. Çünki Qərbi Azərbaycan həqiqətləri artıq ciddi beynəlxalq dəstək qazanır.
Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü zamanı bildirib ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir: “Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.
Zahid Rza, “İki sahil”