15 noyabr 2021 22:21
2824

Azərbaycan ədliyyəsi: Dövlətə və xalqa layiqli xidmət

22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günüdür!

Ulu öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixdə imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün 22 noyabr Azərbaycan Respublikası Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.

Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlamış, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk Ədliyyə naziri təyin olunmuşdur. Həmin il noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilmiş, funksiya və səlahiyyətləri müəyyən edilmişdir. Həmin dövrə nəzər salanda şahidi oluruq ki, Ədliyyə Nazirliyi o vaxtlar şəraitin çətinliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə xeyli iş görmüşdür. İlk növbədə ədliyyə, məhkəmə və istintaq strukturları bərpa edilmiş, respublikada qayda-qanunun bərqərar olması, yeni hüquq sisteminin təşkili ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunmuş, zəruri hüquqşünas kadrların hazırlanması və əhalinin hüquqi maarifləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Fəaliyyəti unudulmaz hadisələrlə yadda qalan Ədliyyə Nazirliyinin həm də çətin və mürəkkəb dövrü olmuşdur. 1920-ci ildə ölkə işğal edildikdən sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyi ləğv edilərək əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılmış, səlahiyyətləri xeyli məhdudlaşdırılmış, iki dəfə ləğv olunaraq yenidən təsis edilmiş, funksiyaları ayrı-ayrı vaxtlarda prokurorluq, məhkəmə orqanlarına verilmişdir. Ədliyyə sisteminin stabil funksiya və struktura malik olmaması onun inkişafına ciddi əngəllər törətmişdir.

Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi, ədliyyə işinin təkmilləşdirilməsi məhz 1970-ci ilə - ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsadüf edir. Həmin dövrdən etibarən Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, onun gələcək inkişafı üçün əlverişli şərait yaradılmışdır.

Müstəqillik illərində ədliyyə və məhkəmə-hüquq sisteminin inkişafına müstəsna əhəmiyyət verən ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yeni milli Konstitusiya qəbul olunmuş və hüquqi sahədə islahatların mütəşəkkil qaydada aparılması məqsədilə Hüquqi İslahat Komissiyası yaradılmış, qısa müddət ərzində mühüm qanunlar qəbul edilmiş, məhkəmə və hüquq-mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxılmışdır.

Azərbaycan ədliyyəsinin inkişafını təmin edən ardıcıl tədbirlər həyata keçirilərək səlahiyyətləri genişləndirilmiş, istintaq aparatı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət institutu, icra xidməti yaradılmış, nazirliyin cəmiyyətdə rolu əhəmiyyətli dərəcədə artmışdır.

Ümummilli Liderin dövlət quruculuğu xəttini uğurla davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.

2006-cı ildə nazirliyin yeni Əsasnaməsi qəbul edilərək ona hüquq-mühafizə orqanı statusu verildi. Nazirliyin yeni müasir görünüşlü rəsmi emblemi təsdiq edildi. Ədliyyə orqanlarının inkişafı, məhkəmə sisteminin müasirləşdirilməsi haqqında fərmanların imzalanması, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” yeni Qanunun, habelə Ədliyyənin inkişafına dair ayrıca Dövlət Proqramının qəbulu xüsusi əhəmiyyət kəsb etdi.

Nazirlikdə yeni qurumların - Ədliyyə Akademiyasının, Probasiya Xidmətinin, Regional ədliyyə şöbələrinin, müxtəlif reyestrlərin yaradılması müasir Azərbaycan ədliyyəsi tarixində mühüm yer tutur.

Respublikada aparılan mütərəqqi islahatlar, eyni zamanda, geniş qanunyaradıcı fəaliyyət ilə müşayiət olunur. Qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, o cümlədən ölkəmizin iqtisadi inkişafı, əhalinin maddi və sosial rifahının yaxşılaşdırılmasına yönələn normativ-hüquqi aktların işlənilməsində aktiv iştirak edən Ədliyyə Nazirliyi tərəfindən ictimai həyatın müxtəlif sahələrini əhatə edən minlərlə qanunvericilik aktının layihəsi ekspertizadan keçirilmiş, 2000-dən çox layihə hazırlanmışdır.

Təsadüfi deyil ki, əhalinin daim yeniləşən qanunvericilik aktlarının mətni ilə birbaşa, sərbəst və təmənnasız tanış olması, hüquqi biliklərinin artırılması məqsədilə 2006-cı ildən etibarən milli qanunvericiliyin elektron məlumat bazası (www.e-qanun.az) və 2011-ci ilin iyulundan “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununa əsasən nazirlik tərəfindən yaradılmış Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantı (www.huquqiaktlar.gov.az) interaktiv rejimdə fəaliyyət göstərir və daim yenilənir.

Məlum olduğu kimi, hər bir cəmiyyətdə məhkumlarla davranışa münasibət ölkənin mədəni inkişaf səviyyəsinin əsas göstəricilərindəndir. Bu baxımdan son illərdə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə penitensiar sistemdə aparılan köklü islahatlar nəticəsində cəza siyasəti humanistləşdirilərək məhkumların hüquqları və imtiyazları xeyli genişləndirildi, onların saxlanma şəraiti, ərzaq və tibb təminatı köklü şəkildə yaxşılaşdırıldı, bu sahədə ictimai nəzarət gücləndirildi, müasir penitensiar infrastrukturun yaradılması üzrə məqsədyönlü işlər görüldü.

Təsadüfi deyil ki, həbs edilmiş şəxslərin və məhkumların yaşayış yerlərinə yaxın ərazilərdə və müasir müəssisələrdə cəza çəkməsini təmin etmək məqsədilə ölkə başçısı İlham Əliyevin tapşırıqlarına əsasən, respublikanın müxtəlif regionlarında yeni penitensiar müəssisələrin inşasına başlanıldı. Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir tipli penitensiar komplekslər, Bakıda isə ən yüksək beynəlxalq standartlara uyğun yeni istintaq təcridxanası tikilərək istifadəyə verilmiş, məhkumların hüquqlarının qorunmasına xüsusi diqqət yetirən dövlət başçısı İlham Əliyev şəxsən təcridxanaya baş çəkərək yaradılmış şəraitlə tanış olmuşdur. Bir sıra dövlətlərin, o cümlədən Norveçin, Niderlandın, Mərakeşin, Türkiyənin və s. ədliyyə nazirləri də həmin müəssisəyə baş çəkərək yaradılan şəraiti təqdir etmişlər. Hazırda Gəncədə, Kürdəmirdə, Lənkəranda və Bakının Umbakı qəsəbəsində də yeni müəssisə və komplekslərin inşası davam etdirilir. Eyni zamanda, həbs edilmiş şəxslərin və məhkumların hüquqları və imtiyazları xeyli genişləndirildi, saxlanma şəraiti, dərman və digər təminatları, xüsusilə tibbi xidməti əsaslı şəkildə yaxşılaşdırıldı, penitensiar müəssisələr yeni tibbi avadanlıqlarla ilə təchiz olundu.

Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə səmərəli əməkdaşlıq nəticəsində vərəm xəstəliyinə düçar olmuş məhkumlar üçün xüsusi yaradılan İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya və yeni müalicə korpusları istifadəyə verildi. Vərəm xəstəliyinin dəqiq diaqnozunu 3 aydan sonra deyil, bundan 1000 dəfə daha tez - 1 saat 40 dəqiqə ərzində müəyyən etməyə imkan verən yeni ekspress-testin dünyada ilk dəfə olaraq Azərbaycanın penitensiar müəssisələrində tətbiqinə başlandı. Bunun nəticəsidir ki, vərəmdən ölüm halları 38 dəfəyədək, ümumilikdə penitensiar müəssisələrdə xəstəlikdən ölüm halları 12 dəfə azalmışdır.

Ulu öndər Heydər Əliyevin humanizm və ədalət prinsiplərinə əsaslanan siyasətinə sadiq qalan dövlət başçısı İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin etdi, qəbul olunmuş amnistiya aktları və əfv sərəncamları ilə cinayət törətmiş şəxslərin cəmiyyətə yenidən inteqrasiya olunaraq islah edilməsini stimullaşdırdı.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli uğurlu islahatlar respublikamızın beynəlxalq hüquqi inteqrasiya prosesini də sürətləndirmişdir. Ədliyyə Nazirliyi tərəfindən hüquqi sahədə əməkdaşlığın daha da genişləndirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır. Nazirlik tərəfindən BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Dünya Bankı, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, Avropa Ümumi Hüquq Təşkilatı, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi, Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) və s. beynəlxalq təşkilatlar ilə səmərəli əməkdaşlıq aparılır.

Eyni zamanda, ölkəmiz 120-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlıq edərək uzun müddətdir Baş Prokurorluğun və Ədliyyə Nazirliyinin rəhbər şəxsləri təşkilatın ali orqanlarında - İcraiyyə Komitəsində və Senatında fəal təmsil olunurlar.

Vətən müharibəsinin ilk günlərindən Ədliyyə Nazirliyinin əməkdaşları və onların ailə üzvləri yüksək vətənpərvərlik hissi ilə cəbhəyə yollanaraq döyüşlərdə iştirak etmişlər. Hərbi əməliyyatlarda mərdlik və rəşadət göstərmiş nazirliyin aparatının bir əməkdaşı, həmçinin 4 ədliyyə işçisinin ailə üzvü şəhid olmuşdur.

Ədliyyə işçiləri ordumuzla həmrəylik nümayiş etdirərək hərbçilərimizə, yaralananlara və şəhid ailələrinə öz dəstəyini əsirgəməyib, Silahlı Qüvvələrə Yardım Fonduna və “YAŞAT” Fonduna əməkhaqlarından könüllü vəsaitlər köçürüblər. Eyni zamanda, nazirliyin Tibb Xidmətinin həkimləri müharibə dövründə yaralananlara zəruri tibbi yardım göstərib, ədliyyə orqanlarında qanvermə aksiyaları keçirilib, döyüşlərdə yaralanaraq hərbi hospitallarda müalicə alan hərbçilərimizə ədliyyə əməkdaşları tərəfindən mütəmadi baş çəkilib və sovqatlar təqdim olunmuşdur.

Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə mərdliklə iştirak edərək vəzifə borclarını şərəflə yerinə yetirərək şəxsi igidlik göstərdiklərinə görə ədliyyə işçiləri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək dövlət təltiflərinə layiq görülmüşdürlər.

Peşə bayramlarının 103 illiyini qeyd edən ədliyyə işçiləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək Vətənimizin müdafiəsi və tərəqqisi naminə dövlətimizə və xalqımıza layiqincə xidmət etməyi özlərinin vəzifə və vətəndaşlıq borcu sayırlar.

Elman Qazıbəyov,
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təlim Mərkəzinin rəisi, ədliyyə polkovniki