Noyabrın 25-də Bakı Gənclər Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən “25 Noyabr - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü” mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar təşkil olunub.
Toplantıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova , əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin nümayəndələri, Bakı şəhər rayonlarının icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının rəhbərləri, Bakı şəhər rayon bələdiyyələrinin sədrləri və məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin rəhbərləri iştirak ediblər.
Təkliflərimiz razılaşdırılma mərhələsindədir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbirdə çıxış edərək iştirakçıları Kəlbəcərin işğaldan azad olunduğu gün münasibətilə təbrik edib. O, Zəfərimizdən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində hər kəsə uğurlar arzulayıb.
Bahar Muradova qeyd edib ki, qorunmalı, müdafiə olunmalı, təhlükəsiz şəraitdə yaşamalı olan qadın və qızlara qarşı edilən məişət zorakılığı ən ciddi hüquq pozuntusudur: “Bu istiqamətdə beynəlxalq və milli qanunvericilik kifayət qədər təkmilləşərək effektiv mexanizmlər yaradılıb. Beynəlxalq və milli imkanlarımızı birləşdirərək buna qarşı mübarizə apara, qarşımıza çıxan çağırışları önləyə bilərik. Azərbaycanda bu sahədə xeyli işlər görülüb. Bu məsələlərlə bağlı müxtəlif layihələr həyata keçirilib. Həmin layihələrin reallaşması nəticəsində ölkəmizdə yeni ciddi uğurlara imza atılıb.”
Komitə sədri bildirib ki, qadınlar və qızlara qarşı hüquq pozuntusu bütün dünyanın üzləşdiyi ən ciddi problemdir: "Bunun qarşısının tam şəkildə alınacağına heç kəsin ümidi yoxdur. Amma bunun qarşısını təhsillə, hüquqi təfəkkürü təkmilləşdirməklə müəyyən qədər ala bilərik. Ötən ildən başlayaraq bu sahədə xeyli layihələr həyata keçirilib. Bu proses növbəti illərdə də davam edəcək. Yeni ciddi uğurlara da imza ata bilmişik. Qanunvericilik sahəsində boşluqların aradan qaldırılması üçün təkliflərimiz ortadadır. Təhlükəsizliyin, hüquqi müdafiənin əlçatanlığının təmin olunması üçün Komitənin təklifləri var. Bunlar razılaşdırılma mərhələsindədir. Eyni zamanda, bu sahədə dəyişikliklərə ehtiyac var. Ümid edirik ki, bu dəyişikliklər həyata keçiriləcək. Son vaxtlar cəmiyyətdə zorakılığa məruz qalan qadınların kifayət qədər olduğunu görürük. İnsanlar hətta öz ailələrində fiziki, psixoloji zorakılığa məruz qalırlar".
İnsanlar öz ailə üzvləri tərəfindən ciddi təhdid, fiziki və psixoloji zorakılıqla üz-üzə qalırlar
Bahar Muradova vurğulayıb ki, son vaxtlar həm müharibənin törətdiyi fəsadlar, həm pandemiyanın yaratdığı çətinliklər, həm də zorakılığa meyilli insanların hələ də cəmiyyətimizdə kifayət qədər olması səbəbindən hamımızın etirazına səbəb olan cinayətlər baş verməkdədir: “İnsanlar öz ailə üzvləri tərəfindən ciddi təhdid, fiziki və psixoloji zorakılıqla üz-üzə qalırlar. Cəmiyyətdə haqlı olaraq bunu ciddi şəkildə müzakirə edir və müvafiq qurumlardan da lazımi işi və dəstəyi gözləyirlər. Biz bu öhdəliklərimizi yerinə yetiməklə yanaşı, tərəfdaşlarımızla da bu istiqamətdə xeyli layihələr həyata keçirməkdəyik. Həmin layihələrin reallaşdırılması yeni istiqamətlər üçün yeni imkanlar açır. Biz mövcud vəziyyətlərin təhlili, onun hərtərəfli təsəvvür olunması, uğur və problemlərimizin sərhədləri müəyyənləşdirilməklə, qarşıdakı dövrdə hansı addımlar atacağımızı müəyyənləşdirmək üçün bir sıra təhlillər aparmışıq. Bu gün sözügedən təhlillərin nəticələri sizə təqdim olunacaqdır. Komitəyə edilən müraciətlər əsasında və nümayəndələrin iştirakı ilə keçirilən məhkəmə proseslərində əsas götürülməklə iki istiqamətdə təhlil aparılmışdır. Həm məhkəmə orqanlarında əlçatanlığın təmin olunması ilə bağlı, həm də zorakılığın aradan qaldırılması ilə bağlı iki təhlilin təqdimatı olacaq.Hərtərəfli aparılmış bu təhlil mövcud vəziyyətin tam təsvirini ifadə edir. ”
Komitə sədri xatırladıb ki, əgər ötən il kampaniya “Gücünü göstərmə, sevgini göstər” devizi altında aparılmışdısa, qərara aldıq ki, budəfəki kampaniyada bizim mesajlarımız cəmiyyətdə hamıya ünvanlansın və hər iki tərəfin də iştirakı ilə biz qarşımızdakı hədəflərə çataq. Çünki sözügedən problemi yalnız birgə mübarizə aparmaq, araşdırmaq, təhlil etmək, müzakirə yolu ilə həll etmək olar.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək rayonundakı sosial-iqtisadi vəziyyətdən danışıb, həmçinin qəsəbələrdə yaradılan mədəniyyət mərkəzlərinin, təhsil ocaqlarının sayının artırılmasının sakinlərin mədəni inkişafına müsbət təsir etdiyini bildirib.
Qadınların zorakılıqdan müdafiəsi üzrə mexanizmdə boşluqlar var
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev isə bildirib ki, biz tərədaşlarımızla dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi və digər məsələlərin icrasına bu və ya digər dərəcədə töhfə verilməsi məqsədilə davamlı şəkildə əməkdaşlıq edirik.
F.Babayev qeyd edib ki, qadınların zorakılıqdan müdafiəsi üzrə mexanizmdə boşluqlar qalmaqdadır. Bunları aradan qaldırmaq məqsədilə pilot “Qaynar xətt” layihəsinin genişləndirilməsi, əsas xidmət tədqiqatları üçün müdaxilə və əlaqələndirmə üzrə xidmət protokollarının təsdiqlənməsi, zorakılığın yayılmasına dair ölkəmiqyaslı sorğuların mütəmadi əsasda keçirilməsi zəruridir. Əsas məsələlərdən biri ölkə əhalisi arasında zorakılığın mənfi nəticələrinə dair maarifləndirmə işlərinin genişləndirilməsidir.
9 ay ərzində işə düzələnlərin üçdə biri qadınlardır
Tədbirdə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Fəaliyyət Planının faydalarından söz açıb. Nazir müavini qeyd edib ki, bu ilin 9 ayında işədüzələnlərin üçdə biri qadınlardır. 4300 qadın haqqı ödənilən ictimai işlərə cəlb edilmişdir. Eyni zamanda, 100-dən çox qadın birgə maliyyələşmə proqramına qoşulmuşdur: "Xanımlarımız özünüməşğulluq proqramında da fəal iştirak ediblər. Bu ilin 9 ayında 3200 qadın bu proqrama cəlb olunub. 1000-ə yaxın qadın müxtəlif peşə təlimi, işsizlikdən sığorta alıb".
Rəsmi çıxışlardan sonra “Məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin monitorinqi çərçivəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ünvanlanmış müraciətlər əsasında araşdırma” və “Məişət zorakılığından zərər çəkmiş şəxslərin məhkəməyə çıxış imkanları: Mövcud vəziyyət və onun təkmilləşdirilməsi istiqamətləri” mövzusunda təhlilə dair ekspert Abil Bayramov təqdimatla çıxış edərək zorakılığın səbəbləri, fiziki və psixoloji nəticələri, məişət zorakılığının qarşısının alınmasına yönəlik hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsi istiqamətləri, eyni zamanda zorakılıq qurbanlarının məhkəməyə çıxış imkanları haqqında ətraflı məlumat verib.
Daha sonra Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, ll dərəcəli hüquqşünas Saleh Hacıyev, Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimai Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik idarəsinin rəis müavini Əziz Baqişev çıxış edərək ölkəmizdə məişət zorakılığı, o cümlədən qadın zorakılığı ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər, məişət zorakılığı sahəsində hüquqi maarifləndirmənin vacibliyi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, müxtəlif ixtisas sahiblərinin diqqətinin məişət zorakılığı ilə mübarizəyə cəlb edilməsi, mühafizə orderlərinin tətbiqi, aidiyyəti dövlət orqanları ilə birgə koordinasiyalı fəaliyyətin təşkil edilməsi məsələlərinə toxunublar.
Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin aparıcı məsləhətçisi Xəyalə Abbaslı-Əsgərli Bakı şəhəri Sabunçu rayonunda məişət zorakılığının qarşısının alınması sahəsində yaradılmış mexanizmi iştirakçılara təqdim edib.
Tədbir iştirakçıların suallarının cavablandırılması və müzakirələrlə davam edib.
Yaqut Ağaşahqızı, “İki sahil”