27 noyabr 2021 01:56
826

Turizmdə sıçrayışlı artım proqnozu: Nələrin hesabına?

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisdə “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin 2-ci oxunuşda müzakirəsi zamanı bildirib ki, gələn il Azərbaycanın turizm sektorunda 48  faiz artım olacağı gözlənilir. Nazir müavini deyib ki, proqnozun kəskin artımı postpandemiya dövründə bu sahədə sıçrayışlı artımın gözlənilməsi ilə bağlıdır. Onun sözlərinə görə, növbəti illərdə də turizmdə ikirəqəmli artım olacaq.

Real vəziyyət isə ondan ibarətdir ki, rəsmi statistikaya görə, cari ilin aprel ayından başlayaraq ölkəyə gələnlərin sayında artımın müşahidə olunmasına baxmayaraq  yanvar-oktyabr aylarının yekunu 2020-ci ilin eyni dövrünün göstəricisindən geri qalıb.  Dövlət Statistika Komitəsinin məlumatına görə, hətta turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ümumi daxili məhsul istehsalı cari ilin yanvar-oktyabr aylarında 2020-ci ilin eyni dövrü ilə müqayisədə 22,6 faiz artsa da, bu müddətdə ölkəyə gələn turistlərin sayı 16 faiz azalıb. Pandemiyadan əvvəlki dövrlə müqayisədə isə cari ilin 10 ayında ölkəyə gələn turistlərin sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 77 faiz az olub.  Əgər 2019-cu ilin yanvar-oktyabr aylarında ölkəyə 2 milyon 679 min 932 turist gəlmişdisə, 2020-ci ilin eyni dövründə bu rəqəm 720 min 368-a, cari ilin 10 ayında isə 606 min 253-ə enib.

2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin eyni dövründə Avropadan gələn turist sayına görə ən çox azalma 91,2 faizlə Polşa üzrə qeydə alınıb. Həmçinin ən böyük azalma Mərkəzi Asiya regionu üzrə Türkmənistandan (95,1 faiz),  Yaxın Şərq üzrə Küveytdən (99,3 faiz),  Cənubi Asiya üzrə Şri Lankadan (95,7 faiz), Şimal-Şərqi Asiya üzrə Çindən (97,4 faiz) gələn turistlərin sayında qeydə alınıb.

Turizm sektorunda gələn il və ondan sonrakı illər üçün kəskin artım proqnozuna gəlincə, bunu ölkəyə gələnlərin sayındakı tənəzzülün cari ilin ikinci rübündə başa çatmasının nikbin gözləntilər üçün əsas yaratması ilə əlaqələndirmək olar. Söhbət ondan gedir ki, apreldən başlayaraq sonrakı aylarda ölkəyə gələnlərin sayı 2019-cu ilin analoji ayları ilə müqayisədə az olsa da, 2020-ci ilin eyni müddətinə nisbətən kəskin artıb. Belə ki, ötən ilin eyni ayları ilə müqayisədə aprel ayında ölkəyə gələnlərin sayında 1,3 dəfə, iyunda 1,6 dəfə, iyulda 2 dəfə, avqustda  1,5 dəfə, oktyabrda 1,7 dəfə artım olub.    

Cari ildə turizm sektoru, həmçinin sərmayələrin artım göstəricisinə görə də fərqlənə bilib. Belə ki, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda əsas kapitala qoyulan sərmayələr cari ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 47 faiz artıb. Təsadüfi deyil ki, pandemiyanın davam etməsinə baxmayaraq, cari ilin iyun ayında ölkə başçısının da iştirakı ilə Bakı şəhərində iki otel istifadəyə verilib.

Cari ildə bu sektorda çalışanların sayında da artım olub. Belə ki, 2021-ci ilin yanvar-oktyabr aylarında  turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda çalışanların sayı 3,3 min və ya 13 faiz artıb. Başqa sözlə,  postpandemiya dövründə əvvəlki göstəricilərin qısa müddətdə bərpa ediləcəyi gözləntilərinin böyük olduğu sahələrdən biri də turizmdir. Pandemiyanın davam etməsinə baxmayaraq, iyun ayında ölkə başçısının da iştirakı ilə iki otelin açılışı gözləntilərin heç də az olmadığını göstərən faktorlardan biridir. 

Ceyhun Piriyev, "İki sahil"