29 noyabr 2021 23:57
909

Azərbaycan Avrasiyanın əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib

Dövlət başçısı İlham Əliyev Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantındakı nitqində bir daha  diqqətə çatdırıb ki, Zəngəzur dəhlizi reallığa çevrilir

Hər bir beynəlxalq əhəmiyyətli tədbir, Zirvə görüşləri  iştirakçı ölkələrin malik olduqları  imkanların, eyni zamanda, hədəflərə nail olmaq üçün göstərdikləri səylərin, verdikləri töhfələrin təqdimatında əhəmiyyətli rol oynayır.

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirildi. Prezident İlham Əliyev Zirvə Toplantısındakı nitqində Azərbaycanın malik olduğu iqtisadi  imkanlardan, regional inkişafa,  həmçinin  İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə   töhfələrindən bəhs edərək dünyanı cənginə almış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində atılan addımlar fonunda iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsini statistik rəqəmlərlə diqqətə çatdırdı.

Qeyd edək ki, ölkəmiz pandemiyaya qarşı mübarizəyə başlandığı gündən iqtisadi islahatların dərinləşdirilməsini, heç bir sosial layihənin təxirə salınmamasını qarşıya mühüm vəzifə kimi qoydu. Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanına uyğun olaraq 20 fəaliyyət sahəsini, 4 sektoru əhatə edən 10 yardım proqramı həyata keçirildi. Dövlət başçısı Zirvə Toplantısında bu rəqəmləri diqqətə çatdırdı ki,  bu günə qədər ölkədə COVID-19-dan əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilib. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaq. Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır. Ölkəmizin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirilib. Azərbaycan “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayıb. Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Ölkəmiz  koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımı etmişdir.

Prezident İlham Əliyevin Zirvə Toplantısında diqqət göstərdiyi digər əsas məsələ dövlətimizin qətiyyəti sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz oldu. Bu gün Azərbaycan həyatının yeni dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri geniş miqyas alıb. Bu ərazilərimiz müasir tələblərə uyğun bərpa edilir. Dövlət başçısının çıxışlarının hər birinin mahiyyətində bu məqam dayanır ki, bizim  yeganə rəqibimiz zamandır. Ermənilərin 30 illik işğal dövründə dağıtdıqları ərazilərimizi bərpa etmək üçün zamana böyük ehtiyacımız var. Prezident İlham Əliyev qeyd olunan toplantıdakı nitqində  bildirdi ki, ərazilərin azad olunmasından dərhal sonra  genişmiqyaslı yenidənqurma işlərinə başlamışıq ki, artıq onların ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılıb. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaq. “Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişəm” söyləyən dövlət başçısı qeyd etdi ki, azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.

Qeyd olunanların fonunda Azərbaycanın iqtisadi və maliyyə imkanlarının aydın mənzərəsi yaranır. Bu da düzgün qurulan sosial-iqtisadi siyasətə əsaslanır. Hazırda Azərbaycanın yeni sosial və iqtisadi modeli dünyada təqdir edilir.  Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verərək malik olduğumuz enerji resurslarından səmərəli istifadə etmək məqsədilə imzaladığı “Əsrin müqaviləsi” Azərbaycanın bugünkü reallıqlarının təməl daşı oldu.  Məhz neft-qaz gəlirlərindən səmərəli istifadə ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar yaradan  sosial-iqtisadi layihələrin icrasını, ən əsası 2003-cü ildən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsinə  yol açdı. 2003-cü ildən Prezident  İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürərək atdığı davamlı addımları ilə dayanıqlı inkişafı təmin etdi, Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyaraq ən islahatçı ölkələr sırasında yer aldı. Prezident İlham Əliyev Zirvə Toplantısında bu məqamı xüsusi qeyd etdi ki, son 18 ildə  Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır.  Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılıb.  Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun, sadəcə, 17,3 faizini təşkil edir. Biz 2030-cu ilin sonuna qədər bu rəqəmi 10 faizə endirməyi planlaşdırırıq. Ötən 18 ildə  Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir.

Qeyd etdiyimiz kimi, Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərinin miqyasından da aydın görünür. 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz regionda yeni reallıqlar yaradıb. Azərbaycan yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edir. Kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması, iqtisadi əlaqələrin qurulması regiona sülh, sabitlik, təhlükəsizlik gətirməklə yanaşı, iqtisadi imkanları daha da artıracaq. Soçi görüşündən sonra Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının  tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrildiyini bildirdi.  “İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim” söyləyən dövlət başçısı vurğuladı ki, bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir: “Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər.”

Cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, nəyin bahasına olursa- olsun Zəngəzur dəhlizi reallaşacaq. Bu məqamı da xüsusi qeyd etməliyik ki,  Türkiyə ilə Azərbaycan arasında imzalanan Müttəfiqlik Bəyannaməsində də Zəngəzur dəhlizinin bərpasının vacibliyi xüsusi bəndlə qeyd olunub. Zəngəzur dəhlizinin sadəcə iki ölkəyə deyil, eyni zamanda, regiona sülh və rifah gətirərək beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyi vurğulanır.

Ümumilikdə, Azərbaycan son illərdə  Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar  beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir,  Davos Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycanın mövqeləri ildən-ilə daha da möhkəmlənir.
Hökumətlərarası regional təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi də məhz  üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməkdən ibarətdir. Tezliklə Bakıda fəaliyyətə başlayacaq İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım etməkdir. Bu konteksdə qarşıdakı dövrün perspektivlərinin aydın mənzərəsi yaranır.

Yeganə Əliyeva, “İki sahil”