29 noyabr 2021 23:16
1026

Soçi görüşünün nəticələri Azərbaycanın növbəti diplomatik qələbəsidir

Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Soçidəki üçtərəfli görüşü vacib razılaşmaların əldə olunması ilə nəticələndi. Xalqımız üçün mühüm olan həm də odur ki, bu ilin yanvarında Moskvada keçirilən ilk görüşdə olduğu kimi, Prezident İlham Əliyev Soçidə də müzakirə olunan bütün məsələlərlə bağlı Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin etdi.

Qeyd edək ki, ötən ilin 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi qələbəsi, torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnməklə artıq «Dağlıq Qarabağ problemi» və «status-kvo» kimi anlayışlar keçmişdə qaldı. Çünki müzəffər Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsindəki şanlı Zəfəri ilə problemə son qoyaraq regionda tamamilə yeni reallıqlar yaradıb. Bu reallıqlardan çıxış edən Azərbaycan dövlətinin mövqeyi yaxın gələcəkdə regionun inkişafına xidmət edən iqtisadi potensialı hərəkətə gətirmək, kommunikasiyaların açılmasını, sülhü və təhlükəsizliyi təmin etməkdir.

O da məlumdur ki, ölkəmiz ötən ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatdan sonra müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimum konstruktivlik nümayiş etdirib. Eyni zamanda, ölkəmiz dəfələrlə rəsmi şəkildə Azərbaycan və Ermənistan arasında sərhədlərin təxirəsalınmadan delimitasiyasının və demarkasiyasının vacibliyini bəyan edib. Azərbaycan qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağa təşviq etmək üçün Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif edib.

Soçi görüşünün əsas müzakirə mövzusu 2020-ci il 10 noyabr Bəyanatının, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişi barədə oldu. Prezident İlham Əliyev üçtərəfli görüşdə Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırdı: «Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq».

Rusiya Prezidenti Vladimir Putin də mətbuata bəyanatında azərbaycanlı həmkarı İlham Əliyevin toxunduğu məsələləri müdafiə edib. Rusiya Prezidenti də iki dövlət arasında sərhədin demarkasiya və delimitasiya işlərinin başlanılmasını vacib hesab edib. Eyni zamanda, Vladimir Putin nəqliyyat dəhlizlərinin açılmasından danışaraq bunun həm dəmir yoluna, həm də avtomobil yollarına aid olduğunu xüsusi vurğulayaraq bir daha göstərib ki, Zəngəzur dəhlizi layihəsi rəsmi Moskva tərəfindən ciddi şəkildə dəstəklənir.

Məlum olduğu kimi, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Zəngəzur dəhlizini açacağıq - istər danışıqlarla, istərsə güc yolu ilə. Bu ilin 16 noyabrında Ermənistanın sərhəddəki növbəti  təxribatına ordumuz tərəfindən verilən layiqli cavabdan sonra Ermənistanın gücsüzlüyü bir daha ortaya çıxdı və güzəştə getməyə məcbur oldu. Məhz Soçidə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərdi ki, Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməsi zərurəti yaranıb. Bu isə Zəngəzur  dəhlizinin açılmasına doğru aparır.

Ermənistanın baş naziri Nikol Paşinyan isə hələ Moskva görüşündə olduğu kimi, Soçidəki üçtərəfli görüşdə də gündəlikdə olmayan məsələyə toxunmaqla Azərbaycanı ittiham etməyə cəhdlər göstərib. Guya ki, girovlar və hərbi əsirlər probleminin hələ də mövcud olduğunu iddia edən Paşinyan Vladimir Putinlə bu məsələni dəfələrlə, həm əyani şəkildə, həm də telefonla müzakirə etdiyini bildirib. Lakin Rusiya Prezidenti Ermənistanın baş nazirinin bu sözlərinə mətbuata bəyanatında münasibət bildirmədi. Xüsusilə o, çıxışlarında  «girov», «hərbi əsir» kimi ifadələr işlətmədi. Yekun bəyanatda da erməni tərəfin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmadı.

Bütövlükdə, Soçidəki üçtərəfli görüşün nəticələri Azərbaycan üçün müsbət və əhəmiyyətlidir. Yeni Bəyanatda da məhz Prezident İlham Əliyevin mövqeyi və irəli sürdüyü, Rusiya Prezidentinin də dəstəklədiyi məsələlər öz əksini tapdı. Belə ki, Bəyanata əsasən, tərəflər Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmaq və dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə şərtləşdilər. Eyni zamanda, tərəflər regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdilər və regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladılar.

Ən önəmlisi odur ki, Soçidə imzalanan Bəyanatda yer alan məsələlərdə Azərbaycanın mövqeyi ifadə olundu. O cümlədən Rusiya bir çox məsələlərdə ölkəmizin mövqeyini dəstəklədiyini büruzə verdi. Bütövlükdə Soçidəki üçtərəfli görüşün nəticələri Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi oldu. Bütün bunlar göstərir ki, rəsmi Bakı Soçi görüşündə qarşısına qoyduğu bəzi məqsədlərə nail oldu. Bəyanatda Qarabağ ifadəsinin yer almaması, ATƏT-in Minsk qrupunun adının çəkilməməsi də önəmli hadisədir. Bu, artıq Minsk qrupunun da tarixdə qaldığının göstəricisidir.

Elçin Zaman, «İki sahil»