01 dekabr 2021 11:08
478

Deputat kənd sakinləri ilə görüş keçirib FOTO

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunun Qazançı kəndində sakinlərlə görüş keçirib.

“İki sahil” xəbər verir ki,  ötən qəbullardan birində Qazançı kəndinin sakinləri səyyar qəbul otağının imkanlarından istifadə edərək problem və təkliflərini açıq şəkildə səsləndiriblər. Sakinlər alternativ yanacaq mənbəyi kimi odunla bağlı da problemlərinin olduğunu bəyan edərək mavi yanacaqla təmin olunmalarını xahiş ediblər. Anar Məmmədov 375 nəfər əhalisi olan Qazançı kəndinə qaz xəttinin çəkilməsi ilə bağlı “Azəriqaz” İB-nin rəhbərliyinə müraciət edib.

Qazançı kəndində keçirilən növbəti belə qəbula qədər artıq kəndə qaz xətti çəkilib. Anar Məmmədov da sakinləri bu münasibətlə təbrik edib, eyni zamanda ünvanlanan müraciətə operativ reaksiya verdiyinə görə “Azəriqaz” İB-nin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

Kənd sakinləri də rayona göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.