14 dekabr 2021 13:21
1399

Medianın cəmiyyətin və dövlətin inkişafında rolu böyükdür

Müasir dünyada informasiya cəmiyyətinin aktual məsələlərindən media cəmiyyətləri istiqamətləndirən mühüm güc vasitəsidir. 1990-cı illərdə internetin kəşfi ilə informasiya cəmiyyətinə keçid prosesi başladı və hər kəsin qoşula bildiyi nəhəng veb-şəbəkə formalaşdı. İnternetin media ilə qovuşması kütləvi informasiya vasitələrinin fəaliyyətinə də güclü təsir etdi, onların iş mexanizmini dəyişdirdi, qəzetlərin yenidən təsisatlanmasına, radio və televiziyaların internet üzərindən yayım həyata keçirməsinə imkan yaratdı.Bu gün media beynəlxalq münasibətlərdə və əlaqərin qurulmasında elə bir vasitəyə çevrilib ki, ən az hərbi güc qədər mühüm rol oynayır. Heç kimə sirr deyil ki, münaqişə edən ölkələr arasında təkcə hərbi güclə qalib gəlmək deyil, “yumşaq güc” ilə diplomatik mübarizədə, informasiyaların vaxtında yayılması ilə siyasi üstünlük əldə etmək əldə olunacaq qələbənin əsasını təşkil edir. Media cəmiyyəti istiqamətləndirən əsas güc kimi  qəbul edilir. Müasir dövrdə gündəm media tərəfindən və ya ona sızdırılan informasiya ilə formalaşır. Vətən müharibəsi dövründə media nümayəndələrinin qəhəmanlığı, operativ olaraq məlumatların yerli və beynəlxalq ictimaiyyətə çatdırılması lokal mübarizədə Azərbaycanın düşmən üzərində üstünlüyünü təmin etdi. Məhz Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatmasından az müddət sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir. Qanunun imzalanması isə bir daha Azərbaycanda sağlam və demokratik siyasi auranın mövcudluğunu sübut edir.

Tarix boyu bəşəriyyət sərbəst bir müzakirənin olduğu, fikirlərin yoxlandığı və mübahisə edildiyi zaman ən sürətli tərəqqiyə nail olmuşdur. Müasir jurnalistika sosial şəbəkələr, sosial media ilə sıx bağlıdır. Hər bir vətəndaş informasiya daşıyıcısı olur. Bloggerlərin sayının artmasına səbəb olur. Onların fəaliyyəti isə öz növbəsində cəmiyyətin mövqeyinin formalaşmasına təsir edir. Bunu da unutmamalıyıq ki, hər bir vətəndaş hansı sahədə fəaliyyət göstərməyindən asılı olmayaraq qanun qarşısında eyni məsuliyyəti daşıyır.  Söz azadlığına sığınaraq, vətəndaşlar, jurnalistlər və ya bloggerlər qanuna zidd hərəkət və fəaliyyət göstərə bilməz.Medianın cəmiyyətin və dövlətin inkişafında rolu da böyükdür. Bu gün Azərbaycanda sürətli islahatlar aparılır. Hər bir sahədə şəffaflığın təmin edilməsi üçün, ölkə başçısı daima həm media nümayəndələrini, həm də hər bir vətəndaşı ictimayi nəzarətin həyata keçirilməsində fəal iştirak etməyə çağırır.

Azərbaycanda bütün istiqamətlərdə aparılan ciddi islahatların qanunvericilik bazası media məkanına qədər genişlənir və qəbul edilən “Media haqqında” qanun layihəsi yeni qanun layihəsi onun müasirləşməsinə və səmərələşməsinə kömək etməklə yanaşı, medianın inkişafında yeni mərhələ və geniş imkanlar yaratmağa kömək edəcək. Qanun layihəsinin müzakirəsində 800-ə yaxın media subyekti, jurnalist və ekspertin iştirakı qanun mahiyyəti və həssalığını artırmışdır.

Yeni qanun layihəsinin əsas üstünlüklərindən biri də media sahəsində xəbər istehsalının keyfiyyətinin artırılmasıdır və bunun üçün stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olmaqla yanaşı daha effektiv fəaliyyətin təşkili üçün əlavə imkanlar yaradacaq. Etiraf etmək lazımdır ki, son dövrdə bəzi müxalifət yönümlü saytlar reytinq qazanmaq, oxucu sayı artırmaq üçün dezinformasiyalar, əsaslandırılmamış xəbərlər və maraq yaradacaq səhv başlıqlar  yazırlar. Zərurətdən yaranan  “Media haqqında” qanun layihəsi KİV-in işinin yeni keyfiyyət mərhələsinə qədəm qoymaqla yanaşı bir sıra nöqsanları aradan qaldıracaq.

Şakir Mikayılov,

Pirallahı rayon 186 nömrəli tam orta məktəbin direktoru