16 dekabr 2021 14:57
1922

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası 100 yaşında

XX əsrin əvvəllərində Azərbaycan ictimaiyyətində baş verən mühüm dəyişikliklər – təhsil, mədəniyyət kimi sahələrdə həyati əhəmiyyətli, tarixi hadisələrin yaranmasına təkan verdi. Azərbaycan təhsilinin, xüsusi ilə musiqi mədəniyyətinin yüksək səviyyəyə qaldırılması, Şərqin ilk ali musiqi tədris ocağının əsasının qoyulması dünya xəritəsində kiçik yer almış bir ölkənin nəyə qadir olacağına tutarlı bir işarə idi. Əlbəttə, baş verən bütün bu məsələlərin intensivləşməsi idarəçilikdə olan şəxsiyyətlərin kimliyi ilə birbaşa əlaqəli idi. Dərin və aydın zəka sahibləri doğma Vətən üçün nəyin vacib olduğunu çox gözəl bilirdilər. Odur ki, musiqi ictimaiyyəti idarəçiliyinin təsadüf və ya zərurətdənmi Üzeyir bəy Hacıbəyli dühasına “rast gəlməsi” musiqi və daha geniş götürülərsə, incəsənətimizin gələcək müqəddəratını həll etmiş oldu. Bu yolun inkişafı naminə təhsilin vacibliyini dərk edən Üzeyir bəy ölkəsi üçün qlobal əhəmiyyətli tarixi hadisəyə imza atmış oldu. Bu da, 1921–ci ildə Azərbaycan Dövlət Konservatoriyasının əsasının qoyulması ilə nəticələndi.

Neçə-neçə layiqli musiqiçi nəsillərinin formalaşması, onların dünya səviyyəsində qoyduqları əhəmiyyətli izlər, bir əsr ərzində baş verən hadisələr burulğanında Azərbaycanın tutduğu mövqeyini müəyyənləşdirib möhkəmləndirdi.

İlk olaraq yaranan Azərbaycan Dövlət Konservatoriyası sonradan banisinin adını daşımağa başlayaraq Bakı Musiqi Akademiyası kimi tanındı. İllərin sınağına baxmayaraq müəyyən dəyişiklik dövrləri yaşamış ali məktəb mürəkkəb bir sistemin özülünə çevrilmiş oldu. Çəkinmədən söyləyə bilərik ki, sonradan yaranmış olan və yarana biləcək istənilən musiqi yönümlü ali tədris mərkəzi bir əsrlik sütunun qarşısında aciz olmaqda davam edəcək. Çünki Azərbaycan

mədəniyyətini öz çiyinlərində daşıyan, ona bu günə qədər gəlib çıxmaqda və illərin sınağından keçməkdə yardımçı olan şəxsiyyətlər, adları çəkiləndə belə insanın üzündə xoş bir təbəssüm, daxilində həyəcan və təlatüm yaradan simaların böyük əksəriyyəti məhz Azərbaycan Dövlət Konservatoriyasının, hazırkı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yetirmələri olmuşlar. Odur ki, böyük fəxarət və qürur hissi ilə deyə bilərik ki, biz də bu yaradıcılıq ümmanının bir damlasıyıq.

Hər bir şəxsin həyatında təhsil aldığı məkan və illər çox önəmli və xüsusi olur. Bu özəllik insanın həmin dövrdəki dünyanı dərketmə və yaş meyarından asılı ikən alına biləcək təəssüratın xüsusiliyindən irəli gəlir. Ölkəmizin təhsil sistemində fərqli və özəl bir dünya olan bizim ali məktəb, təkcə təlim –tədris abu havası ilə deyil, yaradıcı atmosferi və ideyaların reallaşması istiqamətində hər bir yetirməsinə dayaq olacaq məkandır.

Hazırda yaşadığımız, dünya və ölkə məcrasında mürəkkəb kolliziyalarla dolu olan 2021 -ci il – yaranışı ilə tarixin vacib bir səhifəsinə çevrilmiş “Musiqi evimiz”in 100 illik yubileyidir. Bu məqsədlə, tələbələr, müəllimlər, məzunlar, bu ali məktəblə kiçik bir xatirəsi olan insanlar belə öz xüsusi münasibətini aşkarlamaq üçün əlindən gələni əsirgəmir, ifa etdikləri, yazıb yaratdıqları bütün nümunələri ona həsr edirlər. Doğma ocaq demişkən, bu ifadənin həqiqətdə nə dərəcədə əhəmiyyətliliyini bütün məzun olmuş musiqiçilər təsdiqləyər. Çünki Bakı Musiqi Akademiyasında təhsil alan hər tələbənin tədris müddəti orada keçirilən dərslərin çərçivəsi ilə yekunlaşmayaraq özünüinkişaf məqsədli olub, müddətsizdir. Dərs saatını bitirmiş hər bir tələbənin mütləq “öz dünyası”na çəkilərək yaradıcılıq abu –havasına qərq olması bizim Akademiya üçün təəccüblü hal deyil. Odur ki, belə düzənli həyatı bizlərə təlqin edən ali məktəbimizə sevgimizi və bağlılığımızı göstərməyin əsl zamanıdır.

Təqdim etdiyim yazı 100 illik ali musiqi tədrisi və təbliği tariximizə həsr olunan məqalələr silsiləsinin bir nümunəsidir. Belə ki, dövrü mətbuatda mütəmadi olaraq çap olunan və işıqlandırılması nəzərdə tutulan çoxsaylı yazılar, kitablar, çəkilən verilişlər vahid məbədə olan sevgimizin aşkar sübutudur. Bu məqsədlə hər

kəsin özünə güvəninin olması və tutduğumuz yoldakı vacib nəsnələrin gündən -günə keyfiyyət və say etibarı ilə artması ali məktəbdə hökm sürən sabit olduğu qədər yenilikçi, rasional olduğu qədər yaradıcı mühitlə əlaqədardır.

Bu məqamda Azərbaycanda musiqi təhsilinin təməlini qoyan Üzeyir Hacıbəylidən başlayaraq hazırda onun yolu və şəcərəsini davam etdirən, cəsarətli və yenilikçi yanaşmaları daim dəyərli tutan rektorumuz Fərhad Bədəlbəylinin yüksək səviyyəli kadrlar yetişdirmək üçün atdığı addımlar, eyni zamanda özünün səmimilik və alicənablıq nümunəsinə çevrilməsi bir əsr boyu toplanan dəyərlər məcmusunun mükəmməliyini sübut edir.

Ali məktəbin idarəçi simalarının hər birinin bu istiqamətdə böyük rolu, əməyi, dəyərli imzası olmuşdur. Azərbaycan Dövlət Konservatoriyası, sonradan Bakı Musiqi Akademiyasının 100 illik tarixini idarəçilik quruluşu baxımından bir neçə dövrə bölmək olar. Bu mərhələlərdə rəhbər vəzifəni həm pianoçular (L.Pressman, İ.Aysberq, F.Bədəlbəyli), həm musiqişünaslar (B.Məmmədova, E.Abasova), həm də bəstəkarlar (xüsusilə, Ü.Hacıbəyli və Q.Qarayev, eləcə də, Ə.Abbasov, C.Hacıyev, S.Hacıbəyov) idarə etmişlər.

Akademiyada mövcud olan rektor – müəllim, rektor – tələbə münasibətləri məsələsini xüsusi önə çəkmək istərdim. Son onilliklərdə adət şəklini almış aşırı ciddi və zəhmli vücudlu, lakin qeyri –səmimi və ümidsizlik saçan rəhbər vəzifəlilərin obrazlarına artıq alışmaqda ikən, bizim ali məktəbdəki münasibət aliliyinin necəliyi kiçik müddətli müşahidədən belə bəlli olur. Fərhad müəllimin şəxsiyyətinə xas olan alicənablıq və sadəlik ona qarşı yaranan müsbət münasibətlər məcmusunun günü –gündən artmasına gətirib çıxarır. Rektorun binaya daxil olması müəllim və tələbə kütləsi arasında təlatümün deyil, əksinə, xoş təbəssüm və müsbət abu –havanın yaranmasına səbəb olur.

Bu da 1939-cu ildən rəhbərliyə keçən Üzeyir bəy ənənələrinin davamıdır. Məhz həmin ildə Konservatoriyaya xüsusi memarlıq nümunəsi olan bina verilir və bu günə qədər həmin bina minlərlə tələbə və milyonlarla yaradıcı hadisənin şahidinə çevrilir. Binanın müəllifləri Bakı şəhərinin düzənində xüsusi imzası olan memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynov olmuşlar. Vəfat etdiyi ilə qədər

(1948) rəhbər vəzifədə qalan Üzeyir bəyin heykəli 1960 –cı ildə Konservatoriyanın qarşısında Tokay Məmmədovun tuncdan tökülmüş sənət əsəri kimi təqdim edilir.

Bakı Musiqi Akademiyasının özəl cəhətlərindən biri sələflərə hörmət, xatirələrə sadiqlikdir. Belə ki, hər daşında bir tarix, bir iz donduran binanın xüsusiləşdirilmiş sinif otaqları var ki, onlarda hökm sürən (sirlilik) söz ilə izah olunmazdır. “Üzeyir bəyin otağı”, “Qarayevin sinfi” və s. kimi yaranmış ifadələr insanı başqa dünyaya aparır və həmin şəxsiyyətlərin varlığı bu məkanlarda daim duyulur. Bizlərsə, onların movcudiyyəti və yaradıcılığı qarşısında məsuliyyətimizin nə dərəcədə dərin olmasını dərk edirik.

Bakı Musiqi Akademiyasının quruluşunda heç bir fakültənin əhəmiyyətini azaltmadan, lakin xüsusi seçiciliklə tarix –nəzəriyyə fakültəsi və onun daxilindəki kafedraların rolunu vurğulamaq istərdim. Bu xüsusilik bəlkə də qeyri – ixtiyari olaraq həmin fakültənin yetirməsi olmağımdan irəli gəlir. Yarandığı gündən Konservatoriyanın və ölkəmizin mədəni həyatında vacib əhəmiyyətli olan bu fakültə musiqi tariximizin formalaşması üçün önəmli sütunlardan birinə çevrilmişdir. Belə ki, bəstəkar və musiqişünas nəsillərinin qətiləşməsi məhz bu fakültə sayəsində meydana gəlmişdir. İlk günlərdə azərbaycanlı müəllimlərin olmaması səbəbilə Üzeyir bəy layiqli ixtisasçı kadrların formalaşması üçün xarici müəllimlərə üz tutur və ya yerli tələbələrin təhsillərini mükəmməlləşdirmək üçün onların Moskva, Peterburq, Milan və s. konservatoriyalara getməsinə şərait yaradır. Zamanla bu addımların nə qədər doğru olduğu isbat edilmişdir. İlk illərdə tələbələr arasında azərbaycanlılar sayca azlıq təşkil etsələr də, getdikcə təbliğatçılıq ənənəsinin gücü sayəsində öz gənclərimiz də Azərbaycan Dövlət Konservatoriyasına üz tutur, fakültələrin sayı artır, tərkibi dəyişir.

Haqqında söhbət gedən “Tarix nəzəriyyə” fakültəsi hal –hazırda dəyərli musiqişünas, professor Gülzar xanım Mahmudovanın idarəçiliyi altında 5 kafedradan («Musiqi tarixi», “Musiqi nəzəriyyəsi”, “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyaları”, «Bəstəkarlıq», «Xor dirijorluq») ibarət olub musiqişünas, bəstəkar, xormeyster-dirijor, pedaqoq kimi yüksək səviyyəli ixtisasçılar yetişdirməkdədir. Fakültənin müəllimləri daim dövrünün qabaqcıl,

seçilən musiqiçiləri olmaqla, hər biri tarixin önəmli səhifəsinə çevrilmiş və hazırda da fəaliyyət göstərməkdədirlər.

Böyük hörmət bəslədiyimiz və daim biliklərindən mənəvi qida aldığımız Ülviyyə xanım İmanova, Könül xanım Nəsirova, Gülbacı xanım İmanova, Tariyel bəy Məmmədov və Aydın bəy Əzimovun rəhbərlik etdiyi kafedraların hər birində özünəməxsus irəliləmə xətti müəyyənləşdirilmiş, daha da mükəmməlləşməsi üçün yetəri qədər əmək sərf olunmuşdur.

Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsində daim məşhur bəstəkar, dirijor, musiqişünas - pedaqoqlar fəaliyyət göstərmişlər. Onların hər birinin xüsusi yolu, dəst –xətti və yaradıcılıq izi olmuşdur. Bu şəxsiyyətlərin əməyi nəticəsində Azərbaycan musiqisi dünya miqyasında tanınmış və bir çox konsert salonlarında səslənmiş, müxtəlif nüfuzlu beynəlxalq konfrans və simpoziumlarda milli musiqimiz haqqında çıxışlar edilmiş, yerli və xarici nəşrlərdə yazılar dərc olunmuşdur.

Yeni nəslin fakültə işinə cəlb olunması da bütün dövrlərdə öz müsbət təsirini göstərmişdir. Belə ki, hər məqamda yeni nəfəsin duyulması yalnız işin xeyrinə ola bilər. Gənc yaşlarından tədrisə cəlb olunan müəllimlərin daha yaşlı nəsillə ünsiyyətdə olma və onların təcrübəsindən faydalanma imkanı yaranır.

Bu gün 1 əsrlik tarixi olan musiqi məbədi haqqında yazarkən, əslində, bu tarixin özünü yaşamaq imkanında olmanın nə dərəcədə vacibliyi qənaətinə gəlir insan. Azərbaycan Dövlət Konservatoriyasının 50 illik yubileyinə həsr olunmuş toplunu vərəqləyərkən daim özəl hisslər keçirir, o zamanın canlı şahidliyini arzu etmişəm. 50 il sonra fəaliyyətdə olacaq musiqiçilər isə bəlkə də bizim yerimizdə olmanı xəyal edəcəklər. Odur ki, sələflərimizə dərin hörmət və minnətdarlıq hissinin vacibliyini xələflərimizə təlqin edərək mədəniyyətimizi, musiqimizi, mənəviyyatımızı və bütün bu məfhumları özündə birləşdirən ali məktəbimizin dəyərini daim uca tutaq.

Dahi şəxsiyyətin adını daşıyan, Bakı Musiqi Akademiyası! Bu ada layiq olacaq çoxsaylı nəsillər yetişdirmən arzusu ilə, 100 yaşın mübarək!!!

Aybəniz Növrəsli,

Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru