Bir müddətdir ki, barəsində danışılan, Milli Məclisin komitələrinin birgə iclaslarında müzakirə edilən “Media haqqında” qanun layihəsinin hazırlanmasında əsas məqsəd informasiya təhlükəsizliyini artıran, medianın fəaliyyətini inkişaf etdirən hüquqi baza yaratmaqdır. Aydın məsələdir ki, 1999-cu ildə qəbul edilmiş və ötən 22 ildə 79 dəfə dəyişikliyə məruz qalmış “Kütləvi informasiya vasitələri haqqında” qanun müasir dövrün tələbləri ilə ayaqlaşa bilmir. Bu mənada ötən 22 ildə nəinki Azərbaycanın, qlobal media məkanının inqilabi dəyişikliklərə uğraması bu sahənin tənzimlənməsi üçün yeni hüquqi bazanın yaradılmasını şərtləndirir. Yeni qanunun qüvvəyə minməsi ilə “Kütləvi informasiya vasitələri haqqında” qanunla bərabər “Televiziya və radio yayımı haqqında” qanunun da qüvvədən düşməsi gələn ildən qüvvəyə minəcək yeni qanunun media fəaliyyətini tam əhatə etməklə bu sahədə vahid tənzimləmə siyasətinin həyata keçirilməsinə imkan verəcək.
Qanun layihəsi, ilk növbədə jurnalist fəaliyyətinin məsuliyyətinin artacağından xəbər verir. Belə ki, jurnalist anlayışına aydınlıq gətirir və bildirilir ki, o, əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxsdir. Bu o deməkdir ki, ayrı-ayrı peşə sahibləri üzərində jurnalist vəsiqəsi gəzdirməklə jurnalist hesab edilməyəcəklər.
Ancaq yeni qanun təkcə “jurnalist” anlayışını müəyyən etməyəcək, həmçinin Media Reyestrinin yaradılması jurnalist fəaliyyətini “əməlli-başlı” nizama salacaq, onun məsuliyyətini artıracaq. Sirr deyil ki, hazırda çilingərindən tutmuş sürücüsünə kimi müxtəlif yolla jurnalist vəsiqəsi əldə edərək ondan geninə-boluna sui-istifadə edənlərin sayı az deyil. Bəlkə də elə bir şəxs yoxdur ki, cibinə jurnalist vəsiqəsi qoymaqla müəssisə və təşkilatları gəzib müxtəlif yollarla qazanc əldə edənlərlə bir dəfə olsun qarşılaşmayıb . Günümüzdə jurnalist vəsiqəsi alveri edənlərin, jurnalist fəaliyyəti adı altında “şantaj biznes”i ilə məşğul olmaqla özlərinə cah-cəlallı həyat şəraiti yaradanların, bu “fəaliyyəti”ni günü-gündən genişləndirənlərin sayı nəinki azalmır, əksinə artmaqdadır.
Bu mənada Media Reyestrinə daxil olmaq üçün jurnalist 12 tələbə cavab verməlidir. Reyestr jurnalistlərə bir çox istiqamətlərdə, o cümlədən dövlət orqanları (qurumları), müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunmaq imtiyazı verəcək. Qanun layihəsində bildirilir ki, media subyektləri Media Reyestrinə daxil edilmiş jurnalistlərini dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiyadan keçirə bilərlər. Dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiya olunmuş jurnalistə, qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və başqa tədbirlər barədə qabaqcadan məlumat verilir, onun stenoqramlarla, protokollarla və başqa sənədlərlə tanış olması üçün şərait yaradılır. Eyni zamanda, hərbi və fövqəladə vəziyyət tətbiq edildiyi ərazidə (ərazilərdə), dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında və terror əleyhinə aparılan əməliyyat zonasında kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı yalnız Media Reyestrinə daxil edilmiş media subyektləri və jurnalistlər tərəfindən həyata keçirilə bilər.
Bununla belə, media subyekti və jurnalist tərəfindən akkreditasiyadan keçdiyi qurumun işgüzar nüfuzunu ləkələyən, yaxud təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yayılmışdırsa və bu məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunmuşdursa yaxud onlar tərəfindən akkreditasiya qaydaları pozulmuşdursa, həmin qurum jurnalisti akkreditasiyadan məhrum edə bilər.
Görünəni odur ki, yenilik jurnalist fəaliyyətinə aydınlıq gətirməklə bu peşənin məsuliyyətini artıracaq ki, bu da ölkənin informasiya təhlükəsizliyini artırmağa, medianın fəaliyyətini inkişaf etdirməyə xidmət edəcək. Başqa sözlə, artıq cibində hər jurnalist vəsiqəsi daşıyan deyil, bu sahədə qanunvericiliyin tələblərinə cavab verənlər jurnalist hesab ediləcəklər.
Ceyhun Piriyev, “İki sahil”