Hər bir insanın özünün keçdiyi, yaşadığı ömür yolu olur. Ömrü insan ömrü kimi yaşayanların, onun hər sətrini kitab kimi yazmağı bacaranların haqqında söz düşəndə, özləri bu həyatdan köç edib, xatırlananların həyatına bəzən «ömür kitabı» da deyirlər. Gərək Tanrının sənə verdiyi ömür payını elə yaşayasan ki, səndən sonra bu kitabı varaqlayıb oxuyanlar sən gedən yoldan keçmək istəyənlər olsun… Ömrü Allah verir, onu yaşayan insansa ömrü yaradır. Ömrün ən qiymətli səhifəsi Vətənlə, yurdla bağlı olur. O vətənlə ki, onu insan özü seçə bilmir. Vətəni əcdadlarımız seçib, lazım gəldiyi məqamda onu qorumaq üçün sinələrini sipər edib özlərini odun, alovun içinə atıb qoruyub, saxlayıb bizlərə məskən ediblər. Uzun illər idi ki, yağı düşmən babarımızın bizə miras qoyub getdikləri Vətənimizə, candan əziz Qarabağımıza köks ötürüb, ağız suyu axıdıb, üstümüzə hücum çəkib, hərdən də quyruq bulayırdılar. Hətta bir qədər də irəli gedərək havadarlarının gücünə arxalanıb torpaqlarımıza sahiblənmək istəyirdilər. Amma…
Vətən ləyaqətli oğulların çiyinində Vətən olur. Vətən qorunarkən Vətən olur. Torpaq, ona sahib çıxıb yolunda can verəndə, qan tökəndə, qanla becəriləndə Vətən olur… Bir qarışı, bir kəndi, bir təpəsi uğrunda minlarlə can fəda olmağa hazır olanda torpaq Vətən olur.
Qəhrəman oğullarımız 44 günlük müharibə 30 il erməni işgalında qalan Qarabağı azad etməklə minlələrlə əsgərimizin, zabitimizin rəşadəti ilə Zəfər ömürlüyü yazıldı. Ölkəmizin yeni tarixi bu ömürlükdən yarandı. Minlərlə gəncimiz işğalda olan torpaqlarımızı Vətən etmək üçün ölüm-dirim savaşına qatılıb canlarını Vətənə fəda etdilər.
Bəlkə də, şəhidlik zirvəsinə ucalan igidlərimiz ölümün yurdumuza azadlıq, qələbə gətirəcəyi barədə heç düşünməmişdilər. Kiçik bir kənddən, balaca bir rayondan, şəhərdən çıxıb cəbhəyə getdilər. Vətən çağırdı, yurd, «övladım, məni qoru», - dedi. Ulu əcdadlarımızın sərkərdan ruhu,torpaq uğrunda can verib öc almamış nakam Şəhid ruhları çağırdı. Oğlanlarımız, cəsurlarımız əllərinə silah alıb Ana Vətənin çağrışına hay verdilər…Getdilər və qanları ilə bu xalqın yeni yazılan qəhrəmanlıq dastanını yazdılar. Bəlkə də onların içində tarixdən iki alanlar, Vətən haqqında iki misra şeir bilməyənlər də vardı. Onlar vətənin çağrışına birincilər sırasında cavab verdilər. Özlərini oda, alova atıb, gülləyə tuş edib Qəhrəmanlıq dastanı yaratdılar. Tarix yazdılar… Haqlarında şeirlər qoşulub, mahnılar bəstələndi, tarixləşdilər… Adlarını zamanın qan yaddaşına, daş yaddaşına yazdılar. Hər biri ucalıq adında bir qəhrəmanlıq abidəsi ucaltdılar…
Atalar öz oğullarını yola salarkən müqəddəs Quranın altından keçirib, «qorxaq, qaçaq kimi üstümə gələcəksənsə, heç gəlmə” - dedilər.
Analar oğullarını yola salarkən, «Südüm sənə halal olmaz, sən baş əysən düşmənə»-dedilər. Oğullar cəbhəyə gedərkən, «Mən hər şeyə hazıram, siz də hazır olun. Şəhid olsam ağlamayın, başınızı dik tutun”, - dedilər və getdilər. Alnı açıq, ürəyi təpərli oğullarımız başımızı uca Vətənin üzün ağ etdilər.
Atalar düz deyib, insanlar böyüyüb boya başa çatdıqları, havasını udub , suyunu içdikləri torpağa çox bənzəyirlər. Qədim türk tayfalarının məskən salıb özlərinə yurd etdikləri Alpout kəndinin cavanları da babalardan miras qalan qəhrəmanlıq ənənələrini bu gün də ləyaqətlə qoruyub saxlayaraq, davam etdirirlər…
Gözəl təbiəti, bağı-bağatı, övliyalar yurdu, nurlu insanların məskən saldığı, öz qəhrəmanlıqları ilə dastan yazan, qəhrəman oğulları ilə adı dillər əzbəri olan qəhrəmanlar diyarı qədim Alpout kəndindəyik. Ta qədimdən «igid, döyüşçü» mənasını verən Alpout kəndinin qəhrəman oğulları 44 günlük Vətən Müharibəsi zamanı öz adları ilə birlikdə doğulub boya başa çatdıqları bu qədim türk obasının da adını hərb tariximizin qərəmanlıq səlnaməsinin şanlı səhifələrinə qızıl hərflərə yaza bildilər. Bu gün Alpout deyəndə istər - istəməz göz önünə düşmənin canına vəlvələ salan, düşmənə qan udduran, ölümü öldürüb dastan yazan kəşfiyyatçı gizir, əfsanəvi qərəman Kərim Əliyev yada düşür. Bu gün Alpout deyəndə öz ömrünü Vətənə bağışlayıb, Vətəni yaşadan leytenant Kənan Məmmədovu xatırlamamaq olmur… Bu gün Alpout kəndinin sakinləri ömrünü vətənin ömrünə calamış gənc döyüşçü Ayaz Xəlilovla iftixar duymaqda tam haqlıdırlar. Bir elin, bir obanın deyil, bütövlükdə Azərbaycanımızın iftixar duya biləcəyi ömrünü vətənin xidmətində keçirmiş, neçə- neçə yüksək rütbəli zabitləri, gizli qəhrəmanları, qəhrəman döyüşçüləri ilə ad çıxaran qədim Alpout kəndindəyik. Əvvəlcədən şərtələşdiyimiz kimi bu günki səfərimizdə bizə xalqımızın əfsanəvi qəhrəmanı, Şəhid gizir Kərim Əliyevin atsı Məhəmmədəli qardaşımız bələdçilik edəcəkdi. Vədələşdiyimiz vaxtdan bir qədər tez gəldiyimiz üçün maşınımızı Alpout kəndinin yaxınlığında bir kənara çəkib gözləməyi qərara alırıq.
Bakı-Tiblisi magistral yolunun ikiyə böldüyü Alpout kəndinin qış fəslində başqa bir mənzərəsi varmış. Səhərin erkən çağında gün düşdükcə axşamdan düşən qrov mirvari dənələri kimi par-par parıldayıb ətrafa işıq saçırdı. Göz işlədikcə uzanan xırda, yaşıl otların üstünə sanki gecə kimsə əli ilə fosfor çəkmişdi. Göz işlədikcə uzanan əkin sahələri ətarfa işıq saçırdı. Hava qızdıqca əriyib yumşalan, yumrulanıb göz yaşı kimi suya dönən qrov muncuq dənələri kimi otların dibinə süzülürdü… Qışın ilıq günəşi də bir yandan adamın canına yuxa kimi yayılıb, qəribə bir rahatlıq gətirirdi… Ətrafda lal bir sakitlik hökm sürüdü. Təbiətin yaratdığı bu gözəllik səsimizdən diksinib pozulmasın deyə kimsə səsini çıxarmaq belə istəmirdi… Ətrafa göz gəzdirirəm. Bir kimsə gözə dəymir. Yaxınlıqdakı bağlarda görünən, başını gecənin soyuğundan qorxubmuş kimi aşağı dikən xurma, heyva ağaclarının üstündə hələ də ilişib qalmış meyvələr adama gəl –gəl deyirlər. Elə bil ağclarda ilişib qalan bu say-seçmə meyvələr qışın soyuğuna meydan oxuyub, «mən səndən qorxmuram» - demək istəyirlər…
Kəndin mərkəzi küçəsinin girişində müqəddəs Azərbaycan bayrağı ilə yanaşı xalqımızın və dövlətimizin sadiq dostu Pakistanın və qardaş Türkiyə Cümuriyyətinin bayraqları da şərəflə dalğalanır. Yolun sağ tərəfində isə Şəhid Ayaz Xəlilovun şərəfinə tikilmiş «Ayaz bulağı» xatirə kompleksi gələn qonaqlara xoş gəldin deyir.
Memarlıq üslubu ilə seçilən, şərq memarlıq ənənələrinin ornametləri ilə nəfis tərtibatla tikilən bulaq kompleksində təkcə Ayazın deyil, eyni zamanda Alpout kəndinin birinci Qarabağ savaşında şəhid olmuş qəhrəman övladlarının da qranit lövhələrdə portretləri vurulub.
Görünür, havalar şaxtalı keçdiyindən su borularını şaxta vurub partlamasın deyə bulağın kranları gecədən açıq saxlanılmışdı. Səhər- səhər havanın xoşluğundan istifadə edən bir neçə sərçə də özlərini karantın altına verib əməllicə kef edirdilər. Özərini dünyanın ən xoşbəxti, yerin tam sakini sanan sərçələr sinələrini şişirdib, qanadlarını çırpıb keflərinin dadını çıxarırdılar. Elə bu arada bir cüt ağ göyərçin də haradansa uçub gələrək başımızın üzərində bir neçə dəfə dövrə vurduqdan sonra süzərək bulağın üstünə eniş edirlər. Göyərçinlər ürkək- ürkək yan-yörələrinə baxdıqdan sonra uçub su kranın yaxınlığına qonub dimkdiklərinə su alıb, Tanrılarına şükr edirmiş kimi başlarını yuxarı tutur, sonra eyni hərəkəti növbə ilə təkrar edirdilər. Dünyanın müdrik insanları bir insanın dəfələrlə dünyaya gəldiyini idda edirlər.
Elə bu andaca ağlıma ilk gələn fikir bu oldu ki, bəlkə, Tanrı yurdumuza sülh, torpaqlarımıza azadlıq gətirən şəhidlərin ruhunu bu sülh göyərçinlərinin canlarına təslim edib? Bəlkə, bu ağ göyərçinlər ağ donlu mələklərdir? Göyərçin qiyafəsində yurdun başı üzərində dövrə vururlar. Bəlkə, atasına «mən şəhid olsam, xatirəmi əbədiləşdirmək üçün imkanın olarsa, bir bulaq tikdirərsən» -deyən Ayazın ruhudur?
Hər gün ağ göyərçin kimi uçub gəlib onun xatirəsinə tikilmiş bulağın göz yaşı kimi duru, qəlblərə sərinlik gətirən suyundan içib yenidən qanadlanıb göylərə gedir? Bütün bunlar bəlkələrdir. Dəqiq olan budur ki, şəhidlər ölmür. Yurdu yaşadanlar yurd qədər, vətən qədər, qanlarını töküb canlarını verdikləri torpaq qədər müqəddəs, əbədiyaşardırlar.
Çox gözləməli olmuruq. Məhəmmədəli qardaşımız özünü bizə yetirir. Hal əhval olduqdan sonra ilk söz də bu olur: «Göyərçinləri gördünüzmü?». Bu bulaq tikilib itifadəyə verilən gündən haradansa bir cüt ağ göyərçin uçub gəlir, bu bulağın üstündən əskik olmurlar…
Bizim bilmədiyimiz bu qoca dünyanın qəribə qanunları var. İstəsək də, istəməsək də, o qanunlar bizi idarə edir. Ayaz hələ yeniyetmə ikən vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olmuş bir həmvətənimizin dəfnində iştirak edir. Evə gəldikdə ilk sözü bu olur: «Gör Allah onu nə qədər çox sevirmiş ki, bu gənc yaşda yanına aldı».
Qonşuluqda yaşayan uşaqlıq dostu İlkin 2016- cı ildə şəhid olanda yaxınları fəryad edib, göz yaşı axıdanda «İlkini Allah cənnətlə müjdələyib, bundan artıq Allah insana nə verməlidir ki?» -deyib. Sonralar Bakıda yaşadığı ərazidə dostunun xatirəsini əbədiləşdirmək üçün bulaq tikilib. Bunu görən Ayaz evə gəldikdən sonra anasına «Mən Şəhid olsam, mənim də şərəfimə bulaq tikdirərsiniz. O bulaqdan su içənlər məni rəhmətlə anar. Dua edərlər : su qədər ömrün olsun deyərlər. Mən də əbədiyaşarlıq qazanaram».
Haqqında söbət açdığımız Zəfər müharibəsinin qəhrəmanlarından biri Ayaz Qnyaz oğlu Xəlilov 25 yanvar 1998- ci ildə Ucar rayonunun Alpout kəndində dünyaya gəlib.
2005- ci ildə əlinə ilk dəfə çanta alıb Alpout kənd 1 saylı orta məktəbinə gedən Ayaz üçüncü sinfə kimi ibtidai təsilini Alpout kəndində alıb.
Ailəsinin Bakı şəhərinə köçməsi ilə əlaqədar təhsilini Maştağa qəsəbəsindəki 128 saylı məktəbdə davam etdirməli olub. Musiqiyə olan marağı Ayazı qəsəbədə yerləşən musiqi məktəbinə aparıb. O burada respublikada tanınmış kaman ustası Elnur Salahovdan dərs alıb. Musiqi məktəbində öz bacarığı, xüsusi istedadı ilə seçilən Ayaz müəllimlərində gələcəkdə gözəl kaman ustası olacağı ümidini yaradıb. Lakin ailələrinin maddi durumunun ağırlığını hiss edən Ayaz 2015-ci ildə orta məktəbi bitirəndə musiqi sahəsinə deyil, ailəyə kömək olmaq məqsədi ilə başqa iş axtarmalı olur. Bir müddət avtomobil təmirçisi işləyir.
2016-cı ildə hərbi xidmətə çağrılan Ayaz Xəlilov müddətli hərbi xidmətini Murovdağda keçib.
İşğalda olan başı qarlı şiş qayaları, Azərbaycan təbiətinin dilbər guşələrini, buz bulaqları, ucsuz- bucaqsız seyrəngahları görən Ayazın qəlbi intiqam hissi ilə döyünüb. Daima düşüncəsində bir fikir kök salıb: «Torpaqlar düşmən işğalından azad edilməli, bu yolda mən də döyüşən bir əsgər olmalıyam». 2018-ci ildə əsgərlikdən tərxis olunanAyazı yalnız bir şey düşündürüdü: hərbçi olmaq, torpaqların işğaldan azad olunması uğrunda savaşmaq. Lakin anasının yalvarışları, məzlum-məzlum balasına baxıb, «Sən orduya getsən, gərək mən də səninlə gedəm»-deməsi Ayazı dilemma qarşısında qoyur.
2020-ci ilin isti yay günləri, Ayazın da ürəyinin odunu, alovunu bir qədər də artırdı. Vətən eşqi, təssübkeşlik hissi ilə ürəyi od tutub yandı. Hərbi səfərbərlik idarəsinə gedib, könüllü döyüşçü olmaq üçün qeydiyyatdankeçir. 21 sentyabrda qardaşı Samiri Vətənə xidmət etmək üçün cəbhəyə yola salanda qucaqlayıb bağrına basaraq: «Sənin bəxtin gətirdi, yaxşı yol. Mən də ardınca gələcəm» deyib, qardaşını uğurlayır. 28 sentyabrda gözlənilən xəbər gəlir.
Anası Xalidə xanım o günləri belə xatırlayır: Ayazın üzündə sanki gün doğmuşdu. Üzü-gözü, baxışları da gülürdü. Elə bil cəbəhyə, qanın, ölümün içinə deyil, toya, hər hansı bir şənliyə gedirdi. Sevincinin həddi-hüdudu yox idi.Bir an da olsun, evdə dayanmaq, bizimlə vaxt keçirmək istəmirdi. Tələsirdi… Dərhal qardaşı Sahilin maşınına əyləşib Ucara getdik. Anam iman əhlidir. Namaz qılan , quran oxuyun adamdır. Ayazla görüşüb yola salanda onu müqəddəs kitabımız «Quran»ın altından keçirdi. Nənəsinin üzənə baxıb, gülərək «Nənə, niyə belə edirsən?. Bunun mənasını bəlkə mənə izah edəsən?»-dedi. Anam bir analığa çaşıb qaldı. Nə deyəcəyini bilmədi.
- Ayaz, oğlum, bu yaxşı əlamətdir. Belə edirəm ki, yolun uğurlu olsun.Allah öz müqqəddəs kitabına xatir sənə kömək olsun, dedi. Ayaz nənəsinə, bizə baxıb:
-Ay nənə, narahat olma. Haqq işi uğrunda savaşa gedirəm. Ora gedən ya bayrağa bükülüb gəlir, ya da əlində bayraq, qələbə qazanıb gəlir.
... Hər ikisi şərəflidir və qəbulumdur,- dedi. 29 sentyabrda Ucar Hərbi Səfərbərlik İdarəsindən Ayazı cəbhəyə yola saldıq. Beləcə gülər üzlü, gözəl gözlümlə görüşüb ayrıldıq. Ayaz elə bil quş olub arzularına doğru uçurdu. Heç onu bu qədər nəşəli, bu qədər gülən, sevinən, xoşbəxt görməmişdim… Bir neçə gün Goranboy rayonunda təlimdə oldu.İmkan düşən kimi bizimlə əlaqə saxlayır, dönə-dönə tapşırırdı ki, özümüzü qoruyaq. Elə bil müharibədəki Ayaz yox, biz idik. Oktyabrın 4-ü gecə saat 12 radələrində zəng etdi. Son sözü bu oldu ki, məndən narahat olmayın. 1-2 gün telefonla danışmaq imkanım olmayacaq. Elə mənimlə danışa-danışa komandirinin səsini də eşitdim ki, Ayazı çağıraraq : «Xəlilov, tez gəl, Ləngimək olmaz»- dedi.
Bu bizim Ayazla son danışığımız oldu. Balamın cənnət ətirli səsini bir də eşitmədim… Həmən andan hər dəqiqə, hər saniyə belə keçdikcə canımı od alırdı. Yuxum ərşə çəkilmişdi. Günlər gəlib keçmək bilmirdi. Acı bağırsaq kimi uzanırdı, bir günüm uzanıb min il olurdu. Kimi görürüdüm, Ayazı soruşurdum. Gözümü telvizordan ayra bilmirdim. Hər qələbə xəbəri eşidəndə Samirimi, Ayazımı düşünüb sevinirdim. Düşünürdüm ki, balalarım bir gün zəfər bayrağı ilə evimizə dönəcəklər. Qardaşı Sahil mənə bir söz demirdi. Amma döyüş bölgəsinə gedib soraq salmışdı. Ayazı gəzirdi.
Eşidirdim ki, Suqovuşan istiqamətində şəhidlərimiz olub , cəsədlərini çıxarmaq mümkün olmayıb. Nə bilim ki, mənim balam da neçə günlərdir, canından çox sevdiyi torpağın üstündə, ayazın, şaxtanın altında üstü açıq yatırmış.
Getdiyi yol Ayazın öz seçimi idi. İndi bəzən deyən olur ki, kim özünə Şəhidlik arzulayar. Bu bir şablon cümlə, boşboğazlıq deyil. Mənim oğlum özünə nəinki şəhidlik arzulayırdı. O bu yola hətta ozünü çoxdan hazırlamışdı. İlahi öz qapılarını sanki onun üzünə açıb, o yolu ona göstərmişdi… Hər dəfə müharibədən söz düşəndə, bir şəid xəbərini eşidəndə «Allah o məqamı hər bəndəsinə nəsib etməz»- deyərdi. Ayaz vara, pula, maşına, sərvətə həsəd aparan bala deyildi. Gözü- könlü tox idi. Ayaz Şəhidlərə qibtə edirdi. Allah da muradına çatdırdı.
Noyabrın 1-də balamı Alpout kəndində torpağa tapşırdıq…
Rahat yatsın. Arzusu həyata keçdi. Bu mənə təsəllidir. Bu Ayazın öz seçmi, öz sözləri ilə desək, Allahın ona lütvüdür. Allah məqmını uca etsin.
Ana üçün müharibəyə oğul yola salıb, şəhid yolunu gözləməkdən ağır dərd olmaz. Mən hər ikisini birdən yaşadım. Bəlkə də, Allah məni bu dərdin ağırlığına hazırlayırmış ki, cəsədinin tapılıb torpağa tapşırılmasına da sevinim, onunla razılaşım. Nə bilim? Bütün bunlar mənim analamadıqlarım, bilmədiklərimdir. Bircə bildiyim budur ki, bu yola Ayazı məcbur edən olmamışdı. Bu onun öz seçimi oldu…
Atası Qnyazın xatirələrindən:
Ayaz olduqca maraqlı, fərqli bir oğul idi. O, olan yerdə adam darıxmaz, sıxılmaz, dərd çəkməzdi. O, olan yerdə gülmək, danışmaq, sevinc, nəşə olardı. Çox talantlı uşaq idi. Uşaqlıqdan musiqiyə böyük marağı var idi. İdmana gedərdi. Gözəl rəsm əsərləri çəkərdi. Hər şeyə maraq göstərərdi. Hər şeyin ən yaxşısı da Ayazda alınardı. Çox hissiyatlı idi. Elə bil adamın ürəyini oxuyardı. Bir çatışmamazlıq olsa hamıdan birinci onu Ayaz hiss edərdi. Çalışardı ki, nə isə edib o problemi həll etsin. Əlindən bir şey gəlməyəndə də, zarafatı, xoş sözləri, hətta gələcək planları ilə adama təsəlli verərdi.
Çox vətənpərvər idi. Əsgəri xidmətdə olandan sonra bu hiss onda lap güclənmişdi. Ordumuzun gücü, qüdrəti, nizam-intizam, aparılan ideoloi iş onda düşmənə güclü nifrət hissi aşılamışdı.
Vallah, şəhidlik onun arzusu idi. Allah sanki bir arzu, istək kimi şəhidliyi qəlbinə salmışdı…
Sentyabrın 29-da Hərbi Səfərbərlik İdarəsinə gedəndə toya gedən adam kimi sevinclə getdi. Avtobusa minmişdilər, yola dşürdülər. Avtobus hərəkətə başlayanda Ayaz maşından düşüb qaça- qaça üstümə gəldi: «Ata, haqqını halal et. Mən şəhid olacam. Xahiş edirəm imkanın olsa kəndimizin girişində xatirəmə bir Şəhid bulağı tikdirərsən»,- deyib qaçaraq avtobusa tərəf getdi. Gözüm Ayazın arxasınca qalmışdı. Yerimdə qurumuşdum. Nə edəcəyimi bilmirdim… Qayıdıb evə gəldim, hava qaralmışdı. Dizimi yerə atıb Allahıma əl açdım: “Allahım, Ayazımı salamat qaytar, mənim canımı al - dedim. Niyyət etdim ki, Ayaz sağ- salamat qayıdıb gəlsin, mal-qaramı satıb kəndin girəcəyində, kəndimizdən olan şəhidlərin şərəfinə bir bulaq tikdirərəm. Nə yazıq... ki, Allah mənim duamı deyil, Ayazımın səsini eşitdi. Onun istəyini qəbul etdi. Kəndin girəcəyində birinci Qarabağ savaşında və ikinci Qarabağ savaşında şəhid olan nur üzlü balalarımızın şərəfinə xatirə bulaq kompleksi tikdirdim. Hər gün gedib bulağın suyundan içib, sonra məzarının başına gedirəm…Nur içində yatsın. Məqamı uca olsun.
Qardaşı Samir Xəlilovun xatirələrindən:
Ayaz sonbeşiyimiz idi. Evimizin sevinci, dodağımızın gülüşü, ümüzün təbəssümü idi. Həyat eşqimiz, yaşam səbəbimiz idi. Evdə çay olmayaydı, çörək olmayaydı, cibimizdə pul olmayaydı, bir Ayaz yanımızda olaydı, bəs edirdi. Adama hər şeyi unutdura bilirdi. Problemə, dərdə-sərə qalib gəlməyi bacaran adam idi. Ayaz evimizdə olanda evimizdən gülüş səsi əskik olmazdı. Xoşbəxtliyimizin səbəbi idi.
Hər sözü gülüş, hər sözü yumor, zarafat, əyləncə idi. Çox həyata bağlı adam idi. Hara düşürdüsə, elə bil o yerin adamı idi. Qısa zamanda hamıya isinişər, özünü insanlara sevdirməyi bacarardı. Bir dəfə bir yerdə olduğu adamdan dost kimi ayrılardı. Hətta adamlar Ayaz üçün darıxar, onunla birgə olmağa çalışardılar. Əhatəsi geniş idi. Çoxlu dostları var idi. Hamısı da Ayazın xatirini çox istəyərdilər. Bu dünyanın malında heç gözü yox idi. Çox qəribə taleyi vardı qardaşımın. Uşaqlıqdan, ağlı söz kəsəndən şəhidlik haqqında düşünürdü. Bu dünyada Ayazın yeganə həsəd apardığı şey şəhidlik idi. Mən müharibəyə gedəndə mənimlə getmək istəyirdi. İstəyirdi, bir gedib, bir döyüşək. Qismət olmadı. Dedim ki, Ayaz, bir evdən bir döyüşçü bəs edər. Mən səndən böyüyəm. Həm həyat təcürbəm nisbətən çoxdur, həm də bir qədər çox yaşamışam. Bir şey olacaqsa, qoy mənə olsun. Məni qucaqlayıb bağrına basdı. «Sən özünü qoru, sən yaşamalısan. Sağ-salamat qayıt evimizə gəl. Müharibə olsa, tez bir zamanda mən də döyüşə gedəcəm. Şəhidlik mənim işimdir» - dedi.
Ayaz çox mərd, ağzı bütöv, sir, söz saxlayan idi. Hələ kiçik yaşlarından onda kişi xüsusiyyəti var idi. Türklər demiş, əsl dəliqanlı idi.
Uşaqlıqda baş vermiş bir hadisə heç gözümün önünüdən getmir. Uşaq vaxtı ikimiz evdə oynayırdıq. Bilmirəm əlində qayçı idi, ya bıçaq. Nə isə, kəsici bir alət idi. Əlindən alamq istədim. Vermək istəmirdi. Biz dartışanda Ayazın çənəsi kəsildi. Qan axmağa başladı. Ayaz uşaq idi, bərkdən-bərkdən ağlayırdı. Anam səsimizə gəldi ki, görsün nə olub? Mən özlüyümdə düşündüm ki, qanım batdı. Anam biləndə ki, mən etmişəm, məni cəzalandıracaq. Döyəcək… Çığır-bağır salacaq. Ayaz məni satmadı. «Yıxıldım, bıçaq çənəmi kəsdi» dedi. Üzümə də baxırdı ki, mən deməyim ki, mən etmişəm… Çənəsində çapıq yeri qalmışdı. Həmişə söz düşəndə çapığı göstərib deyərdi ki, «Samir, sənin yadigarını ömrü boyu özümlə daşıyacam». Təssüf ki, ömrü çox qısa oldu qardaşımın.
Sentyabrın 21-də evdən çıxıb Ağdam cəbhəsinə yollanadım. Bir neçə gün təlimdə oldum. Müharibə başlayanda müdafiəni möhkəmlətmək məqsədi ilə bizi ön cəbhəyə çıxardılar. 29 sentyabrda xəbər tutdum ki, Ayaz da könüllü olaraq vətənin müdafiəsinə qalxanların sırasına qoşulub. İçimi qorxu aldı. Bilirdim ki, Ayaz özünü qorumayacaq… Ayaz geridə durmağı bacaran adam deyil. Oktyabrın 4-də Ayazla telefonla danışdım. Çox sevinirdi. Ordumuzun Goranboy rayonunda yerləşən təlim mərkəzindən döyüş mövqeyinə gedirdilər. Hücuma hazırlaşırdılar. Çox sevinirdi. Ordumuzun orada çaldığı qələbələr, uzun illər işğal altında olan torpaqların azad olması bütün cəbhə xəttində olan döyüşçülər kimi ona da ruh verirdi. Ayaz «Qisas» «Qisas» deyib durmuşdu. Yolun açıq olsun, qardaşım. Düşməndən qisasımızı da al, özünü də qoru, gözümüzü yaşlı qoyma, dedim. Daha sonra Ayazla bir dəfə də qısa müddətli danışığımız oldu. Sonra əlaqə kəsildi. Nə baş verdiyini anlaya bilmirdim. Hər yerə xəbər salmışdım. Qarşıma kim çıxırdı, Ayazı soruşurdum. Gördüm deyən olmurdu. Fikirləşirdim ki, bəlkə, telfonunun batareyası tükənib, bəlkə, elə bir yerdədir ki, telefondan istifadə etmək olmaz… Ayazın şəhid olması fikrini heç yaxına buraxmaq belə istəmirdim. Oktyabrın 25-i məni çağırıb evə məzuniyyətə göndərdilər. Evə gəldim… Noyabrın 1-də Ayazın nəşi gəldi. Ayazı doğma kəndimizdə torpağa tapşırdıq. Mən Ayazın uşaq vaxtı çənəsini yaralamışdım. Gözəl qardaşım, qayğıkeş qardaşım isə bizim ürəyimizi parçaladı. Elə bilirəm, qolum qanadım qırılıb. Elə bilirəm, həyatın dadı, ləzəti qaçıb. Hər qapı açılanda, hər çağıran olanda elə bilirəm, gələn Ayazdır. Elə bilirəm, kimsə bu dəqiqə deyəcək ki, Ayaz gəlir. Ayaz isə arzuladığı zirvədədir. Allah Ayazı bizdən çox sevirmiş. Ona görə də tez apardı. Nur içində yatsın. Fəxr edirəm ki, Ayaz kimi bir qəhrəmanın qardaşıyam.
Böyük Qardaşı Sahil Xəlilovun Xatirələri:
Ayaz evimizin kiçiyi olmasına baxmayaraq, bütün çətinlikləri öz üzərinə götürməyi bacaran, hər işini özü həll edə bilən, qorxmaz ürəkli və olduqca mehriban, qayğıkeş bir insan idi. Özünü həmişə yaşından böyük aparardı. Hər işini özü həll etməyə çalışardı. Adama əziyyət verməyi heç sevməzdi. Çox maraqlı insan idi. Dəli bir çaya bənzəyirdi. Macarasına sığışmayan bir insan idi. Ürəyi arzularla, həyat eşqi ilə dolu idi. Şən, şux bir insan. Vətənə bağlı, torpağa bağlı, böyük-kiçik yeri bilən, ədəbli, ərkanlı bir qardaş idi. Xalq arasında belə bir ifadə var: «səni niyyətinə çatasan». Ayazın niyyəti şəhid olmaq idi. 2020-ci ilin yayında hərbi komisarlığa gedib Qarbağda könüllü döyüşmək üçün qeydiyyatdan keçmişdi. Sentyabrın 28- də çağrış gəldi. Sevincindən quş olub uçurdu. Dedim Ayaz, Samir də müaribədədir. Bəlkə sən bir az gözləyəsən? Dedi ki, «hərə öz yerinə döyüşəcək. Samirin müharibədə olmaq borcudur ki, gedib. Mən də öz yerimə gedirəm. Müharibəyə getməsəm, bu savaşda iştirak etməsəm, özümü Vətənə xəyanət etmiş sanaram. Utanc içində yaşamaqdansa, şərəfli ölüm yaraşar kişiyə. Şəhidlik nəsibim olsa, mənlə qürur duyun. Bu, Allahın mükafatı olar mənə».
Səfərbərlik idarəsinin qarşısında yola salarkən məni qucaqladı. «Sahil, qardaş , bilirəm ki, Şəhid olacam. Mənim adıma xatirə bulağı tikdirməyi unutmayın». Bu an elə bil ürəyimin şah damarı qırıldı. Yerimdə çöküb qaldım. Dilim ağzımda qurudu…
Goranboyda yerləşən təlim mərkəzinə aparmışdılar.Vaxtaşırı əlaqə saxlayırdı. Oktyabrın 4-ü zəng etdi ki, döyüş mövqeyinə gedirik. Tərtər royunu istqamətdə düşmən işğalı alatında olan ərazilərimizi azad etmək məqsədi ilə əks hücum əməliyyatı olacaq. Məndən narahat olmayın, ola bilər ki, işıq olmaz, telfonumun şajrı bitər»… Bu bizim son danışığımız oldu. Oktyabrın 20-nə kimi birtəhər səbr etdim, dözüb durdum. Ürəyimə dammışdı ki, bu sakitlik, zəng etməmək yaxşı əlamət deyil. Oktyabrın 20-dən başladım Ayzı axtarmağa… Haralarda olmadım, haraları gəzmədim? Oktyabrın 26 -da Tərtərdə Ayazın Şəhid olma xəbərini aldım. Şəhid olan Ayaz, ölənsə mən oldum… Qardaşımın cansız bədəni günlərlə canından çox sevdiyi torpaqda qalıbmış… Noyabr 1-də Ayazın nəşini bizə verdilər… Çox ağrdır. Qardaş dərdi, qardaş ağrısı çox acı olurmuş. Qardaşımın niyyətini Allah qəbul etmişdi. Bizim danışmağa nə sözümüz, nə də haqqımız var. Bu Allahla Ayazın arasındakı bir məsələdir. Tanrı verdiyi kimi özü də aldı. Məqamı uca olsun. Bizə qardaş kimi, valdeyin kimi onun arzusunu reallaşdırmaq düşür. Biz də çalışıb Ayazın adına yaraşan bir bulaq inşa etdirdik… Kiməsə dua edəndə, alqış edəndə «Su qədər ömrün olsun» deyirlər. Allah qardaşıma su qədər, bu müqəddəs vətən torpağı qədər ömür verib. Nə qədər ki Vətən var, nə qədər ki Şəhid qanı ilə ucaldılmış müqəddəs bayrağımız var, o qədər də Şəhidlər yaşayacaq. Nur içində yat, mənim qayğıkeş, gülərüz, zarafatcıl qardaşım. Evimizin gül üzlü körpəsi, məkanın cənnət olsun!
Elnur Salahov, Musiqi müəllimi:
Mən Maştağa qəsəbəsindəki musiqi məktəbində pedaqoi fəaliyyətə başladığım ilk il idi. Sinifimə qaraqaş, qaragöz bir oğlan gəldi. Öyrəndim ki, əslən Ucarın kəndindəndir. Çox istiqanlı, suyu şirin, ünsiyyət qurmağ bacaran bir uşaq idi. İlk görüşümüzdən özünü elə çox istətdi ki, onu görməyəndə darıxırdım. Çəkirdi məni özünə. Məktəbə gəlməyə tələsirdim ki, Ayazı görüm. Onunla ayrılan vaxtdan, məşğul olmalı olduğum vaxtdan çox məşğul olurdum. Elə zənn edirdim ki, bu uşaq mənim doğmam, əzizimdir. Çox mənalı gözləri var idi. Gözündə bir nisgil, bir həsrət, qəribə bir məsumluq var idi. Mənalı idi. Məni qınamayın, bu gözələrə baxa bilmirdim. Qorxurdum çox baxanda... O gözələrdən bu uşağa nə isə olacağını oxumaq olurdu…
Çox istedadlı idi. Gözəl musiqi duyumu var idi. Gözəl barmaqları var idi. Bir sözü iki dəfə təkrar etməyə qəti etiyac olmazdı. Adamın nə demək istədiyini ürəyindən oxuyardı. Xalq musiqisini çox sevərdi. Deyirdim ki, Ayaz, dərsdən sonra qalarsan, birlikdə xalq mahnılarını ifa edərik. “Sarı gəlin”i saatlarla ifa etsəydin, dinləyərdi, doymazdı… Mən onun gözəl musiqiçi olacağına, incəsənətimizi yaşadıb gələcək nəsillərə ötürənlərdən olacağına çox ümid edirdim. Onun gözəl səhnə görkəmi var idi. Çox əxlaqlı, mənəviyyatlı, milli ruhu olan bir insan idi. Təssüf ki, sonralar maddi çətinliklər Ayazı musiqi ilə məşğul olmaqdan uzaqlaşdırdı. Müharibə vaxtı hər gün sosial şəbəkələri, mətbuatı diqqətlə izləyirdim. Bir gün Ayazın şəhid xəbərini oxudum. Çox sarsıldım. Çox təsssüf edirəm ki, çox istedadlı, səmimi, işıqlı bir gəncimizi itirdik. Nur içində yatsın.
Xəyyam Arif oğlu Hüseynli - döyş yoldaşı:
Mən özüm peşəkar hərbçi olmuşam. Ailə vəziyyətimlə əlaqədar olaraq ordu sıralarından tərxis olunmuşdum. 2020- ci ilin yay aında ermənilərin növbəti təxribatı nəticəsində qəhrəman generalımız Polad Həşimovun şəhid olma xəbərini eşidən kimi dərhal Səfərbərlik İdarəsinə müraciət edərək könüllü olaraq döyüşmək istədiyimi bildirdim. Vətən Müharibəsi başalanan ilk gündən mənim düşmənlə döyüşmək arzum gerçəkləşirdi. Müharibənin ilk günündən ordumuzun sıralarında ən qaynar nöqtələrin birində döyüş əməliyyatlarına cəlb olunmuşdum. Oktyabrın 4- də Tərtər rayonunun Evoğlu kəndində hərbi terminlə desək, silahlı qüvvələrimizin cəmləşmə rayonunda idik. Növbəti hücum əməliyyatına hazırlıq gedirdi. Bu zaman bizim olduğumuz hərbi hissəyə səfərbərlik üzrə Göranboy rayonu ərazisində təlimlərə cəlb olunmuş və təlim görmüş yeni qüvvələr gətirildi. Ayaz Xəlilov da döyüşə gətirilən sıravi döyüşçülərdən biri idi. Yeni gətirilən qüvvələr hərbi forma və silahla təmin olunduqdan sonra yüksək rütbəli zabitlər əsgərlərimizin döyüş ruhunu qaldırırmaq məqsədi ilə proflaktik söhbət aparıb onların döyüş ruhunu qaldırır, mənən döyüşə hazırlayırdılar. Necə deyim, bu söhbətlərdən sonra demək olar ki, döyüşçüləri yalnız bir şey düşündürürdü: «Təki torpaqlarımız azad olunsun. Bu problem gələcək nəsillərə qalmasın». Hamı bir nəfər kimi şəhadət şərbətini içməyə hazır olurdu .Qorxu, ölüm insan gözündə bir heç olur, yalnız qələbə haqqında düşünür, intiqam hissi ilə yaşayırdı. Mən bu zaman Ayaz Xəlilovla tanış oldum. Qısa bir zaman ərzində, gəldikləri vaxtdan heç 10-15 dəqiqə sonra bütün şəxsi heyyət Ayazı öz adı ilə tanıyırdı. Ayaz həm də döyüşçü yoldaşları arasında «Pakistanlı» ləqəbi ilə də tanınırdı.
Çox maraqlı adam idi. Bu adam insanlarla münasibət qurmaqda olduqca mahir, mehriban, qayğıkeş, hər kəlməsi yumor, hər sözü gülüş olan bir insan idi. Qısa bir zamanda bütün komandanlıq və şəxsi heyyət arasında özünə böyük sevgi, hörmət qazana bilmişdi. Axşam saat 11-12 radələrində şəxsi heyətə döyüş hazırlığı əmri verildi. Döyüşçülərə döyüş sursatı, zireli gödəkçələr, dəmir dəbliqələr, əl qumbaraları verildi. Hər kəs silahına uyğun güllələrin daraqlara yığılması ilə məşğul olur, hər kəs döyüşə hazırlaşırdı .Oktyabrın 5-də səhər saatlarında Tərtər rayonunun Şirxarx qəsəbəsində podvalların birinə cəmləşərək döyüş planını alaraq ikinci cəmləşmə rayonuna - 7-ci mövqe deyilən əraziyə yollandıq. Gedəcəyimiz yerə yedinci post və yaxud 23 metr də deyilirdi . Həmin ərazi Tərtər - Ağdarə istiqamətində yerləşirdi. Bizim tərəfdən baxanda Seysulan kəndinin sağ tərəfi, düşmən tərəfdən baxanda Seysulanın sol tərəfi idi. O istiqamətdən hücuma keçməliyidik. Gündüz saat 12 radələrində həmən ərazidə yerlərimizi tutdub döyüş hazırlığı vəziyyətinə gəldik. Düşmən üzərinə hücum etmək üçün minalanmış sahəni açıb keçməli idik. Bundan ötrü də «Ponus 2» deyilən silah növü var, ondan istifadə edilir. Bu silah 50 sm enində , 50 metr uzunluğunda minalanmış sahəni açır. Biz vaxt itirmədən üç istiqamətdə «Ponus 2»ləri atmağa başladıq. Bunu hiss edən düşmən Ağdarə istiqamətində “trivoqanı” qoşdu. “Trivoqanın” açılması ilə bizim önümüzdə olan səngərin doldurulması bir oldu. Bizimlə birlikdə döyüşədə iştirak edən qərargah rəisi, baş leytenant Ələsgərov Məhəmməd məni çağırıb 5 nəfərlik bir qrupla xüsusi döyüş tapşırığını yerinə yetirmək əmrini verdi. Qrupun üzvlərini könüllülük prinsipi əsasında mən özüm seçməl idi. Komandir mənə döyüş planını izah etdi. Mən həmən vaxt döyüşçülərə səsləndim ki, könüllü olaraq mənimlə birlikdə xüsusi döyüş tapşırığını yerinə yetirməyək üçün kim getmək istəyir? Bu zaman Tağıyev Əkbər, Xəlilov Ayaz, Qəhrəmanov Elnur, Sadıqov Elmin irəli çıxıb mənimlə birlikdə xüsusi tapşırığı yerinə yetirmək istədiklərini bildirdilər. Əmrə əsasən biz öndə gedib düşmənin sol istiqamətdə olan səngərinə düşüb irəliləməli, qarşıdakı düşmən postunu ələ keçirməliydik. Onu da deyim ki, burada üç istiqamətdə səngər var idi. Bu postada düşmənin bir snyaperi, 1 PK plomyotu,1 ERPK- sı şəxsi heyəti ilə yerləşmişdi. Bundan əlavə, iki nəfər də əlavə silahlı qüvvəsi var idi.
Biz əmrə əsasən, düşməni zərərsizləşdirib həmən postu ələ keçirməliydik. Lakin bizim qurduğumuz bu plan alınmadı. Plan alınmasa da, axşam saat 7-ə kimi aramsız güclü döyüşlər getdi. Xoşbəxtlikdən, gedən bu döyüşlər zamanı biz itki vermədən geri çəkilə bildik. İtki verməməyimiz bizim üçün böyük xoşbəxtlik idi. Saat 7-dən bir qədər sonra oradan ayrılıb öz dayaq məntəqəmizə yollandıq. Gecə saat 11-12 radələrində Tərtər rayonu Evoğlu kəndində yerləşən hərbi hissəmizə qayıtdıq. Burada sabahkı döyüş tapşırığını alıb yenidən hazırlıqlara başladıq. Qeyd edim ki, həm döyüşə hazırlıq, həm döyüş əhval-ruhiyyəsi, həm də döyüşçülərin mənəvi-psixoloi cəhətdən hazırlığı çox yüksək səviyyədə gedirdi.
Döyüşçülərimiz intiqam hissi ilə alışıb yanır, torpaqların azad olunması uğrunda hamı canını fəda etməyə hazır idi. Döyüşçülərimiz qorxunu öldürüb , ölümü yenmişdilər. Oktyabrın 6–sı səhər saat 6-7 radələrində biz kolonla döyüş mövqeyinə doğru hərəkətə başladıq. Yenə bir qayda olaraq Şırxarx qəsəbəsəndəki podvallardan birində cəmləşməli olduq. Burada döyüş planı hazırlandıqdan sonra plana uyğun olaraq konkret əmrlər aldıq. Döyüş planı qurulanda mən artıq bildim ki, bu dəfə Həsənqaya , Levonarx istiqamətində irəliləməli olacağıq . Bizim 1-ci mövqe ilə 2-ci mövqeyin arasında 900 metrə yaxın bir məsafə var idi.
Həmən ərazidən irəliləyərək düşmənin əlində olan ikimərtəbə deyilən postu və həmin ərazini ələ keçirməliydik. Oranı azad etdikdən sonra Gödəkburun və 530 istiqamətində irəliləməliydik. Döyüş Tapşırığını alan kimi avtomobil karvanı ilə hərəkətə başlayıb cəmləşmə rayonuna doğru irəlilədik. Bir qədər avtomobillərlə hərəkət etdikdən sonra maşınlardan enib piyada köhnə beton kanal vasitəsi ilə təxminən 5 kilometr irəlilədik.
Kanaldan çıxan kimi sola burulanda vala yol qalxır. Yola çıxdıqdan sonra az irəliləyib təkrar sola burularaq irəliyə istiqamət götürdük. Bizimlə birlikdə tabor komandiri kapitan Turxan Rzayev də bu döyüşdə iştirak edirdi. Turxan Rzayev döyüş öncəsi döyüşçülərlə bir daha ruh yüksəldici söhbətlər edib, döyüşçülərdə yükək döyüş əhvalı yaradırdı. Ermənilərin Xocalıda, Kəlbəcərdə törətdikləri vəhşiliklərdə danışıb, döyüşçüləri qisasa çağırırdı. Şəxsi heyət tam döyüş ruhunda idi. Saat 12-də döyüş əmri alaraq hərəkətə başladıq. Mən qrup komandiri kimi öndə hərəkət edirdim. Şəxsi heyət arxamca hərəkətdə idi. Onu da deyim ki, mən rəsmi əmrlə deyil, sözlə qrup komandiri vəzifəsini icra edirdim. Əvvəllər kəşfiyyatda xidmət etməyim, hərbi təcürbəm, peşəkarlığım nəzərə alınaraq qrupa komandirlik şifahi olaraq mənə etibar edilmişdi… Hücum etdiyimiz ərazi, qeyd etdiyim kimi, iki postun arasında bir düzənlik ərazi idi. Düşmən isə ikimərtəbəli bir beton istehkamda durub , bizə tam nəzarət etmək imkanında idi . Onu da qeyd edim ki, hətta 29 sentyabrda silahlı qüvvələrimiz bir dəfə də bu istiqamətdən hücum etsə də, əməliyyat uğursuz olmuşdu. Bizim hücumda iştirak edən tankımız düşmən tərəfindən zərərsizləşdirilmişdi. Mən həmən vurulmuş tanka doğru irəlləyib tankın arxasınada mövqeylənib geriyə baxdım. Gördüm ki, bütün şəxsi heyyət də arxamca gəlir. Tankın arxasından çıxıb, atəş aça- aça düşmənin üzərinə irəliləməyə başladım. Gərgin döyüşlər gedirdi. Düşmən minamyotlar, iri çaplı atıcı silahlarla bizi atəşə tutmuşdu. Döyüş getdikcə şiddətlənirdi . Döyüş zamanı bir neçə güllə darağı dəyişmişdim. Silahımın darağını dəyişmək üçün yerə uzandım. Bu zaman həmdə geriyə baxmaq imkanım da oldu.3 nəfər döyüşçümüzün də yerə uzandığını gördüm. Göydən od yağırdı. Bu gülləboranın altında yaralanan və şəhid olanların olduğu istisnasız idi. Yaxınlığımda olan əsgər Tağyıyev Əkbərin yaralandığını görmüşdüm. Çox dəhşətli bir mənzərə idi. Hətta heç bir kinoda belə döyüş səhnəsinə rast gələmək mümkün deyil. Heç bir rejisorun beyni, zəkası o gücdə ola bilməz ki, belə bir səhnə yarada bilsin. Hər tərəf qara tüstü, toz, duman idi. Kim tərpənirdisə yerindəcə qalırdı. Düşmən snayperi, iri çaplı silahları gözümüzü açmağa imkan vermirdi. Bu döyüşdə məndən bir qədər aralıda Xəlilov Ayazın qorxmadan o mərmiləri heçə alaraq irəlilədiyini gördüm. Ayaz əsl qəhrəman kimi döyüşürdü. Pisxoloji cəhətdən dözülməz bir durumda idik. İnilti səsi aləmi götürmüşdü.
Yaralıların ahu-naləsi dözülməz idi. Adamın gözü qarşısında döyüşçü yoldaşının göydə firlanan əlini, qolunu, qıçını görmək nə deməkdir? Psixoloji cəhətdən bu olduqca ağr bir mənzərədir. Dözülməzdir… Ayaz belə bir şəraitdə yalnız irəliyə doğru hərəkət edirdi. Biz gerçəkdən pusuya düşmüşdük. Onu da deyim ki, bu döyüş çox da uzun çəkmədi. Pusuya düşdüyümüzü hiss edən tabor komandiri dərhal geriyə çıxmaq əmri verdi. Biz geriyə çıxanda artıq döyüş yoldaşlarımızın bir çoxu aramızda yox idi. Mən 3 nəfəri tanıdığım üçün dərhal Xəliov Ayazı, Tağıyev Əkbəri, Hüseynov Elnuru soruşdum. Hərə bir söz deyirdi. Kimi deyirdi, döyüş mövqeyindən çıxıb maşınala getdilər. Kimisi də deyirdi ki, yaralı idi, mən çıxarıb maşına mindirib yola saldım… Müharibə elə bir şeydir ki, burada nəyisə araşdırmaq imkanı olmur.Həm də hamı gərək biri- birinə inansın. İnam olmasa, döyüşə girmək olmaz. Ona görə də mən heç bir şeyi dəqiqləşdirmədən əmrə əsasən başqa bir döyüş yerinə yollandım… Bir daha Ayazı görə bilmədim. Allah Şəhidlərimizə rəhmət etsin.
Qəhrəman kimi yaşamaq, qəhrəman kimi şəhid olmaq hər kəsə nəsib olmur. Ayaz Xəlilov oktyabrın 6-da, gündüz saat 12-13 arası gedən döyüşlər zamanı aldığı qəlpə yarasından şəhidlik zirvəsinə yüksəldi. Düşünürəm ki, onun haqqında kino çəkilsə, hətta roman yazılsa, onun keçdiyi qısa, lakin şərəfli qəhramanlıq yolunu ora sığışdırmaq olmaz.
Ağasıyev Tural Rasim oğlu, döyüş yoldaşı:
Uşaqlıqdan arzum erməni vandallarına qarşı döyüşmək olub. 2020 - ci ilin yayında Polad Həşimovun şəhid olmasından sonra Şamaxı rayon Səsfərbərlik İdarəsinə gedib könüllü döyüşmək üçün qeydiyyata düşdüm. 21 sentyabrda səfərbərliyə alınaraq Goranboy rayonunda yerləşən hərbi hissədə təlimlərə başladıq. Sentyabrın 29- da Ayaz Xəlilov da bizim təlim keçdiyimiz hərbi hissəyə gətirildi. Ayaz yaşca bizdən kiçik, ünsüyyət qurmağı bacaran, qısa bir zaman kəsiyində tanış olduğu adamın ən doğması qədər rəğbətini qazanmaqı bacaran bir gənc idi. Hamı onu sevir, hörmət edir, «balaca qaqaş», Ayaz və ya zarafatla
«pakistanlı»deyə müraciət edirdilər. Hətta hamının ürəyində bir istək yaranırdı ki, Ayaz onunla bir yerdə olub, bir döyüşsün. Bizim qrup təlimlərə onlardan tez başladığı və kifayət qədər təlimlərdə iştirak edib təcürbə topladığına görə mühharibənin ilk günlərindən Tərtər, Ağdərə istiqamətlərinə gedən döyüşlərə cəlb edilmişdik. Mən həmlə bölüyündə xidmət edirdim. Məlumatı olanlar bilir ki, həmlə bölüyü həmişə kəşfiyyatla birlikdə ön cəbhədə irəliləməli olur. Bizim bölük də müharibənin ön cəbhəsində qaynar nöqtələrdə vacib əməliyyatlar keçirirdi. Tale elə gətirdi ki, okyabrın 4-də Tərtərdə Ayazla yenidən rastlaşmalı olduq. Çox doğma adamımla rastlaşırammış kimi onu görəndə sevinirdim. Oktyabrın 5-də döyüşə gedəndə Tərtər rayonundan olan Elmir adında bir qardaşımız var. Bizdən yaşca çox böyük idi. Ona zarafatla “Qoca” deyə müraciət edirdik. Aralarındakı yaş fərqi çox olduğu üçün Ayaz Elmirə əmi deyirdi. Nə isə, Ayaz üzünü Elmirə tutub dedi ki, «Əmi, ürəyimə damıb ki, mən bu müharibədə şəhid olacam». Elmir də zarafatla cavab verdi ki, «Qoy oturduğumuz yerdə oturaq. Qanımızı qaraltma. Sən bizdən uşaqsan. Ömrü verən Allahadır. Kimin ömrünü Allah nə qədər yazacaq onu O, bilər». Həmən günlər də yaralı və Şəhid olanlarımız var idi. Onların qısasın almağı düşünürdük. Qoca dedi ki, «Sən şəhid olmaq barədə deyil, necə qisas alacağın barədə düşün. Bizi Şəhidlərimizin qisasını almadan Şəhid olmağa haqqımız yoxdur.Heç bu barədə düşünməməliyik də…».
Suqovuşan istiqamətdə ağır döyüşümüz olmuşdu. Oradan gəlib bir qədər istirahət edib Ağdarə istiqəmətində oktyabrın 6-da döyüşə girdik. Birinci eşalonda biz döyüşürdük. Orada bizim üç ədəd əvvəlki döyüşlərdə vurularaq yanmış tankımız var idi. Həmən tanklar vurulan ərazidə döyüşürdük. Allah, o mənzərəni dil ilə təsvir etmək qəti mümükün deyil. Göydən mərmi əvəzinə dəhşət yağırdı, ölüm yağırdı… Oradan sağ-salamat çıxmaq Allahın möcüzəsidir… Bu döyüşdə mən iki qıçımdan yaralandım. Məndən bir qədər aralıda Ayaz Xəlilov da yaralanaraq yerə uzanmışdı. Mən sürünə-sürünə Ayazın yanına gəldim. Dedim, Qaqaş, vəziyyət ağırdı, taleyimizə nə yazılıbsa, o olacaq. Ayazın yarası ağır idi. Mən o anları xatrlayanda belə dəhşətə gəlirəm… Ayaz qəlpə yarası almışdı. Amma yarası incitsə də, üzündəki təbəssüm yerindəydi. Üzündən nur tökülürdü. Dedim, Ayaz, narahhat olma, yəqin indi təxliyə gəlib bizi çıxarar. Dediki, «Deyəsən Allah mənim səsimi eşidib, arzuma çatıram. Mən Şəhid oluram». Dedim, elə demə. Sən bizim balaca qardaşımızsan. Tezliklə xilas olacağıq. Bizi buradan çıxaracaqlar. Təkrar Ayazı qucaqlayıb üzündən, gözündən öpüb ona təsəlli vermək istəyirdim. Elə bu andaca Ayaz qucağımdaca son nəfəsini verdi. Bir qədər Ayazın yanında oturdum. Güllə sel kimi yağırdı. Gurultu, toz-duman aləmi bürümüşdü. Barıt qoxusundan nəfəs almaq olmurdu. Minamyot ara vermədən bizi atəş altında saxlayırdı. Yaralanlardan kim yerindən qıpırdanırdısa, snayperlə canını alırdılar. Vəziyyətimin ağırlığını özüm yaxşı dərk edirdim. Şəhadətlə məsafəm çox yaxın idi. Kəlmeyi Şəhadətimi oxuyub balaca qaqaşımın yanında uzanıb şəhadətimi gözləyirdim. Amma Allah onu hər döyüşçüyə nəsib etmirmiş. Bir qədər keçəndən sonar Allah sanki mənə güc, qüdrət verdi. Mən sürünərək neytral zonadan uzaqlaşmağa çalışdım. Ayazdan aralandıqca özümü məzəmmət edirdim. Deyirdim, kaş bir qıçım sağ olaydı, heç olmasa şəhid yoldaşlarımdan birinin nəşini oradan çıxara biləydim. Yaralanarkən minamyotun volnası məni elə bir vəziyyətə salmışdı ki, qıçımdakı yaralarımdan çox əzik ağrıları məni taqətsiz hala gətirmişdi. İki metr sürünüb dayanır, yenidən güc toplayıb, irəliləyirdim. Beləliklə, zülmlə də olsa, birtəhər öz mövqelərimizə yaxınlaşa bildim. Əsgərlərimiz məni götürüb təcili olaraq tülkü dərəsi deyilən yer var, ora apardılar. Ora artıq bir qədər təhlükəsiz idi. Oradan da Tərtər Rayon Polikilinikasına gətirildim…
Döyüşlər zamanı dəfələrlə yarlanmış döyüş yoldaşlarımızı, şəhidlərimizi döyüş mövqeyindən uzaqlaşdırmışam. Döyüş yoldaşlarım hətta zarafatla mənə deyirdilər ki, «Ağa, yaralansam, başıma bir iş gəlsə, qoymarsan orada qalam. Məni çıxararsan». Çox təssüf edirəm ki, Ayaz qaqaşımı oradan vaxtında çıxara bilmədim. İndi də bnun əzabını çəkirəm. Allah ruhunu sevindirsin Pakistanlı. Nur içində yat.
Vətən Müharibəsində göstərdiyi qərəmanlıq dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Ayaz Xəlilov «Suqovuşanın azad olunmasına görə», «Cəsur döyüşçü» və «Vətən uğrunda « Medalları ilə təltif olunub.
İllər, əsrlər keçəcək, Ayazın əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq. Nənələr beşiklərinin başında öz körpə nəvələrinə Ayazın göstərdiyi qəhrəmanlıqlardan danışacaq. Analar öz övladlarına Ayazın adını verəcək. Atalar oğullarına öyüd , nəsihət verəndə “Sən də böyü, Ayaz kimi qəhrəman ol”- deyəcəklər.
Ayaz ona verilən ömür payını şərəflə yaşadı. Gəldiyi bu dünyadan ad-sanla, şərəflə köç etdi. Ona verilən bu qısa ömrü tək özü üçün yaşamadı. Yaşını Vətənin canına calayanlardan, ömrünü Vətənə qurban verib Vətəni yaşadanlardan oldu. Bir ömürdə min can, min budaq olanlardan oldu. Tək özünün ömür kitabını yazmadı, həm də vətənin qəhrəmanlıq dastanınını, hünər tarixini yaradanlardan oldu.
«Mən şəhid olaramsa, şərəfimə bir xatirə bulağı tikdirərsiniz» deyən, su kimi saf, çaylar kimi coşqun , dəryalar kimi dərin Ayazlar, Kərimlər, Xəyallar, Elnurlar və minlərlə Vətən oğulları qanlarını torpağın damarlarından ahan sulara, çaylara calayıb adlarını daş kitabələrin qan yaddaşlarına yazdılar. Bu gün bu qəramanlıq bulaqlarından su içənlər , bu qəhrəmanlıq dastanını oxuyan gənc nəsillər Vətəni müqəddəs bilib, canlarını Vətənə fəda etməyi bacaran gənc qəhrəmanlara, Vətənin, elin qəhrəman oğullarına oxşamağa çalışacaqlar.
Analar körpələrinin adını Ayza qoyub, qəhrəman Ayaza oxşamalarını arzu edəcəklər. Bir ölüb min dirilmək, adı Vətənlə qoşa çəkilmək hər kişinin iş deyil, ər kişinin işidir. Vətəni ərlər qoruyar. Vətəni ər oğullar Vətən edər. Vətənimizin ləyaqətli insanlarına, qəhrəaman şəhidlərimizə bu gözəl günümüz üçün bir ömür borclu olduğumuzu heç vaxt unutmayacağıq. Borclu olduqlarımızdan biri də Ayaz Xəlilovdur.
Elşən Qəni