İran: nüvə danışıqlarında maraqların toqquşması və qeyri-müəyyənlik daha da güclənir

18 mart 2015 04:00
237

İranla "altılıq" ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Çin) arasında İranın nüvə proqramı ilə bağlı davam edən danışıqlarda bu ilin mart ayının sonlarına qədər razılaşmanın ümumi konturlarının müəyyənləşdirilməsi, iyun ayına kimi isə yekun razılaşmanın əldə olunması planlaşdırılırdı. Lakin son məlumatlar ilkin razılığın əldə olunmasının heç də düşünüldüyü qədər tez baş verməyəcəyini göstərir. Belə ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) məlumatına görə, İranla Agentlik rəsmiləri arasında növbəti görüş aprel ayının ortalarında baş tutacaq. ABŞ və Avropa rəsmilərinin fikrincə, İranla "altılıq" ölkələrinin hər hansı razılığının əldə olunması üçün BAEA ilə aparılan müzakirələrdə irəliləyiş müşahidə olunmalıdır (bax: Iran, IAEA Exchange Data in Nuclear Talks, Plan Next Meeting / "The Wall Street Journal", 10 mart 2015). Bu o deməkdir ki, mart ayında ilkin razılıq mümkün olmayacaq, İranla BAEA arasında aprelin ortalarında baş tutacaq görüşün isə nə ilə yekunlaşacağı bəlli deyil.

İsrail İranla razılığın əldə olunmasına qarşıdır

Əlbəttə ki, İranın nüvə proqramı ilə bağlı danışıqların uzanması daha çox İsrail rəhbərliyini sevindirir. Çünki bəlli olduğu kimi, İranın nüvə proqramı ətrafında yaranan mübahisəni həll etmək niyyətində olan Obama administrasiyası İranda 2013-cü il prezident seçkilərində qalib gələn mötədil siyasətçi Həsən Ruhani ilə danışıqların nəticələrinə böyük ümid bəsləyir (bax: Буря в стакане воды / "Российский совет по международным делам" (РСМД), 2 mart 2015). İsrail isə İranın mövqeyinə skeptik yanaşmasını davam etdirir. Buna baxmayaraq, İran özünün nüvə proqramının enerji və tibbi məqsədlərə xidmət etməsində, heç bir hərbi təhlükə daşımamasında israrlıdır.

Beləliklə, Obama administrasiyası ilə İsrailin baş naziri Benyamin Netanyahu arasındakı fikir ayrılığı son zamanlar özünü daha aydın göstərir. Belə ki, danışıqlarda ABŞ və onun tərəfdaşları İranın nüvə enerjisi istehsalı prosesinə cəlb olunan obyektlərinə ciddi nəzarətin təmin olunmasına, uranın zənginləşdirilməsində istifadə olunan sentrifuqaların sayının məhdudlaşdırılmasına və bu sahədə İranın mövcud yanacaq ehtiyatlarının bir qisminin ləğvinə tərəfdardırlar. Razılaşmanın əldə olunacağı təqdirdə, İranın nüvə proqramına tətbiq olunan məhdudiyyətlərin ən az 10 il davam edəcəyi gözlənilir. ABŞ ekspertləri hesab edir ki, nəzərdə tutulan məhdudlaşdırmalar nəticəsində müqavilənin şərtlərini pozacağı təqdirdə İranın nüvə silahına yiyələnməsi üçün lazımi miqdarda yanacaq əldə etməsi bir ilə qədər ləngiyə bilər.

Martın 3-də İsrail baş naziri Benyamin Netanyahunun ABŞ Konqresindəki növbəti, sayca üçüncü çıxışı hazırkı İsrail rəhbərliyinin bu məsələdə olduqca sərt mövqedə dayandığını bir daha nümayiş etdirdi. Netanyahu öz nitqində İranın nüvə enerjisi layihəsinin İsrail dövlətinə və bütün dünyaya təhlükə olduğunu bildirərək əldə olunacaq razılaşmanın İranı bu niyyətindən yayındırmayacağını söyləyib. Onun fikrincə, nüvə obyektlərinə nəzarət edəcək ekspertlər sadəcə müşahidə apara biləcəklər, onlar nüvə silahı istehsalının qarşısını ala bilməyəcəklər. Digər tərəfdən, İsrail əmindir ki, İran nüvə obyektlərinin bir qismini beynəlxalq ictimaiyyətdən gizli saxlayır və həmin obyektlərdə nüvə silahının hazırlanması yönündə iş aparılır. Digər tərəfdən, Netanyahu razılığın əldə olunacağı təqdirdə İranın nüvə proqramının cəmi 10 il ərzində məhdudlaşdırılmasının çox qısa bir zaman kəsimi olduğunu bildirərək, belə bir müqavilənin təhlükəsizliyə təminat verməyəcəyini vurğulayıb. Həmçinin, o, belə bir sazişin regionda nüvə yarışını alovlandıracağına inanır. Bu məsələdə ABŞ hökuməti ilə İsrail rəhbərliyi arasında yaranan başqa bir fikir ayrılığı İrana tətbiq olunan sanksiyaların ləğvi ilə bağlıdır. Obama bəyan edib ki, İran öz nüvə proqramını məhdudlaşdıracağı təqdirdə sanksiyalar ləğv oluna bilər. Netanyahu isə sanksiyaların ləğvinin İranı daha da təhlükəli qüvvəyə çevirəcəyinə inanır. Bütün bunları əsas gətirən Netanyahu İrana nüvə yanacağı istehsalına icazə verən istənilən razılaşmanın əleyhinə olduğunu bildirib (bax: The complete transcript of Netanyahu’s address to Congress / "The Washington Post", 3 mart 2015).

Senatorların məktubu acı gerçəkliyi üzə çıxardı

Netanyahunun çıxışı konqresmenlər tərəfindən böyük rəğbətlə qarşılanıb. 2010-cu ildə Konqresin hər iki palatasında səs çoxluğu qazanan Respublikaçılar partiyasının üzvləri İsrail rəhbərliyi ilə Obama administrasiyası arasında yaranan fikir ayrılığından yararlanaraq özlərinin İsrail dövlətinə olan dəstəyini daha qabarıq ifadə edirlər. Elə bunun bir göstəricisi kimi, Netanyahunun Konqresə müraciətindən bir neçə gün sonra 47 nəfər respublikaçı senatorun imzası ilə İran rəhbərliyinə ünvanlanan açıq məktubu qeyd etmək olar. Məktubda konstitusiyanın müddəaları əsas gətirilərək bildirilir ki, ABŞ-la başqa bir ölkə arasında imzalanan müqavilə yalnız Konqresin hər iki palatasında səs çoxluğu ilə təsdiqləndikdən sonra icbari xarakter alır, yəni ciddi hüquqi əhəmiyyət daşıyır. Digər tərəfdən, prezident yalnız iki dəfə 4 illiyinə seçilə bildiyi halda, senatorlar hər dəfə 6 il olmaqla limitsiz sayda seçilə bilərlər. "Bugünkü reallığa tətbiq olunsa, məsələn, prezident Obama 2017-ci ilin yanvarında öz postunu tərk edəcək, bizim əksəriyyətimiz isə öz vəzifəmizdə daha uzun müddət, bəlkə də onilliklər boyu qalacağıq. Konstitusiyanın bu iki şərti o deməkdir ki, biz sizin nüvə silahları proqramınıza dair istənilən sazişin Konqres tərəfindən sadəcə olaraq prezident Obama ilə ayətullah Xameneyi arasında icraedici sazişdən başqa bir şey kimi təsdiqlənməməsi üçün çalışacağıq. Növbəti prezident belə bir icraedici sazişi bir qələm xətti ilə ləğv edə bilər və gələcək Konqres toplantıları sazişin şərtlərini istənilən vaxt dəyişə bilər" – məktubda deyilir (bax: Letter From Senate Republicans to the Leaders of Iran / "The New York Times", 9 mart 2015).

Obama administrasiyasının məktubu imzalayan senatorları sərt tənqid etməsinə, İran tərəfinin isə diplomatiya qaydalarına uyğun olmayan bu faktı qeyri-ciddi addım kimi qəbul etdiyini göstərməsinə baxmayaraq, məktubda qeyd olunan bir sıra məqamlar ABŞ həqiqətlərini üzə çıxarır. Həqiqətən də ABŞ senatorlarının bir qismi elə senator vəzifəsində ikən dünyasını dəyişir. İkinci bir tərəfdən, ABŞ-ın imzaladığı beynəlxalq sazişlərin böyük qismi ratifikasiya edilmir. Oklahoma Universitetinin professoru Qlen Krutz və Klemson Universitetinin professoru Cefri Pikin araşdırmasına əsasən, 1930-cu illərdən bəri ABŞ-ın başqa dövlətlərlə imzaladığı sazişlərin cəmi 6%-i Senatda təsdiqlənib (bax: Politics and Tradition Collide Over Iran Nuclear Talks / "The New York Times", 10 mart 2015). Bu o deməkdir ki, ABŞ indiyədək imzaladığı beynəlxalq sazişlərin əksəriyyətini yerinə yetirmək məcburiyyətində deyil.

Beləliklə, senatorların məktubunun İranın nüvə proqramı danışıqlarına ciddi zərbə vuracağı gözlənilən deyil. Lakin məktub belə bir ehtimalı irəli sürməyə imkan verir ki, gələcəkdə hər hansı razılığın əldə olunacağı təqdirdə "altılıq" ölkələri arasında aparıcı qüvvə olan ABŞ istənilən vaxt onun icrasını dayandıra və özünün Avropadakı tərəfdaşlarını da eyni addımı atmağa cəlb edə bilər. Bu ehtimalı daha da gücləndirən amil isə məlum məktubdan sonra ABŞ dövlət katibi Con Kerrinin İranla əldə olunacaq razılaşmanın "hüquqi cəhətdən icbari" xarakter daşımayacağını bildirməsi olub (bax: Iran Nuclear Deal, If Reached, Wouldn’t Be ‘Legally Binding,’ Kerry Says / "The Wall Street Journal", 11 mart 2015).

Nüvə danışıqlarının gələcəyi xeyli qaranlıq görünür

Digər tərəfdən, İranın bölgədəki əsas rəqiblərindən hesab olunan Səudiyyə Ərəbistanı bu yaxınlarda Şimali Koreya ilə nüvə sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb. Kral ailəsinin üzvü, Səudiyyə Ərəbistanının təhlükəsizlik agentliyinin keçmiş rəhbəri Türki əl-Faysal bu addımı razılıq əldə olunacağı təqdirdə İranın qazanacağı nüvə imkanları ilə ölkəsinin imkanları arasında balans yaratmaq cəhdi kimi dəyərləndirib (bax: Saudi Nuclear Deal Raises Stakes for Iran Talks / "The Wall Street Journal", 11 mart 2015). Bununla da Netanyahunun bölgədə nüvə yarışının kəskinləşəcəyi ilə bağlı xəbərdarlığı müəyyən mənada təsdiqlənmiş olur.

Beləliklə, İranın nüvə proqramı ilə bağlı razılığın əldə olunması istiqamətində yaxın zamanlarda ciddi irəliləyişin əldə olunacağı böyük şübhə doğurur. Hətta yekun sazişin imzalanacağı təqdirdə, onun şərtlərinə tərəflərin sonadək əməl edəcəyi, bölgədə aşkar nüvə yarışının başlanmayacağı və vəziyyətin daha da gərginləşməyəcəyi sual altındadır.

Newtimes.az