Məlum olduğu kimi, bütün dünyada yayılmış COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə bir sıra idman növlərində olduğu kimi gimnastikada da 2020-2021-ci illər ərzində keçirilməsi nəzərdə tutulan yerli yarışlar təxirə salınmışdı.
“İki sahil” xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyası (AGF) ötən il paytaxtımızda uğurlu təşkil edilmiş irimiqyaslı beynəlxalq yarışlardan sonra yenicə qədəm qoyduğumuz 2022-ci ildə gimnastika növləri üzrə milli yarışları keçirməyə hazırlaşır.
Yarışların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, ilin ilk 3 ayı ərzində Milli Gimnastika Arenasında müxtəlif gimnastika növləri üzrə 4 milli yarış keçiriləcək.
Yarışların siyahısını təqdim edirik:
• 29 yanvar 2022-ci il - Batut gimnastikası üzrə 6-cı, Tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı
• 24-25 fevral - Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı
• 16 mart - Bədii gimnastika üzrə 27-ci Azərbaycan Çempionatı
• 25-26 mart - Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı